Müdafiə Nazirliyinin Ermənistanın son təxribatı ilə bağlı ciddi xəbərdarlığı

post-img

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi–Xəlfəli–Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiririk ki, martın 5-də operativ məlumatlar əsa­sında Ermənistandan qanun­suz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləş­mələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun böl­mələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınla­şarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluq­çularımız avtomat silahlardan atəşə tutulub və nəticədə iki hərbçimiz şəhid olub, biri isə yaralanıb. Cavab atə­şi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib və biri yaralanıb. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaş­ları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.

İnsident nəticəsində yaralanan hər­bi qulluqçularımıza Rusiya sülhməram­lı kontingentinin nümayəndələri tərəfin­dən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlu­mat da həqiqəti əks etdirmir. Şəhidlə­rimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfin­dən həyata keçirilib.

Üçtərəfli Bəyanatın müddəaları­na zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayo­nundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və di­gər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasi­yası həyata keçirilir. Bu kimi qəbuledil­məz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontin­genti üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam et­dirilir. Dəfələrlə tərəfimizdən xəbərdar­lıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və əra­zimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluq­çularımız olur. Belə ki, martın 4-də Qa­rabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olub. 2021-ci ildə Ermənistanda istehsal olunan mi­naların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunub, Türkiyə–Rusiya birgə monitorinq mərkəzinin nü­mayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunub.

Ermənistanın və qanunsuz er­məni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumu­zun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azər­baycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilib.

Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin da­şınmasına, Ermənistan silahlı qüvvələ­rinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkə­mizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə, Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qa­nuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətin­də qalacaqdır.

Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiy­mətləndirilir.

Baş vermiş hadisələr və Ermənis­tanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam et­dirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir.

Son xəbərlər