Avqustun 20-dən 23-dək Qazaxıstanın Almatı vilayətindəki Jetısu rayonundakı Koktal poliqonunda keçirilən “Altın kıran - 2024” (“Qızıl qartal-2024”) Azərbaycan-Qazaxıstan beynəlxalq taktiki-xüsusi təlimləri başa çatıb.
Qazaxıstan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə bu ölkənin Hava Desant-Hücum Qoşunlarının və Azərbaycan Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə baş tutub.
Məlumatda qeyd edilir ki, təlimlərdə 50-dən artıq Azərbaycan, 250-dən çox Qazaxıstan hərbçisi iştirak edib.
Məlumatda bildirilir ki, təlimlər zamanı dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qeyri-qanuni hərbi birləşmələrin aşkar edilməsi həyata keçirilib. Azərbaycan ordusunun hərbçiləri Vətən müharıbısində və başqa uğurli əməliyyatlarda qazandıqları təcrübəni qazaxıstanlı hərbçilərlə bölüşüblər.
Azərbaycan və Qazaxıstan desantçıları üç gün ərzində dağlıq ərazidə kəşfiyyat tapşırıqlarını da yerinə yetiriblər.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Almatı