Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına Azərbaycanın “Əməkdaşlığa görə” döş nişanları təqdim edilib

post-img

 2024-cü il  dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi ilə bağlı aparılan qəza-xilasetmə əməliyyatında iştirak edən Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (QFHN) 10 əməkdaşı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilmiş işçilərinə mükafatlar təqdim olunmuşdur . 

Mangistau Vilayət Administrasiyasının binasında keçirilən tədbirdə vilayət akimiyyətinin, QFHN-nin vilayət departamentinin, Aktau şəhərinin, Qazaxıstan Daxili İşlər Nazirliyinin vilayət departamentinin rəhbərləri, jurnalistlər iştirak edib. 

Tədbirdə Azərbaycanın Aktaudakı Baş konsulu Ayxan Süleymanlı Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunduğunu, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım göstərildiyini, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyini bildirib.

Baş konsul tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hadisə baş verən gün vilayət rəhbərliyi tərəfindən baş konsulluğun divarı önünə bir neçə masa qoyulmuş, üzərinə gül çələngləri düzülmüşdür.  

Deyilib ki,  yerli sakinlər xəstəxanaya axın edərək könüllü qan vermişlər ki, çətin gündə bunu  ancaq qardaş xalq  edə bilərdi.

A.Süleymanlı çıxışının sonunda faciə zamanı göstərilmiş köməyə görə dövlətimiz və xalqımız adından və öz adından Mangistau vilayətinin akimi Nurdaulet Kilıbaya, vilayətin güc strukturlarının rəhbərlərinə, əməkdaşlarına, tibb işçilərinə, hadisə zamanı yardım edən qardaş qazax xalqının nümayəndələrinə dərin təşəkkürünü bildirib və Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Sonra baş konsul qəzaya uğramış təyyarəmizin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq, canıyananlıq nümayiş etdirən QFHN-nin əməkdaşlarına Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adından döş nişanları təqdim edib. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau 









Sosial həyat