MEK-də “Qan yaddaşımız: 20 Yanvar” adlı tədbir keçirilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar “Qan yaddaşımız: 20 Yanvar” adlı tədbir keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov tariximizin ən qanlı, eyni zamanda ən şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin nəinki hər bir azərbaycanlının yaddaşında, həm də millətimizin azadlıq mübarizəsinin ilham mənbəyində əbədi yaşayacağını vurğulayıb. Natiq qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, vətənə bağlılığını və haqq yolunda öz qanı bahasına mübarizə aparmağa hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

"Şəhidlərimizin əziz xatirəsi bu gün bizim milli qürur mənbəyimizdir: Vətənə, torpağa sevgini övladlarımıza daim aşılamalıyıq ki, illər ötsə də, nəsillər dəyişsə də, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi ürəklərdə əbədi yaşasın, şəhidlər heç vaxt unudulmasın!”, - deyə MEK rəhbəri vurğulayıb.

Şəhidlərin qanının yerdə qalmadığını bildirən Hüseyn Hüseynov həmin hadisələrdən ötən tarixi zamanda xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər edərək, Ali Baş Komandan İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatdığını, Qarabağda işğal altında olan torpaqlarımız üzərində suverenliyimizin bərqərar olunduğunu qeyd edib.

Daha sonra MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siy.e.ü.f.d. Züriyə Qarayeva “20 Yanvar faciəsinin tarixinə qısa baxış” adlı məruzəsi ilə bu faciəni tarixi və siyasi aspektdən təhlil edib. Z.Qarayeva qeyd edib ki, İmperiya boyunduruğundan qurtulmağa çalışan Azərbaycan xalqı təxminən 200 illik rus müstəmləkçiliyi ilə savaşın nəticəsi olaraq yarımçıq qalmış milli quruculuğunu tamamlamağa müvəffəq oldu: “Bu tarixi zaman içində baş verən savaşlar, etirazlar-Azərbaycan istiqlalının yenidən əldə olunmasına xidmət etdi. Bu mənada XX əsrin sonlarında İstiqlal mübarizəmizin qızıl rəqəmlərlə yazılan mühüm tarixi günləri var: 1988-ci ilin 17 noyabrı ilə başlamış “Milli Dirçəliş Günü”, bu hərəkatın kütləvi çoxmilyonlu dalğasına çevrilən və 1991-ci ilin 18 oktyabrında müstəqil dövlətçiliyimizin bərpası - Azərbaycan Respublikasının suverenliyini şərtləndirən “Müstəqillik Günü” və ona aparan 1990-cı il “20 Yanvar” hadisəsi. Beləliklə, 20 Yanvar xalqımızın milli kimlik təfəkkürünün kütləvi şəkildə oyanmasında, yenidən formalaşmasında böyük rol oynadı”.

“20 Yanvar: Azərbaycan radiosu. Dünya faciəni dalğalardan eşitdi” adlı məruzəsini təqdim edən Nadir kitablar şöbəsinin əməkdaşı, fil.ü.f.d. Şəlalə Quliyeva həmin dövrün canlı şahidi kimi çıxış edərək, heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırıb. MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksana Səfərzadə isə 20 Yanvar müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixindən bəhs edib.

MEK-in Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva, Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev və digər çıxış edənlər bu faciənin xalqımızı sındırmadığını, əksinə daha da mübarizləşdirdiyini, azadlıq, vətənini sevən və haqq yolunda sarsılmaz bir millət olduğuna bütün dünyanın şahidlik etdiyini bildiriblər.















Qan yaddaşı