Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərin Hərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununa dair toplantı keçirilib.
Müdafiə Nazirliyindən XQ-ə bildirilib ki, toplantıda 28 ölkədən 41 nəfər nümayəndə iştirak edib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışaraq bildirib ki, Azərbaycan Respublikası bu Zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq sülhə öz töhfəsini verdi və tarixi ədaləti bərpa etdi. Əlavə olaraq, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyi bir daha vurğulanıb.
Toplantıda 2025-ci il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə cari il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, ölkəmizin müxtəlif bölgələrində, eyni zamanda, işğaldan azad edilmiş rayonlarda bərpa, yenidənqurma və inkişaf istiqamətində görülən işlərlə tanışlıq məqsədilə təşkil edilmiş səfərlər barədə bir daha geniş məlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.




