Bölgədə dincliyin və ədalətin təminatçısı

post-img

Müasir Azərbaycan Ordusu “Yurdda sülh – cahanda sülh” amalına xidmət edir

Bundan sonra ordu bizə 30 illik işğaldan sonra azad etdiyimiz torpaqlarımızı göz bəbəyi kimi qorumaq üçün lazımdır. Artıq həm bölgədəki qonşularımız, həm də praqmatik düşüncəli beynəlxalq ictimaiyyət əmin oldu ki, Azərbaycanın özgəsinin torpağında gözü yoxdur və ondan ötrü Cənubi Qafqazda təhlükəsizlik hər şeydən önəmlidir. Çünki ölkəmiz başda yaxın qonşuları olmaqla, bütün dünya ilə əməkdaşlığa açıq siyasət yürüdür. Bunu dövrün çağırışlarının tələb etdiyini rəsmi Bakı çox yaxşı anlayır. Amma bu o demək deyil ki, biz ordumuzun gücünün, qüdrətinin zəifləməsinə yol verməliyik. Xeyr, Azərbaycan Silahlı Qüvvələri hər zaman müasir standartlara cavab verən səviyyədə olacaq. 

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, güclü iqtisadi potensiala, güclü orduya, təhlükəsizliyinə və sabitliyinə, milli həmrəyliyə nail olmuş müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub. Bu zaman ordunun müstəqilliyimizin və təhlükəsizliyimizin qarantı olduğu əsla unudulmur.  Artıq heç kəsə sirr deyil ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun Türkiyə modeli əsasında, yəni, NATO standartlarına uyğun şəkildə qurulması prosesi davam etdirilir. Bu məqsədlə silahlı qüvvələrin müxtəlif qoşun növlərində islahatlar aparılır, yeni komando hərbi hissələri yaradılır. Aydın məsələdir ki, islahatların gedişində ordumuzun Vətən müharibəsində qazandığı təcrübə mütləq şəkildə nəzərə alınır. Axı, istər 44 günlük qurtuluş savaşında, istərsə də birgünlük antiterror əməliyyatında Azərbaycan Ordusu peşəkarlığına və döyüş qabiliyyətinə görə dünyanın ən güclü 50 ordusunun sırasında yer aldığını sübuta yetirmiş oldu. 

***

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” – deyən ölkə rəhbərinin qibtəolunası sərkərdəlik qabiliyyəti sayəsində rəşadətli ordunun əldə etdiyi tarixi Zəfərin başlıca səbəbi zabit və əsgərlərimizin Xalq–Ordu–Lider birliyindən qaynaqlanan ruh yüksəkliyi idi. Onlar düşmən üzərində qələbəni döyüş meydanından daha əvvəl vətənpərvərlik hissləri ilə çırpınan ürəklərində qazanmışdılar. Əsgərin torpağa sevgi və sədaqəti, döyüşdə şücaəti Ali Baş Komandanın söz və əməllərindən yoğrulurdu desək, səhvə yol vermərik.      

Məhz Ali Baş Komandan İlham Əliyevin hərbi strateq kimi düşündüyü uzaqgörən siyasəti nəticəsində milli ordumuz regionda aparıcı hərbi qüvvəyə çevrilməklə yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatçısı rolunda çıxış edir. Bəli, Azərbaycan Ordusu Mustafa Kamal Atatürkün “yurdda sülh – cahanda sülh” prinsipinin daşıyıcısı olaraq, yalnız xoş məramlı missiyaları yerinə yetirmək barədə düşünür. Bu reallığı dünya ordularının reytinq sıralamasında ön yerlərdən birində qərar tutmuş Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyatları analiz edən nüfuzlu beyin mərkəzləri, hərbi mütəxəssislər qəbul edirlər. Sadəcə, qəbul etmirlər, həm də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tətbiq etdiyi XXI əsrin yeni və uğurlu döyüş taktikasını tədris olunmağa layiq nümunə kimi göstərirlər. 

Aydın məsələdir ki, dünya yerində saymır. Bəşər övladı hər gün yeni texnologiya icad eləyir. Amma təəssüf ki, yeni ixtiraların bir çoxu hərbi sənayenin payına düşür. Militarizm düşüncəsi hələ də bəzi güclərin beyinlərindən silinməyib. Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsi, müasir silah sistemlərinin alınması, eləcə də hərbi sənayenin inkişaf etdirilməsi XXI əsrdə təhlükəsizliyin mühüm elementlərindən birinə çevrilib. Beynəlxalq münasibətlərdə son illər müşahidə olunan proseslər bu platformalara yenidən cəngəllik qaydalarının qayıtmasından xəbər verir. Bu qaydalar isə hər bir ölkəyə öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri gücləndirməsini, ən son hərbi texnologiya ilə təchiz edilmiş müasir, güclü orduya malik olmasını zəruri edir.

Bu məqamda son günlər bütün dünyanın narahatlıqla izlədiyi İsrail–ABŞ–İran müharibəsi ilə Ermənistan–Azərbaycanın arasında 44 gün sürən müharibənin müqayisəsi yerinə düşər. Məlum olduğu kimi, bu hərbi qarşıdurmada atəşkəs elan olunsa da, nəticədə tam qalib yoxdur. Baxmayaraq ki, üstünlük İsrail və ABŞ-ın tərəfində idi, İran da qələbəni bayram edir. Məhz bu xüsusda Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin sözlərini xatirladırıq: “İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”. Bəli, biz qürurla deyə bilərik ki, Azərbaycan Ordusu qarşısında duran tarixi missiyanı – ərazi bütövlüyü və suverenliyin tam bərpası vəzifəsini uğurla yerinə yetirdi və qarşı tərəf kapitulyasiyanı rəsmən etiraf etdi.     

***

“Biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər”. Bu, İlham Əliyevin Vətən müharibəsinin gedişində möhürünü vurduğu kəlamlarından biridir. Bəli, biz müasir texnologiyaya sahib ordunun effektiv taktikasının real və təsirli nəticəsini 2020-ci ilin payızında gördük. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yalnız müasir silahlarla deyil, strateji planlama və güclü komandanlıqla üstünlüyünü nümayiş etdirdi. Amma torpaqların işğaldan azad olunması təkcə hərbi qələbə deyildi. Bu, Azərbaycan hakimiyyətinin illərlə apardığı düzgün siyasətin məntiqi nəticəsi idi. Artıq Azərbaycan Ordusu regionda söz sahibi olan bir gücdür. Bu gücə bölgə ölkələri, hətta Azərbaycandan gözlənilən hərbi təcavüzlə özünü qorxudan  Ermənistan da güvənə bilər.  

Yenidən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər ordumuz barədə dediklərinə istinad etməyi zəruri sayırıq: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilib. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir”. 

Təhlükəsizliyin və sabitliyin qarantına çevrilən Azərbaycan Ordusu bu missiyanı qeyri-rəsmi olaraq bütün Cənubi Qafqazda həyata keçirir. Müzəffər Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümü ilə bağlı müfəssəl qeydlərimizi Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün 1931-ci ilin aprelində Anadoluya səfəri zamanı ictimaiyyət qarşısında söylədiyi “Yurdda sülh, cahanda sülh!” şüarı ilə yekunlaşdırmağı düşünürük. Az sonra həmin şüar Türkiyədə dövlət idarəçiliyinin və fəaliyyətinin əsas prinsipi kimi qəbul edildi.

Dövlət idarəçiliyində və onun bütün fəaliyyət sahələrində rəhbər tutulan “Yurdda sülh, cahanda sülh!” prinsipi milli olduğu qədər də bəşəri bir qanunun aliliyidir. Bu prinsipin qayəsində bir tərəfdən ölkə daxilində əmin-amanlıq içində yaşamağın təmin edilməsi, digər tərəfdən isə beynəlxalq sülh və təhlükəsizliyin qorunması durur. Yəni, bu prinsip dövlətin həm daxili, həm də xarici siyasətinin təməl prinsiplərindən biridir.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, sərkərdə qabiliyyətinə malik İlham Əliyevin XXI əsrdə qurucusu olduğu ordumuzun gücünə güc qatan ən önəmli amil isə onun xalqla vəhdətidir. Azad ölkənin təminatlı insanı ordunun qüdrətini daha da artırır, onu məğlubedilməz edir. Cənubi Qafqazada baş verə biləcək hər hansı bir iğtişaşın qarşısını operativ şəkildə almağa qadir Azərbaycan Ordusu kollektiv təhlükəsizliyə, beynəlxalq sülhün qorunmasına və onun davamlılığına öz töhfəsini verməyə hazırdır.

Dövlət başçısımızın bu çağırışı isə təkcə bölgə ölkələrinə deyil, bütün dünyaya ünvanlanıb: “Biz elə bir Ordu yaratmışıq ki, – bundan sonra da bu işlər davam edəcək, – heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz”.

İmran BƏDİRXANLI  
XQ

 

Ordu