Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılmaqdadır. Özbəkistanda fəaliyyət göstərən ingilisdilli və rusdilli media orqanları da Azərbaycan Prezidentinin səfərini diqqət mərkəzində saxlayır.
AZƏRTAC xəbər verir ki, ingilisdilli “Tashkent times” saytında dərc olunan materialda Özbəkistan və Azərbaycan liderləri arasında yaxın dostluq münasibətlərinin olduğu, bunun dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük imkanlar yaratdığı vurğulanır. Diqqətə çatdırılır ki, hər iki ölkə beynəlxalq iqtisadi layihələri birgə həyata keçirməyə başlayıblar.
“Uznews” saytı yazır ki, iki ölkə arasında enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin inkişafı dövlətlər arasındakı əlaqələri yaxınlaşdırmaqla yanaşı, iqtisadi baxımdan da tərəflərə faydalı olacaq. Çindən Avropaya uzanan beynəlxalq əhəmiyyətli tranzit yolların hər iki dövlətin ərazisindən keçməsi birgə fəaliyyəti zərurətə çevirib. Prezidentlər regionun coğrafi mövqeyini düzgün qiymətləndirərək tranzit sahəsində əməkdaşlığı davam etdirirlər.
“Uz Daily” agentliyinin materialında qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında bir sıra sənədlər imzalanıb. İmzalanan sənədlər iki ölkə arasında insan hüquqlarının qorunması, iqtisadi ticarət, mədəniyyət, turizm və digər sahələri əhatə edir.
“Газета.уз” internet qəzetində dərc olunan yazıda vurğulanıb ki, son illər ərzində Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini, beynəlxalq platformalarda birgə fəaliyyəti genişləndirmək istəyirlər. Hər iki ölkənin prezidentinin iqtisadi inkişaf istiqamətində siyasət yürütmələri dövlətlər üçün səmərəlidir. Qarşılıqlı faydalı əməkdaşlıq iqtisadi inkişafa və siyasi gücün artımına xidmət edir.
“Курсив” informasiya saytı “Özbəkistan ilə Azərbaycan müttəfiq oldular” sərlövhəli materialda qeyd edib ki, perspektiv inkişafı nəzərə alan hər iki ölkənin liderləri yalnız iqtisadi deyil, siyasi sahədə də birgə addımların əsasını yaratdılar. Bu iki ölkə Türk Dövlətləri Təşkilatı, MDB, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir.
Özbəkistanın “Uza.uz” dövlət informasiya agentliyinin dərc etdiyi məqalədə prezidentlərin biznes strukturlarının nümayəndələri ilə görüşünə diqqət çəkilib. Qeyd olunub ki, görüşdə çıxış edən Prezident Şavkat Mirziyoyev iş adamlarının, şirkət və müəssisələrin qarşılıqlı əməkdaşlığının çox vacib olduğunu vurğulayıb. Deyib ki, bu əməkdaşlığı genişləndirmək üçün dövlət lazım olan bütün imkanları yaradacaq. Azərbaycan Prezidenti isə qeyd edib ki, hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir və bu istiqamətdə biznes strukturları daha fəal olmalıdırlar.
Rusdilli “Podrobno.uz” agentliyinin məlumatında göstərilib ki, Prezident Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev iri tikinti layihələrinin əsasını qoyublar. İki ölkə arasında dəyəri 2 milyard dollar olan müqavilələr imzalanıb. İmzalanan müqavilələrə əsasən, Daşkənddə mehmanxana və yaşayış kompleksləri, Azərbaycanda isə tikiş və digər istehsal sahələri inşa olunacaq. Bu layihələr hər iki ölkədə yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.
Bunlardan başqa Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri “Qalampir”, “Upl”, “Uzreport”, “Kun.uz”, “Daryo” “Zamon”, “Anhor”, “Nova 24”, “Yuz.uz” və başqa internet resursları tərəfindən də geniş formada işıqlandırılıb.
Özbəkistan mətbuatında Azərbaycan Prezidentinin səfəri barədə dərc olunan materialların təhlili onu deməyə əsas verir ki, rəsmi Daşkənd və özbək xalqı dövlətimizin başçısının səfərini yüksək qiymətləndirir, dövlətlər arasındakı münasibətlərin inkişafına və hər iki ölkənin prezidentinin dostluq münasibətlərinə böyük dəyər verir.