Mübarizə və qəhrəmanlıq sərhəd tanımır

post-img

20 Yanvar faciəsinin qurbanları xaricdə də ehtiramla yad edildi

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı xarici ölkələrdə çoxsaylı tədbirlər keçirilib.

Çin

“XQ”nin məlumatına görə, Azərbayca­nın Çindəki səfirliyində keçirilən anım mə­rasimində bu ölkədə yaşayan soydaşları­mız iştirak ediblər. Səfir Bünyad Hüseynov faciənin səbəbləri və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı geniş məlu­mat verərək bildirib ki, dövlətin öz əliyalın vətəndaşlarının üzərinə ağır zirehli hərbi texnika göndərməsi, dinc əhalinin güllə­baran edilməsi misli görünməmiş qanlı cinayət idi. SSRİ rəhbərliyi qətliamı giz­lətməyə çalışsa da, Heydər Əliyevin qə­tiyyəti nəticəsində faciə dünya ictimaiyyə­tinin diqqətinə olduğu kimi çatdırılıb, ona hüquqi-siyasi qiymət verilib. Diplomat vur­ğulayıb ki, 20 Yanvar hadisələri Azərbay­can tarixində böyük rəmzi məna daşıyan şanlı səhifələrdən biridir. Həmin hadisələr zamanı onlarla mülki şəxsin öldürülməsi, yaralanması və həbs olunması xalqımızı qorxutmayıb, əksinə, daha sıx birləşdirib.

Rusiya

Azərbaycanın Rusiyadakı səfirliyin­də keçirilən toplantı səfir Polad Bülbü­loğlu və səfirlik əməkdaşlarının diplo­matik nümayəndəliyin girişində faciə qurbanlarına həsr olunan bannerin qar­şısına gül qoymaları ilə başlayıb.

Bildirilib ki, ulu öndər 1990-cı il yanva­rın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək bu­rada mətbuat konfransı keçirib, törədilən cinayətləri kəskin şəkildə pisləyib, onları dinc əhaliyə qarşı terror adlandıraraq, si­yasi-hüquqi qiymət verilməsini və səbəb­karların cəzalandırılmasını tələb edib, bu­nunla da Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib.

P.Bülbüloğlu çıxışında həmin qanlı günlərdə baş verənləri ətraflı təsvir edib, eləcə də öz xatirələrini bölüşüb.

***

Sankt-Peterburqda keçirilən tədbir “Sankt-Peterburq və Leninqrad vilayə­tinin Azərbaycan Milli-Mədəni Muxta­riyyəti” ictimai təşkilatı və şəhərdəki baş konsulluğumuz tərəfindən birgə təşkil edilib.

Baş konsul Sultan Qasımov çıxış edərək, o qanlı gecədə baş verən ha­disələrdən danışıb.

Fransa

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayən­dəliyin birgə təşkilatçılığı ilə Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Səfir Leyla Abdullayeva, daimi nü­mayəndə Elman Abdullayev, Fransadakı diplomatlarımız Sen-Klu qəbiristanlığına gələrək, Azərbaycan Xalq Cümhuriyyə­ti hökumətinin Versal sülh konfransında iştirak etmiş nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun, nümayən­də heyətinin üzvü Ceyhun Hacıbəyovun məzarlarını ziyarət edib və əklil qoyublar.

Sonra Azərbaycan xalqının milli azad­lıq və ərazi bütövlüyü uğrunda mübarizə­sindən danışılıb. 20 Yanvarın yaddaşlara həm hüzn və qürur, həm də milli azadlığın oyanış günü kimi həkk olunduğu vurğula­nıb. Bildirilib ki, 44 günlük Vətən mühari­bəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. 20 Yanvar, eləcə də Qarabağ müharibəsi şə­hidlərinin qisası alınıb.

***

Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icması üzvlərinin iştirakı ilə baş tutan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi nümayəndə Fəxrəddin İsmayı­lov yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrin ölkəmizin müstəqillik mübarizəsindəki rolundan bəhs edib, hə­min hadisələrin xalqımızın yenilməz iradə­sinin rəmzinə çevrildiyini söyləyib. O qeyd edib ki, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbay­canda törətdiyi qırğının ağrı-acısı unudul­mayıb və şəhidlərin xatirəsinin qəlblərdə əbədi yaşayır.

Azərbaycan icmasının üzvü Mustafa Alınca 20 Yanvar hadisələrindən sonra Strasburqda Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdı­rılması məqsədilə aparılan fəaliyyətlərdən danışıb, məhz bu faciənin azərbaycanlıla­rın təşkilatlanmasını zərurətə çevirdiyini deyib.

İsveçrə

Azərbaycanın BMT-nin Cenevrə böl­məsi və digər beynəlxalq təşkilatlar ya­nında daimi nümayəndəliyi 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verib. 

Mərasim Cenevrə İslam Mədəniyyəti Fondu nəzdində fəaliyyət göstərən məs­ciddə şəhərdə məskunlaşan qaçqın, yox­sul və ehtiyacı olanlar üçün təşkil edilib. Daimi nümayəndəlik əməkdaşları tərəfin­dən məscid ziyarətçilərinə qanlı Yanvar hadisələri barədə ətraflı məlumat verilib, hadisə qurbanlarının ruhuna dualar oxu­nub.

İsrail

İsrailin Yerusəlim və Afula şəhərlərində də anım tədbirləri keçirilib. “Azİz” İsrail-Azərbaycan Beynəl-xalq Assosiasiyasının Yerusəlimdəki şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurumun rəhbəri Aleksandr Aqranovski həmin məşum gecədə baş verənlərdən danışıb.

Assosiasiyanın vitse-prezidenti, Azər­baycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman diqqətə çatdırıb ki, Azər­baycanı təmsil edən soydaşlarımız harada yaşamalarından asılı olmayaraq, onlar da sovet silahlı qüvvələrinin aralarında uşaq­ların, qadınların və qocaların olduğu gü­nahsız sakinlərə qarşı törətdiyi qanlı qır­ğını unutmurlar. Həmin günlərdə müxtəlif millətlərdən olan vətəndaşların, o cümlə­dən yəhudi əsilli azərbaycanlılar Yan Me­eroviç, Aleksandr Marxevka və Vera Bes­santinanın da şəhid olduqları vurğulanıb.

Sonra Diasporla İş üzrə Dövlət Ko­mitəsinin təqdim etdiyi “Qanlı qərənfillər” sənədli filmi nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Afulanın mərkəzi kitabxanasında keçirilən anım tədbirində də bu film nümayiş etdi­rilib. Müxtəlif millətlərin nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycan tarixinin ən kədərli səhifələrindən olan 20 Yanvar faciəsi barədə məlumat verilib, hadisə şa­hidlərinin xatirələri səsləndirilib.

Almaniya

Azərbaycanın Almaniyadakı səfirli­yində keçirilən toplantıda səfir Nəsimi Ağayev qanlı Yanvar faciəsinin Azər­baycan xalqının əzmini qıra bilmə­diyini, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandıraraq respublikada sovet hakimiyyətinə son verdiyini və 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bər­pa etdiyini vurğulayıb.

Azərbaycan–Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqı­nın milli özünüdərk prosesindəki rolundan danışıb. Almaniyanın yenidən birləşmə­si və Azərbaycanın SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etməsi arasında müqayisə aparan Yazdani 20 Yanvar fa­ciəsinin Azərbaycan xalqının tarixi yadda­şına əbədi həkk olunduğunu bildirib.

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Fidan Ağayeva-Ed­lerin ifası ilə davam edib. Anım tədbiri çər­çivəsində, həmçinin faciə ilə bağlı fotosər­gi təşkil olunub.

Qətər

Qətərdəki səfirliyimizdə keçirilən mərasimdə Azərbaycan icmasının nü­mayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Faciənin baş verdiyi dövrə nəzər salan səfir Mahir Əliyev o günlərin gərgin ictimai-siyasi hadisələrindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açıb, faciəni törədənlərin məqsədinin Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək istəyi olduğunu vurğulayıb.

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Xarici İşlər Na­zirliyinin yaydığı bəyanat Qətər XİN-ə və ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinə göndərilib. Tədbirin sonunda şəhidlərin xatirəsinə eh­san süfrəsi açılıb.

Gürcüstan

Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi yad olunub.

Səfirlik əməkdaşları, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları, mək­təblilər Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Səfir Faiq Quliyev Azərbaycan və gür­cü xalqlarının müstəqillik uğrundakı mü­barizəsindən, sovet imperiya qüvvələrinin xalqlarımızın mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəh­şiliklərdən söz açıb. Bildirib ki, imperiya qüvvələri 1989-cu il aprelin 9-da Gürcüs­tanda və 1990-cı il yanvarın 20-də Azər­baycanda qırğınlar törətsə də, heç nəyə nail ola bilməyiblər. Xalqlarımız şəhidlərin qanı bahasına suverenliyini bərpa edib, müstəqil dövlət qurublar. Diplomat bildirib ki, 20 Yanvar faciəsi zamanı 6 Gürcüs­tan azərbaycanlısı şəhid olub. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yu­sif oğlu Qayıbovdur. Azərbaycan və gür­cü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Mer Aftandil Qulikaşvili bildirib ki, qəh­rəman övladlarımızın qanı-canı bahasına qazanılan müstəqillik heç zaman süquta uğramayacaq. Sonra səfirliyin əməkdaşla­rı və kənd ağsaqqalları şəhidin doğulduğu evdə olub, ailə üzvləri və yaxınları ilə gö­rüşüblər.

Səudiyyə Ərəbistanı

Azərbaycanın Səudiyyə Ərə­bistanındakı səfirliyində keçirilən anım tədbirinə səfirliyin akkreditə olunduğu Bəhreyn və Omanda yaşayan həmvətənlərimiz də virtual formatda qoşulublar.

Səfir Şahin Abdullayev 20 Yanvar faciəsi barədə danışıb. Baş verənləri dəh­şətli cinayət adlandırıb. Daha sonra həm­vətənlərimiz faciə ilə bağlı ürək sözlərini bölüşüblər. Səudiyyə Ərəbistanında yaşa­yan həmvətənlərimiz Mətanət Süleymano­va (Duyğulu) və Nigar Xəlilova 20 Yanvar faciəsinə həsr etdikləri şeirləri oxuyublar. Tədbirdə Omanda yaşayan azərbaycanlı musiqiçi Emilya Mütəllibzadənin 20 Yan­var faciəsinə həsr etdiyi videoçarx nüma­yiş etdirilib.

ABŞ

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda “1990-cı ilin Qara Yanvarı: Azərbaycanın azadlığa gedən yolu“ adlı anım mərasimi düzənlənib.

Mərasimdə Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulla­rı, şəhərdəki konsulluq korpusunun nü­mayəndələri, elm və mədəniyyət xadim­ləri, dost icmaların rəhbərləri və icma üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və digərləri iştirak ediblər.

Baş konsul Ramil Qurbanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib. Çıxışın ardınca faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlan­mış qısa film nümayiş olunub.

Daha sonra Bakıda doğulan məşhur violonçel ifaçısı Ruslan Biryukov çıxış edərək, Qara Yanvar faciəsi, həmin döv­rdə Bakıda yaşayan ailəsi ilə birgə şahid olduğu hadisələr və baş verənlər barədə acı xatirələrini bölüşüb.

Tədbirin davamında Ruslan Biryukov və pianoçu Valeriya Morqovskayanın ifa­sında Fikrət Əmirovun “Poema monoloq”, Qabriel Furenin “Yuxudan sonra” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri səsləndirilib.

Çex Respublikası

Ümumxalq Hüzn Günü ilə bağlı Çex Respublikasındakı səfirliyimizdə keçirilən tədbirdə çıxış edən səfir Adış Məmmədov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və postmünaqişə mərhələsində həyata keçirilən işlər barədə iştirakçıları məlumatlandırıb.

Müstəqilliyimizin qorunması və tor­paqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın apardığı müqəddəs mübarizənin kökündə 20 Yanvar ruhunun dayandığını deyən səfir bu ruhun həmişə yaşayacağına əminliyini ifadə edib. Təd­bir çərçivəsində Qanlı Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub və fikir mübadiləsi aparılıb.

İtaliya

İtaliyadakı səfirliyimizdə keçirilən anım tədbirində bildirilib ki, ötən əsrin sonlarında Azərbaycan xalqının başladığı azadlıq, müstəqillik, dövlət-çilik mübarizəsi çətin, lakin şərəfli yol keçərək bu gün daha əzmlə davam etməkdədir.

Bu mübarizənin yaxın keçmişimizdəki ən şanlı səhifələrindən biri də 1990-cı ilin 20 Yanvar hadisələridir. Dövlətimizə qar­şı daim xain planlar hazırlayan qüvvələr 1990-cı ildə xalqımızın misli görünməmiş həmrəyliyi və birliyi nəticəsində böyük uğursuzluğa düçar oldular. Həmin düş­mənlərə qarşı ikinci belə cavabı xalqımız məhz 44 günlük Vətən müharibəsində bir daha verdi.

Rumıniya

Buxarest şəhərinin “Tey” parkında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə Rumıniya–Azərbaycan Dostluq Cəmiyyətinin, “SOCAR Pet­roleum SA” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları gül dəstələri dü­züblər.

Səfir Qüdsi Osmanov çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycanın suve­renliyi, müstəqilliyi və ərazi bütövlüyü uğ­runda mübarizənin dönüş nöqtəsi adlan­dırıb, bu hadisələrinin xalqımızın tarixində faciə ilə yanaşı qəhrəmanlıq ehtiva etdiyini söyləyib.

Niderland

Haaqada Azərbaycan-Türk Mədə­niyyət Dərnəyinin keçirdiyi tədbiri dər­nəyin rəhbəri Tuğrahan Aşkın açıb və faciə haqqında məlumat verib. Sonra “Ondört Masumlar” məscidinin İmamı Şeyx Mehmet Olqun şəhidlərin ruhuna dualar oxuyub.

Niderland Azərbaycan-Türk Mədəniy­yət Dərnəyinin rəhbəri İlhan Aşkın, eləcə də Azərbaycanın Niderland Krallığındakı səfirliyinin birinci katibi Səbinə Sadıqlı təd­bir iştirakçılarına 20 Yanvar faciəsinin ölkə­mizin tarixindəki rolundan danışıb, onun müstəqilliyimizin bərpası yolunun başlan­ğıcı olduğunu bildiriblər. Eyni zamanda vurğulanıb ki, Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün bölgədə sülh gündəliyi həyata keçirir.

***

Ümümxalq Hüzn Günü ilə bağlı ölkəmizin Belarusdakı, Özbəkistandakı, Xorvatiyadakı, Macarıstandakı, Latviya­dakı səfirliklərində, Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunda da anım mərasimləri keçirilib.

Litvanın Veyseyay şəhərindəki Mə­dəniyyət evində “Azərbaycan və Litva müstəqillik yolunda: 1990-cı və 1991-ci il­lərdə Bakıda və Vilnüsdə Yanvar hadisələ­ri” adlı fotosərgi təşkil olunub. 

Bundan əlavə, anım günü ilə əlaqədar İordaniya, Misir, Bəhreyn, Malayziya, İs­veç və Litvanın media orqanlarında yazılar dərc olunub.

Britaniya

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Britaniya Parlamentinin Nü­mayəndələr Palatasında ilkin qanunve­ricilik təşəbbüsü irəli sürülüb. 

Qanunvericilik təşəbbüsündə 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Ba­kıya yeridilməsi nəticəsində 150-yə yaxın mülki şəxsin həlak olduğu qeyd edilib. Parlamentdə Azərbaycanla dostluq qru­punun sədri Bob Bləkmən tərəfindən irəli sürülmüş bu təşəbbüsdə 20 Yanvar ha­disələrini yad etməklə bağlı bütün parla­mentarilərə çağırış ünvanlanıb.

Səxavət HƏMİD
XQ











Qan yaddaşı