NDU tibb fakültəsi ilə tanışlıq

post-img

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin fəaliyyəti ilə yaxında tanış olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, sədrin birinci müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirak etdiyi görüş zamanı qonaqlara ali təhsil müəs­sisəsinin tibb fakültəsi haqqında ətraf­lı məlumat verilib. Bildirilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliy­yətinə daim dövlət dəstəyi göstərilir. Bu gün tibb fakültəsi üçün ayrıca bina və xəstəxananın mövcudluğu peşəkar kadr hazırlığına öz töhfələrini vermək­dədir. 

Qeyd edilib ki, tibbi kadrların ha­zırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültə­nin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyalarının qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvan­da hətta onun hüdudlarından kənarda –Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam et­dirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.

Qonaqlar fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əc­zaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki labora­toriyaları ilə də tanış olublar.

Son xəbərlər