Hemodializ – son, yoxsa həyata davam…

post-img

Statistikaya görə son zamanlar böyrək xəstələrinin sayı hissolunan qədər artıb. Чəstəlik özünü yüksək təzyiq və ürək bulanma ilə  göstərir və qanda kreatinin miqdarı artır.

Böyrək problemlərinin yaranma səbəblərinə Nizami Tibb Mərkəzi nəzdində Azərsu xəstəxanasının hemodializ  şöbəsinin nefroloqu Cavid Muradov aydınlıq gətirib:

– Böyrəklərin xroniki xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Başlıca səbəb kimi uzunmüddətli hipertenziya və şəkərli diabeti göstərmək olar. Bəzi xəstələr uzunmüddətli dərman qəbulu, böyrəklərdə kista, böyrəyin infeksion xəstəlikləri və böyrək daşı xəstəliyindən əziyyət çəkdiklərini bildirirlər. Xəstəliyin yaranmasında genetik amil də rol oynayır. Bu xəstəliklər vaxtında aşkar olunub müalicə olunarsa ağırlaşmaların qarşısını almaq olar.

– Böyrək xəstəlikləri tamamilə müalicə edilirmi?

– Müəyyən qədər müalicə olunur. Amma kəskin başlayan böyrək xəstəliyi vaxtında müalicə olunmazsa, xroniki hala keçir. Bu da zaman keçdikcə böyrək çatışmazlığına gətirib çıxarır və hemodializ müalicəsi qaçılmaz olur. Xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün xəstə mütəmadi olaraq ultrasəs müayinəsindən keçməli və qan təhlilləri aparılmalıdır.

– Son illərdə hemodializ sahəsində hansı yeniliklər var?

– Dövlətimiz hemodializ xəstələrinə yetərincə vəsait ayırır. Seansların həftədə 3 dəfə 4 saatlıq keçirilməsi üçün filtrlər, istifadə olunan məhlullar, xəstələr üçün dərman maddələri dövlət tərəfindən təmin olunur. Xəstələr komissiyaya müraciət edərək yaşadıqları əraziyə yaxın tibb müəssisələrində hemodialız şöbəsinə yerləşdirilir. İcbari Tibbi Sığorta hesabına müayinələrdən keçirlər. Ehtiyac olduqda xəstələr EKQ olunur, nevropatoloq, endokrinoloqdan məsləhət alırlar.

– Hemodializə ehtiyacı olan xəstələrlə işləmək sizə çətin gəlmir ki?

– Həftənin 6 günü işə gəlirəm. Bilirəm ki, gözləyənlərimiz var. Onların gözünü yolda qoymağa haqqım yoxdur. Şöbədə hemodializlə yanaşı, böyrəklərin müayinə və müalicəsi ilə  də məşğuluq. İşimi sevirəm. Xəstələrlə ünsiyyət qurmaq və onlara məsləhətlər verməyi özümə borc bilirəm.

– Böyrək çatışmazlığından əziyyət çəkənlərə tövsiyəniz...

– Hemodializ son demək deyil. İstərdim ki, xəstələr depressiyaya düşməsinlər. Şöbəmizdə Çiçək xanım Əhmədovanın nəzarəti altında xəstələrimizin düzgün dializ alması üçün hər bir şərait yaradılıb. Biz bir ailə kimiyik. Xəstələr dializə bir iş kimi baxsınlar. Pəhriz saxlamaqla vaxtında qan analizləri versinlər və qəbul etdikləri dərmanlarla bağlı həkimlə məsləhətləşsinlər. Ən əsası mümkün olduqda, bizim məsləhətimizlə transplantasiya barədə də düşünsünlər, özlərini bu prosesə hazırlasınlar... 

Müsahibəni aldı:
Aysu İmran, 
BDU-nin jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi

Səhiyyə