Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

post-img

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli fevralın 28-də Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Fəzail İbrahimli Azərbaycan və Ukrayna xalqlarının müstəqillik tarixlərində paralellərə diqqət çəkib. O, ölkələrimiz arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında siyasi dialoqun mühüm rol oynadığını vurğulayıb.

Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində qazandığı şanlı Zəfərinin əhəmiyyətindən söz açan Milli Məclis sədrinin müavini ölkəmizin haqlı mövqeyinin, ərazi bütövlüyünün Ukrayna dövləti və xalqı tərəfindən hər zaman dəstəklənməsini yüksək dəyərləndirib.

Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədri Vladimir Kreydenko səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını ifadə edib. O, Azərbaycanın ərazi bütövlüyünün Ukrayna tərəfindən prinsipial olaraq hər zaman dəstəkləndiyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrindən danışan V.Kreydenko müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu qeyd edib.

Sonra Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri Anton Şvaçko, Nikolay Qaluşko ölkələrimiz arasındakı münasibətlərə dair fikirlərini bölüşüblər.

Söhbətdə Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvü Naqif Həmzəyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə 1-ci katibi Yevqen Osadçi və digər rəsmi şəxslər iştirak ediblər.

Siyasət