Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsində “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” və “Hərbi xidmət əleyhinə olan cinayətlər” mövzularında maarifləndirici tədbir keçirilib.
XQ xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Respublika Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər dini radikalizmin dövlət təhlükəsizliyinə, ictimai-siyasi sabitliyə, habelə ordu sıralarında nizam, intizam və vətənpərvərlik ruhuna mənfi təsirləri barədə ətraflı danışıblar.
Dini radikalizmin səbəblərinə toxunularaq qeyd edilmişdir ki, bu prosesin kökündə təhsilsizlik, dini biliklərin yanlış mənbələrdən əldə olunması, sosial-iqtisadi amillər və düşmən qüvvələrin təxribatçı fəaliyyətləri dayanır. Azərbaycan dövləti hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verir və dini dözümlülük mühitini dünyaya nümunə olaraq təqdim edir.
Tədbirin davamında hərbi xidmət əleyhinə olan cinayətlər barədə vacib məsələlər şəxsi heyətin diqqətinə çatdırılmış, hərbi xidmətin təkcə fiziki bacarıq və fədakarlıq deyil, eyni zamanda ciddi hüquqi məsuliyyət tələb edən vəzifə olduğu, əmrə tabe olmama kimi hərəkətlərin yalnız fərdi məsuliyyət yaratmadığı, eyni zamanda xidmət kollektivinə və dövlətin müdafiə qabiliyyətinə ciddi ziyan vurduğu bildirilmiş, bu cür hüquq pozuntularına qarşı mübarizədə birgə səyin vacibliyi xüsusi qeyd edilib.
Tədbirin sonunda şəxsi heyəti maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılıb.