Martın 6-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa və quruculuq işləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə ətraflı məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq imkanlarının olduğu vurğulanıb. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
***
Martın 6-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri zamanı BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı, ən az inkişaf etmiş ölkələrə göstərilən yardımlar, 130-a yaxın ölkəyə yardım proqramları barədə ətraflı məlumat verib. Azərbaycanın təqaüd və təlim proqramlarından faydalanmaq imkanları diqqətə çatdırılıb.
BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə ali nümayəndəsi Rabab Fatima rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb. Rabab Fatima Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əsaslı töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycanın yardım proqramlarının əhəmiyyət daşıdığı bildirilib.
***
Martın 6-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin direktoru Dima Əl-Xatib ilə görüşüb.
Görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji, sosial müdafiə, səhiyyə, təhsil və digər sahələrdə yardımların rolu, həmçinin bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ən az inkişaf etmiş ölkələrə həyata keçirdiyi yardımlar barədə ətraflı məlumat verib. Ölkəmizin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə tələbə təqaüd proqramlarının mövcudluğu diqqətə çatdırılıb.
***
Martın 6-da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb.
Görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov, eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib.
Nazir qarşı tərəfə bölgədə münaqişəsonrası vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.
***
Ceyhun Bayramov BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransında iştirakı çərçivəsində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Botçvey ilə də görüşüb.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Nazir ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) çıxış edib.
Konfrans çərçivəsində Azərbaycan Respublikası tərəfindən sözügedən ölkələrdə yoxsulluqla mübarizə, səhiyyə, təhsil və ətraf mühit kimi dayanıqlı inkişaf istiqamətlərində görülən işlərin və yardımların nümayişi məqsədilə sərgi təşkil olunub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”