Qazaxıstan Daxili İşlər Nazirliyinin heyəti Azərbaycanda

post-img

Qazaxıstanın Daxili İşlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti dünən ölkəmizə ikigünlük rəsmi səfərə gəlib.

İkitərəfli görüşdə Azərbaycan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu səfərin iki dost ölkənin daxili işlər orqanları arasında əmək­daşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Nazir hər iki dövlət başçılarının müəy­yənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dina­mik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əmək­daşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

Polis general-polkovniki Marat Axmetjanov ölkəsindəki mövcud kri­minogen durum, cinayətkarlıqla mü­barizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərinin bu məqsədə xidmət etdiyini bildirib.

Sonra nazirlər “Azərbaycan Res­publikasının Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında Memorandum”u im­zalayıblar.

Qəbulda ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxısta­nın Azərbaycandakı səfiri Serjan Abdı­karimov və Azərbaycan Daxili İşlər Na­zirliyinin Qazaxıstandakı nümayəndəsi Ənvər Zöhrabbəyli iştirak ediblər. 

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi his­səsinə, Polis Akademiyasına, Təhlükə­siz Şəhər Xidmətinə və “102 – Zəng Mərkəzi”nə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.

Son xəbərlər