“The Korea Post” qəzeti Ermənistan-Azərbaycan normallaşma prosesindən yazıb

post-img

Cənubi Koreyanın nüfuzlu qəzetlərindən biri olan “The Korea Post” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun müsahibəsini yayıb.

AZƏRTAC xəbər verir ki, səfir R.Həsənov qəzetin əməkdaşının Azərbaycanın 2022-ci ildə müxtəlif sahələr üzrə inkişafına, cari ildə nəzərdə tutulan tədbirlərə və ölkənin prioritet sahələrinə, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinə, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə, ölkəmizdəki biznes və sərmayə mühitinə, turizm potensialına, habelə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərin hazırki vəziyyətinə və inkişaf perspektivlərinə dair suallarını cavablandırıb.

Diplomat Azərbaycanın sosial-iqtisadi inkişafı, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, nəqliyyat-logistika və digər sahələrin inkişafı istiqamətində görülən işlər, Ermənistanın 30 illik işğalı dövründə tamamilə dağıdılmış ərazilərdə hazırda həyata keçirilən yenidənqurma layihələri, o cümlədən Zəngəzur dəhlizi üzrə avtomobil və dəmir yolunun, hava limanlarının inşası, Azərbaycanda “Şuşa ili”ndə (2022) keçirilmiş və “Heydər Əliyev ili”ndə (2023) keçirilməsi nəzərdə tutulmuş mühüm tədbirlər, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki artan rolu, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın tranzit imkanları, rəsmi İrəvanın Ermənistan-Azərbaycan normallaşma prosesindəki qeyri-konstruktiv mövqeyi və təxribatçı fəaliyyəti, azad olunmuş ərazilərdə mina problemi barədə danışıb.

İki ölkə arasında ikitərəfli münasibətlərə toxunan səfir, Azərbaycanın Cənubi Qafqazda Cənubi Koreyanın ən böyük ticarət tərəfdaşı olduğunu, son illər ticarət dövriyyəsində əhəmiyyətli artımın müşahidə olunduğunu, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində Cənubi Koreya şirkətlərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq işlərində Koreya şirkətlərinin iştirakının da arzu olunduğunu vurğulayıb.

Şahin Cəfərov 
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət