Sloveniyanın Maribor şəhərində Xocalı qurbanlarının xatirəsi yad edilib

post-img

Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbiri Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı qurbanlarına həsr olunmuş xatirə lövhəsi önündə keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Sloveniya ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Serşen və digər rəsmi şəxslər iştirak ediblər.

Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek çıxış ediblər.

Azərbaycan Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli tədbir iştirakçılarını Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifəsi olan 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə məlumatlandırıb. Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımının xüsusi amansızlığına diqqət çəkilib. Səfir bu faciənin Azərbaycan mülki əhalisinə qarşı törədilmiş yeganə cinayət hadisəsi olmadığını bildirərək, münaqişə dövründə Azərbaycanın bir çox başqa şəhər, qəsəbə və kəndlərində dinc sakinlərin oxşar vəhşiliklərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin deputatı Qaya Məmmədov Xocalı qətliamının və onun ağır nəticələrinin unudulmamasının vacibliyinə diqqət çəkərək, Maribor şəhərinin meriyası və Sloveniya hökumətinə Xocalı qurbanlarının xatirəsinə hörmətə görə təşəkkür edib.

Çıxışlarda ədalətin zəfər çalmasının regiona sülh, normallaşma və barışıq ümidləri gətirdiyi qeyd olunub və Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasında maraqlı olduğu vurğulanıb.

Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela Azərbaycan xalqına və Xocalı qətliamının qurbanlarının ailələrinə başsağlığı verərək, eyni zamanda, faciənin insan həyatı üçün uzunmüddətli mənəvi nəticələrinə, günahsız dinc insanların müharibə qurbanları olmamasının vacibliyinə diqqəti yönəldib.

Sonra Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyulub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana





Qanunlar