TƏBİB-in "Mentor Klinika" layihəsi çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə travmatoloji əməliyyat icra olunub.
Bu barədə XQ-yə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, cərrahi prosedur yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü (kişi) pasiyent üzərində həyata keçirilib.
Pasiyentə sol üçbaşlı əzələ vətərinin dirsək oynağı səviyyəsində tama yaxın qopması diaqnozu təyin olunub və vətər təmiri (plastikası) əməliyyatı tövsiyə olunub.
Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, "Mentor Klinika" layihəsi çərçivəsində Respublika Klinik Xəstəxanasının 40-dan çox həkimi yanvar ayı ərzində mərhələli şəkildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək.
Həkimlər tibb müəssisəsində kadr çatışmazlığı müşahidə olunan travmatoloq-ortoped, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostikası üzrə həkim, terapevt, mama-ginekoloq və digər ixtisasları əhatə edəcək.

