Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon (üç milyon beş yüz min) manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400,0 (dörd yüz) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400,0 (dörd yüz) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400,0 (dörd yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400,0 (dörd yüz) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400,0 (dörd yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2026-cı il

Sərəncamlar