Küveyt portalı: Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının nüfuzunu artırıb

post-img

Küveytin “q8-press” portalında martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü barədə geniş material yerləşdirilib.

Portal AZƏRTAC-ın xəbərinə istinadla oxuculara Zirvə görüşü, bu mötəbər tədbirdə iştirak edən dövlət və hökumət başçıları, müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verib. Materialda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamlara da toxunulub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Hərəkatın son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrildiyini, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış etdiyini bildirib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ilin mayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb, bu tədbirdə məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb.

Yazıda qeyd olunub ki, 2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Hərəkata sədrliyə başlayan və sədrliyinin müddəti daha bir il uzadılan Azərbaycan qlobal təşəbbüsləri ilə fərqlənib. Məhz Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkatın nüfuzu daha da artıb. Azərbaycanın sədrliyi dövründə BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar qlobal problemlərin həlli istiqamətində irəli sürülən təşəbbüslərə çox diqqətlə yanaşır, onların nümayəndələri Hərəkatın təşkil etdiyi Zirvə görüşləri və digər tədbirlərdə fəal iştirak edirlər. Sədrlik dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edilib, həmçinin Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb.

Materialda vurğulanıb ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın məqsədi Hərəkatda institusional davamlılıq yaratmaq və sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır. Qoşulmama Hərəkatının sədri çıxışında bildirib ki, bu Hərəkat BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

Materialda Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabahın Zirvə görüşündə iştirakı, tədbir çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla apardığı müzakirələr haqqında da məlumat verilib.

Siyasət