Xocalı faciəsi Türkiyədə anıldı

post-img

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türkiyə Böyük Millət Məclisinin himayəsi altında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Xocalı Soyqırımı foto sərgisi və anma mərasimi keçirilib. Mərasimdə şəhidlərin xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. 

Bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü,  TADİV -in rəhbəri professor Aygün Attar müxbirimizə bildirib. O, qeyd edib ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Hər il bu kimi  mərasimlərin keçirilməsi bu qanlı hadisənin tarixinin öyrənilməsində,  Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. 32 il əvvəl törədilən vəhşi soyqırımı ilə bir şəhərdən etnik kimliyin silinməsinə səbəb olan qatillərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik. Həmin gün Xocalıdakı görüntülər təqdim olunsa da, bütün dünya lal-kar qaldı. Biz ədalət çağırışımızı yenidən təzələyirik. Bir təşkinliyimiz var ki, üçrəngli bayraq artıq Xocalıdadır, Qarabağdadır.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ankarada üçüncü  anma mərasimində iştirak etdiyini və bunun türk millətinin Azərbaycanın yaşadığı ağrı və kədərə verdiyi böyük dəyər və hörmət olduğunu vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin baş katibi Talip Uzun da 32 il əvvəl Xocalıda başlanan qırğın və soyqırımın 1995-ci ildə Bosniya və Herseqovinada davam etdiyini bildirib.

Xocalı Soyqırımı ilə bağlı anım mərasimlərinin təşkilinin kifayət etməyəcəyini deyən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım deyib ki, artıq konkret işlərin görülməsi vaxtıdır. "Xocalıya ədalət" kampaniyasına start verilib. Soyqırımı törədənlər ədalət qarşısında cavab verəcəklər. İnşallah, bu nizam dəyişəcək və daha ədalətli bir dünya yaşanacaq. Bunun liderləri də  Azərbaycan və Türkiyə olmaqla Türk dünyası dövlətləri olacaq. Biz artıq 30 il əvvəlki Türkiyə və Azərbaycan deyilik.

Mərasimdə Ankara Universitetinin rektoru Necdet Ünüvar, Türkiyənin baş ombudsmanı Şərəf Malkoç, Baş ombudsman Şərəf Malkoç, alimlər, TBMM-nin əməkdaşları və tələbələr iştirak ediblər. 

XQ

 









Qan yaddaşı