Şəhidlər xiyabanından reportaj

post-img

Düz 34 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş faciə xalqımızın qan yaddaşına yazılıb. Hər il olduğu kimi, növbəti ildönümündə də səhər saatlarından paytaxt sakinləri böyük izdihamla Şəhidlər xiyabanına axın edərək faciə qurbanlarının ruhuna dərin ehtiramlarını bildiriblər. 

Qərənfil dənizinə dönən xiyabanda­kı mənzərələr şəhidlərimizin qazandığı şöhrətin əbədi olduğuna bir daha dəlalət edib. 

Ziyarətçilər arasında müxtəlif yaşlı insanlar var. Vətən müharibəsi qaziləri, hərbi qulluqçular, dövlət təşkilatlarının nümayəndələri, veteranlar, gənclər, mək­təblilər əllərində üçrəngli bayraqları və qərənfil dəstələri ilə ziyarətə gəlmişdilər. Onların bir neçəsindən qısa müsahibələr aldıq. Məşum gecəni xatırladılar, duyğu və düşüncələrini dilə gətirdilər...

Arzu Hüseynova, Respublika Qa­dınlar Cəmiyyətinin sektor rəhbəri, id­man ustası, məşqçi:

– Həmin gecəni yaxşı xatırlayıram. Heç birimiz Yaşma və Sumqayıt is­tiqamətində, aeroport yolunda hərəkətə gələn sovet tanklarının Bakıya daxil ol­masını, faciə törətməsini istəmirdik. An­caq qaniçən ordunun on minlərlə silahlı kontingenti həmin gecə paytaxtımıza girərək, günahsız insanların qanını axıt­dı. Azadlıq həmişə qurban tələb edir. Bu gün 20 Yanvar milli tariximizin yalnız fa­ciəsi yox, həm də mübarizlik, qəhrəman­lıq salnaməsidir. 

İkinci Qarabağ müharibəsində tələ­bəm olmuş Sübhan Əbdürrahmanlı və Elvin Abbasov şəhadət zirvəsinə yüksə­liblər. Sübhan 2020-ci il oktyabrın 6-da Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirən zamanı, Elvin isə noyabrın 7-də Şuşa azad edilərkən şəhid olub. Bu gün həm 20 yanvar, həm də Qarabağ şə­hidlərimizin ruhu şaddır, çünki Azərbay­canımız dövlət müstəqilliyi qazanıb, ərazi bötüvlüyü tam bərpa olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Xədicə Yusifova, İkinci Qarabağ müharibəsinin şəhidi İmaməddin Yu­sifovun bacısı:

– Bu gün ailə üzvlərimizlə birlikdə şəhidlərizi anmağa gəlmişik. 20 Yan­var hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə ta­rixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Vətənin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayır. Azadlığımı­zın, istiqlalımızın carçısı olan qəhrəman­ları hər zaman böyük ehtiramla, sevgi ilə anırıq!

Yasin Xəlilov, Bakı sakini:

– Şəhidlərimizin ruhu qarşısında baş əymək üçün buradayam. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda hə­yatını qurban verərək şəhidlik zirvəsinə ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyümüz naminə canından keçən Vətən övladları ən böyük məhəbbətə və ehtirama layiq­dirlər. Azərbaycan var olduqca şəhidləri­miz də hər zaman qəlbimizdə yaşacaq­lar! Allah şəhidlərimizə rəhmət eləsin! 

Nazim Hüseynov, keçmiş məcbu­ri köçkün, “Kobra” ləqəbi ilə tanınan keçmiş döyüşçü:

– Şəhidlərimiz Azərbaycanın azad­lığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Artıq torpaqlarımız azaddır, şəhidlərimizin ruhu da şaddır. Bu ölməz qəhrəmanları yad etmək, onları anmaq bizim çiyinlərimizə düşən əsas vəzifədir. Onları daim xatırlayacağıq. 

Könül Aslan, Sumqayıt şəhərində­ki 30 nömrəli orta məktəbin müəllimi:

– Bu gün şəhidlərimizin xatirəsini ehtiramla yad etdikcə bir könül rahat­lığı tapırıq. Onlar heç nədən çəkinmə­dən, əliyalın şəkildə tankların qabağına çıxıb, mərkəzi hakimiyyətin ayrı-seçkilik siyasətinə, ermənipərəst davranışlarına etirazlarını bildirib, ölümün gözünə dik baxıblar. Şəhidlik ən uca qəhrəmanlıq zirvəsidir və bu uca məqama yüksələn igid oğul və qızlarımızın əziz xatirəsini bu gün böyük fəxarət və qürur hissi ilə yad edirik. 

Nabat Hüseynova, Bakı sakini:

– Şəhidlərimizin qanı hesabına ta­riximizə pozulmaz zəfər səhifələri yazıl­dı. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bu ölməz qardaş və bacılarımız hər birimiz üçün fəxarət ün­vanıdır, and yeridir. İstiqlaliyyət uğrunda mübarizənin başlanğıcı olan 20 Yanvar şəhidləri bizim ürəklərimizin başında öz­ləri üçün taxt-tac qurublar. Allah şəhidlə­rimizə rəhmət eləsin, qazilərimizi qoru­sun. Dövlətimiz var olsun.

Şəhid məzarlarının başına dolanan, sinə daşlarının üstünə gül qoyub ağla­yan kim, qürurla dayanaraq dualara qu­laq asan, dalğalanan üçrəngli bayraqlara baxan kim... misli görünməmiş vəhşiliklə dinc əhaliyə divan tutanlara qarşı çöhrə­sindən nifrət oxunanlar da çoxdur, şəhid­lərin arzularının həyata keçməsinə görə mənəvi rahatlıq tapanlar da. Bir daha şa­hidi oluruq ki, bu Vətən uğrunda savaşda canını sipər edənlər, həqiqətən də, yurdu yaşadanlardır. Şair doğru deyib:

İnsan böyüyür beşikdə məzarda yatmaq üçün, 

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün... 

Elşən AĞALAR
XQ













Qan yaddaşı