Azad olunmuş əzəli torpaqlarımız gülüstana çevrilir

post-img

44 günlük Zəfər savaşında Ali Baş Komandan kimi özünün qətiyyəti və hərbi istedadı ilə düşməni diz çökdürən İlham Əliyev bu gün qurucu Prezident kimi də dünyanı heyrətə gətirməkdədir. Ən inkişaf etmiş dövlətlərin belə iqtisadi böhran şəraitində olduğu bir zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti-quruculuq işləri böyük qələbəmiz qədər fövqəladə əhəmiyyətə malikdir.

Ağdam və Xankəndiyə səfəri çərçivəsində Prezident İlham Əliyevin Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığından sonra kəndə köçən bir qrup sakinlə görüşü xalqımıza qürurlu anlar yaşatdı. 

Prezident qeyd etdi ki, Ballıca kəndinin bərpası artıq son mərhələdədir. 137 ev artıq bərpa edilib və burada 460 keçmiş köçkün yerləşib. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdıb. Qarabağ, Şərqi Zəngəzur bölgəsi dirçəlir. Azərbaycan öz imkanları hesabına düşmən tərəfindən viran olunmuş əzəli torpaqlarımızı gülüstana çevirir. Geniş quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan soydaşlarımız tam təhlükəsiz, xoşbəxt bir həyat yaşayırlar. Uzun illər Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmağı dövlətimizin borcu hesab edən ölkəmizin başçısı vurğuladı ki, işğal altında olan bütün torpaqlar bərpa edilir.

Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz olduğunu bildirən dövlətimizin başçısı tarixi qələbəmizdən sonra təkcə Xocalı rayonunda deyil, azad olunmuş bütün ərazilərimizdə böyük işlərin görüldüyünü diqqətə çatdırdı. 

Prezident Vətən müharibəsindən danışaraq  bəyan etdi ki, Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. Bunu bacardıq.
Ballıca kəndi isə bərpa olunaraq keçmiş köçkünlərin ixtiyarına verilmiş 10-cu yaşayış məntəqəsidir. Bu da Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir.
Görüşdə uzun həsrətdən sonra doğma yurduna qayıtmış Ballıca sakininin zəfərimizin memarı Prezident İlham Əliyevə xitabən “dünya tarixində belə bir şey yoxdur, 300 ildən çox, 500 ildən çox bir qarış torpaq geri qaytarılsın. Xalqımız Sizə nə qədər təşəkkür etsə azdır” sözləri təkcə adi bir minnətdarlıq deyildi. Eyni zamanda Azərbaycan liderinə yüksək məhəbbət hissinin, ümumxalq sevgisinin parlaq ifadəsi idi.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfəri tək bu ərazilərin abadlıq və quruculuq işlərinə yüksək dövlət qayğısının göstəricisi kimi deyil, həm də xalqın 2 əsrlik tarixini Zəfər möhürü ilə dəyişən liderinə tükənməz sevgisi ilə diqqət çəkir. 

Bu gün Azərbaycanda Prezident və xalq arasında elə bir birlik mövcuddur ki, nəinki bölgədə, hətta bütün dünyada bunun oxşarına rast gəlmək mümkün deyil. 

Bir sözlə, Azərbaycan lideri öz fəaliyyəti ilə yalnız ölkənin inkişaf və yüksəliş tarixini yazmır, həm də dünya dövlət başçılarına həqiqi lider nümunəsini göstərir.


Rəşad Mahmudov, 
Milli Məclisin deputatı



Siyasət