Ali Məhkəmə və Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu

post-img

Dünən Ali Məhkəmə və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

Ali Məhkəmənin sədri Ramiz Rza­yev qonaqları salamlayaraq bildirib ki, bu il fevralın 13-də Ali Məhkəmənin 100 illik yubileyi qeyd edilib. Həmçinin bu il mayın 10-da xalqımız müasir Azər­baycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşır. Müstəqil Azər­baycan dövlətində hər bir sahənin inki­şafı ilə yanaşı, Ali Məhkəmənin inkişafı da ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır. 

Sədr vurğulayıb ki, Ali Məhkəmə Bakı Dövlət Universiteti ilə uzun illərdir ki, əməkdaşlıq edir. Hər il Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan xeyli sayda tələbə Ali Məhkəmədə, eləcə də ölkəmizin digər məhkəmələrində təcrübə proqramların­da iştirak edirlər. 

Memorandumun imzalamasında əsas məqsədin mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndi­rilməsi və inkişaf etdirilməsi olduğunu vurğulayan Ali Məhkəmənin sədri, gələ­cəkdə birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsinin nəzəri və təcrübi biliklərin daha da artı­rılmasına töhfə verəcəyini bildirib. 

Bakı Dövlət Universitetinin rekto­ru Elçin Babayev Anlaşma Memoran­dumunun Bakı Dövlət Universitetinin tələbələri üçün Ali Məhkəmədə təcrü­bə keçmək imkanı yaratmaqla onların bilik və təcrübələrinin artırılmasına bö­yük töhfə verəcəyini vurğulayıb. Rek­tor bildirib ki, Ali Məhkəmənin hüquq sahəsində çox böyük təcrübəsi var. Universitetin hüquq fakültəsinin profes­sor-müəllim heyəti və tələbələri bu təc­rübədən yararlanmalıdırlar. 

Azərbaycanda hüquq və digər sahələrdə nəzəri və təcrübi biliklərin ar­tırılmasına yeni impuls verəcək əmək­daşlıq haqqında Anlaşma Memoran­dumunu Ali Məhkəmənin sədri və Bakı Dövlət Universitetinin rektoru imzala­yıblar.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər