İnsanların qidalanmasında meyvə çoxluğu orqanizmə mənfi təsir edə bilər. Həddindən artıq meyvə qəbul etmək, xüsusilə, yaşlı və ahıl insanlara ziyandır. Mütəxəssis – dietoloqlar bildirirlər ki, yaşlı insanlara gün ərzində iki meyvədən çox yemək tövsiyə olunmur. Bu qaydanın pozulması yaşlı insanlarda fruktozanın artmasına səbəb ola bilər ki, bu da qaraciyər piylənməsinə gətirib çıxarar. Bu, necə baş verir?
Növündən asılı olmayaraq eyni, yaxud müxtəlif meyvəni həddindən çox qəbul etdiyimiz zaman orqanizmə çoxlu miqdarda fruktoza daxil olur. Qaraciyər həmin fruktozanı kompensasiya etməyə çalışır. Son nəticədə orqan funksiyasını normal yerinə yetirmir və alkoqolsuz hepatoz, yəni qaraciyər piylənməsi başlayır və inkişaf edir.
Bundan əlavə, mütəxəssislər onu da qeyd edirlər ki, çox miqdarda meyvə və fruktoza nəinki yalnız qaraciyər piylənməsinə, həmçinin artıq çəki və diabet, eləcə də, allergiyanın yaranmasına səbəb olur.
Z.HÜSEYN, “Xalq qəzeti”