Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci, 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138; Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli və 23 aprel tarixli 1141-VIQD nömrəli qanunları) 50-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 50.1.6-cı maddədə “xüsusi razılıq (lisenziya)” sözləri və “belə razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 50.1.6-1-ci maddə əlavə edilsin:

“50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi;”.

Maddə 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.0.5-ci maddəyə “sənədləri” sözündən sonra “və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışı” sözləri əlavə edilsin;

2.2. 92.2.3-cü maddəyə “sənədlərlə” sözündən sonra “və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla” sözləri əlavə edilsin.

Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16) aşağıdakı məzmunda 18.66-3-cü maddə əlavə edilsin:

“18.66-3. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi – 150 manat.”.

Maddə 4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I) 3 nömrəli əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na aşağıdakı məzmunda 71-1-ci maddə əlavə edilsin:

“71-1. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış;”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 may 2024-cü il

Qanunlar