Müdafiə Nazirliyinin mətbuat xidmətinin mediaya açıqlamasında bildirilib ki, Xankəndi–Xəlfəli–Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə nazirliyə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında həmin məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladılır ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.
Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
***
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə martın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində ölən və yaralananlar var. Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə təxribatçılar susdurulub.
Bu əməllər Azərbaycan–Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.
“Xalq qəzeti”