İran mühacirləri Münxen konfransından dəstək istədi

post-img

Dünən Almaniyanın Münxen şəhərində yaşayan iranlılar şəhərin mərkəzi küçələrində İran rejiminə qarşı kütləvi etiraz aksiyası keçiriblər. 


Xarici mediada bu barədə yayılmış xəbərlərdə bildirilir ki, aksiya iştirakçıları “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Rədd olsun diktatura!”, “Qadınlara azadlıq!” kimi şüarlar səsləndiriblər. Qeyd edilir ki, ötən ilin sentyabrından İranda başlayan kütləvi aksiyaların artıq 6 aydır həbslərə və edamlara baxmayaraq, davam etməsi bu ölkədə daxili vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir. 


Kütləvi aksiya iştirakçılarına qarşı törədilən vəhşilik və qəddarlıq dünya ictimaiyyətini də narahat etməyə başlayıb. Münxendə iranlı miqrantların kütləvi aksiya keçirməsi təsadüfi deyil. Bildiyimiz kimi, bu gün burada  hər il keçirilən Təhlükəsizlik Konfransı işə başlayıb. Konfransda Avropa və Asiya dövlətlərinin liderləri, tanınmış ictimai-siyasi xadimlər, dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri iştirak edirlər. Aksiya iştirakçılarının məqsədi də dünyanın siyasi elitasının diqqətini İranda baş verən haqsızlıqlara və qanunsuzluqlara cəlb etməkdir.  


Xatırladaq ki, ötən ilin sentyabrında başlayan kütləvi aksiyalar İranın irili-xırdalı bütün şəhərlərində davam edir. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib, banklar, inzibati binalar dağıdılıb, polis və təcili tibbi yardım avtomobilləri yandırılıb. Aksiya iştirakçılarını iğtişaşlara sövq edən əsas səbəb hökumətin onları “terrorçu”, “xarici dövlətlərin agentləri” adlandırması və göstərilən qəddarlıq olub. Bu günədək qarşıdurmalarda 500-ə yaxın aksiya iştirakçısı və təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı həlak olub. Həbs olunanların sayı 15 mini ötüb, 100-dən çox şəxs edam edilib.


Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, İranda davam edən kütləvi aksiyalar heç də təkcə qadın hüquqlarının müdafiəsi və bu kimi digər məsələlərlə bağlı deyil, insanlar artıq beziblər və rejimin dəyişməsini istəyirlər.


Dünən İranın böyük şəhərlərində də kütləvi aksiyalar davam edib və Münxen yürüşündəkinə bənzər şüarlar səsləndirilib. 


Gunaz TV-nin verdiyi məlumata görə,  ölkədə aksiyalar yenidən artmağa başlayıb. Fevralın 16-dan 17-ə keçən gecə Tehrandan başlayan etiraz aksiyaları İranın onlarla şəhərinə yayılıb. Məlumatda bildirilir ki, Tehran, İsfahan, Məşhəd, Kərəc, Təbriz, Sənəndəc və başqa bir neçə şəhərdə hökumət əleyhinə nümayişlər keçirilib. Təbrizdə baş tutmuş etiraz aksiyasında daha çox insan iştirak edib. 


Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub, bir neçə avtomobil yandırılıb. İnsan haqları müdafiəçiləri onlarla etirazçının hüquq-mühafizə qüvvələri tərəfindən həbs edildiyini, bir neçə nəfərin yaralandığını bildiriblər.

 

“Xalq qəzeti”





Siyasət