Ermənipərəst konqresmen yenə separatçıları dəstəkləyir

post-img

“Amerikanın səsi” radiosunun məlumatına görə, erməni lobbisinin köhnə müştərisi Adam Şiff Azərbaycana qarşı sərt sanksiyaların tətbiq olunmasını, o cümlədən, ölkəmizə illik maliyyə yardımı ayrılmamasını tələb edib. Əlbəttə, ABŞ konqresmeninin bu fikirləri dövlət maraqlarına zidd olsa da, ölkə siyasətinin xüsusiyyətləri belə fikirlər səsləndirməyə şərait yaradır. Dövlət Departamenti rəhbərinin Azərbaycanın önəmindən danışdığı bir vaxtda, A.Şiff Cənubi Qafqaz regionunu 30 il terror yuvasına çevirmiş və hələ də təhlükə mənbəyi olaraq qalan Ermənistana dəstək verilməsi təklifini irəli sürüb.

Adam Bennett Şiff əslən yəhudi­dir. 1987-1993-cü illərdə Kaliforniya­nın Mərkəzi Bölgə Prokurorluğunun prokuroru işləyib. Harvard Hüquq Məktəbində hüquq doktoru dərə­cəsi alıb. Göründüyü kimi, sanballı elmi bazası var və beynəlxalq hüquq problemlərini yaxşı bilir. Amma siya­si karyerasını beynəlxalq hüquqdan üstün tutan A.Şiff erməni lobbisinin daimi müştərisinə çevrilib. Hər für­sətdə Azərbaycana böhtan atmağa çalışır, ABŞ-ı erməniləri dəstək­ləməyə çağırır. Amma ABŞ-da da özlərini ədalətin, məzlumun haqqı­nın müdafiəçisi sayanların da adları müxtəlif korrupsiya əməllərində hal­lanır. Uzun illərdir Birləşmiş Ştatlarda Konqresində erməni lobbisinin qatı müdafiəçisi Frank Pelloni, Adam Şiff, Robert Dold, Bred Şerman kimi konq­resmenlər, yaxud Barbara Bokser və Robert Menendes kimi senatorlar, eləcə də digərləri külli miqdarda er­məni vəsaitləri hesabına Azərbayca­na qarşı hər cür qərəzli sifarişi yerinə yetirirlər. 

Xatırladaq ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihə­sinə ermənipərəst demokrat kon-qresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frank Pelloni, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzə­liş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbay­cana yardımlarına qadağa qoyulma­sını özündə ehtiva edirdi. Ötən ilin dekabrında ABŞ Nümayəndələr Pa­latası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etmədi. 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanu­nu (NDAA) layihəsinə 350 nəfər səs vermişdi. Ancaq ermənipərəst kon- qresmenlər – demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və res­publikaçılardan Qas Bilirakis sənədi dəstəkləməmişdilər. 

Məlumdur ki, konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələri­nin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Adam Şiffin və digər ermənipərəst konqresmenlərin Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərmələrini də unutmadıq. Hüquq təhsili almış A.Şiff gözəl bilir ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və digər bey­nəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qara­bağ bölgəsinin və ona bitişik yeddi rayonun 30 il işğal altında saxlamış­dı. Halbuki, A.Şiff kimilər insanların hüquqlarına, ümumbəşəri dəyərlərə və qanunun aliliyinə sadiq olduqla­rını sübut etmək üçün Ermənistanı qanunsuz əməllərdən çəkindirməyə, işğal olunmuş ərazilərdən çəkilməyə və konstruktiv şəkildə sülh danışıq­larını davam etdirməyə çağıra bilər­dilər. Lakin ötən müddət ərzində A.Şiff kimi ermənipərəst konqres­menlər beynəlxalq hüququn yox, iş­ğalçı Ermənistanın qanunsuzluğuna bəraət qazandırmışdılar. A.Şiff kimi erməni lobbisinin müştəriləri bu bəd­nam siyasəti dəyişmir, əksinə, Er­mənistanın postmüharibə dövründə sərgilədiyi qeyri-konstruktiv mövqeyi dəstəkləyirlər.

Fevralın 8-də ABŞ Prezidenti Co Baydenin Konqresin hər iki palatası­na illik müraciəti zamanı Konqresdəki erməni lobbisinin veteranı Adam Şiff Ağ Ev sahibinin nitqini dinləmək üçün “DQR-in ABŞ-dakı daimi nümayən­dəsi” Avetisyanı dəvət etmişdi. A.Şiff düşünürdü ki, Co Bayden və Dövlət Departamenti, eləcə də “ABŞ-dakı və dünyadakı erməni diasporunun nümayəndələri Avetisyanın qanun­verici orqandakı varlığını Konqresin sülh tərəfdarı olmağı heç vaxt dayan­dırmayacağına dair güclü bir siqnal” kimi qiymətləndirəcəklər. Təbii ki, er­mənipərəst konqresmenin “bu siqna­lı” zalın divarlarından kənara çıxma­dı. Axı, qanundankənar “diplomat”ın Konqresdə olmasını necə “siqnal” kimi qəbul etmək olar?! Beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nü­mayiş etdirən amerikalı qanunverici A.Şiffi öz ərazi bütövlüyünü bərpa edən və postmüharibə dövrünün sülh gündəliyini dəstəkləyən Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır.

Təbii ki, Prezident Co Bayden Ad­ministrasiyası öncə ABŞ-ın maraqla­rını gözləyir. Ağ Ev də gözəl anlayır ki, beynəlxalq təhlükəsizliyin və ener­ji təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycanı Ermənis­tan ilə eyni tərəziyə qoymaq olmaz. Azərbaycanın geosiyasi və geoiqtisa­di ağırlığı çox böyükdür. Bu günlərdə ABŞ Dövlət katibi Antoni Blinkenin Yunanıstan səfəri çərçivəsində Azər­baycanın əhəmiyyətindən danışma­sı bunu təsdiqləyir. Belə ki, Afinada yunan həmkarı ilə keçirdiyi mətbuat konfransında dövlət katibi bildirib ki, Yunanıstan–Bolqarıstan qaz kəməri­nin işə düşməsi nəticəsində əvvəllər Rusiya qazından asılı olan Sofiya öz tələbatını tam şəkildə Azərbaycan­dan gələn tədarüklər hesabına ödəyə biləcək: “Yunanıstan ilə yeni qurul­muş interkonnektor Bolqarıstana bu mənbədən imtina etməyə imkan ve­rir. Nəticədə gələn il ölkə istehlak et­diyi qazın 100 faizini Azərbaycan və ABŞ-dan idxal edəcək”.

Qeyd edək ki, Yunanıstan–Bolqa­rıstan qaz interkonnektoru 2022-ci il oktyabrın 1-də istifadəyə verilib. Açılış mərasimində çıxış edən Azər­baycan Prezidenti İlham Əliyev bu layihəni “tarixi” adlandırmış və əlavə etmişdi ki, Yunanıstan–Bolqarıstan interkonnektoru Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilmə­sində və qaz təchizatının şaxələn­dirilməsində mühüm rol oynayacaq: “Avropanın enerji xəritəsini dəyiş­miş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəh­lizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cüm­lədən, yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. La­kin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda baş­layacaq və təchizat həcmlərinin artı­rılmasına töhfə verəcəkdir”

Göründüyü kimi, ABŞ hökumə­ti milli maraqlarından çıxış edərək, Azərbaycanın Qərbin enerji təh­lükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir. Bu ilin yanvarında Nümayəndələr Palatasının kəşfiy­yat komitəsindən uzaqlaşdırılan qatı ermənipərəst A.Şiffin çağırışları da yalnız seçkilərdə həmişə dəstək gör­düyü erməni lobbisini razı salmağa yarayır. 

 

S.ELAY, “Xalq qəzeti”

Siyasət