Güclü Azərbaycanın Ordusu: fəxarətimiz!

post-img

Xalqın gücü

Xalqın gücü haqqında düşüncələr fərqli ola bilər. Lakin ədalət anlayışı güclü olmayan xalqın əsl gücə malik olduğuna inanmaq çətindir. Ədalətli xalq güclüdür. Qalib odur! Xalqın ədalətli olması isə ənənədən gəlməlidir. Maraqlıdır ki, dünya özü təməldən xalqın ruhani, mənəvi, əxlaqi, dünyaduyumu, həyat təsəvvürləri, uğurlu olmaq şərtləri, birgəyaşam üsulu və sosial fəaliyyətin fəzilətliyi ilə bağlı kökdən “kod”lar yaradır.

Əslində, xalq bu kodları özü yaradır. Əlamətləri kollektiv davranışda, toparlanmaq önqaydalarında, birgəyaşam fəlsəfəsində və strategiyasında özünü göstərir. Bunalara görə xalq dayanıqlı və dayanıqsız ola bilər, gücünü özünümüdafiədə və sosial-mədəni həyatı qurmada göstərə bilər və s. 

Tarix göstərir ki, bu yolda xalqı həmişə çətin sınaqlar gözləyir. Ulu öndər Heydər Əliyev öyrədirdi ki, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”! Tarixin sınaqları da azadlıq və istiqlaiyyəti milli sərvət kimi yaşatmaq uğrunda mübarizənin ayrı-ayrı səhnələridir! Xalq bu sınaqlarda özünü azadlıq və istiqlaliyyət aşiqi kimi təsdiqləyir və bununla güclənir!

Xalqın gücünün əsas göstəricisi güclü dövlət qura bilmək səriştəsi ilə bağlıdır. Eyni zamanda, “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” (Heydər Əliyev). Deməli, xalqın gücü ilə dövlətin gücü arasında mahiyyət bağlantısı mövcuddur. Burada hər bir müstəqil dövləti olan qövm üçün “güc” anlayışının tarixi, sosial, siyasi, geosiyasi və mədəni çalarları bir anlamda biləşirlər. 

Yəni “güclü xalq-güclü dövlət” vəhdətinin əsas faktorları olmalıdır. Burada əsas prinsip güclü xalqın güclü dövləti ola bilməsi tezisi ilə bağlıdır. Toplum hansı anlamlarda güclüdürsə, onun yaratdığı dövlət də o anlamda güclü ola bilər. Bunlar “güc” anlayışı baxımından bir-birindən ayrılmazdırlar. Xalqın gücü ilə dövlətin gücünü vəhdətdə ifadə edən və fəaliyyətində sübut edən faktorlar içərisində Ordu ayrıca yer tutur! Səbəblərinə baxaq.

Dövlətin gücü

Tarix göstərir ki, dövlət çox güclü ola bilər. Hərbi vuruculuq səviyyəsinə görə onun çox güclü ordusu da ola bilər. Lakin bu iki güc əlaməti bütövlükdə cəmiyyət-dövlət tandemini fəzilət baxımından güclü etməyə də bilər. Buna görə də tarixin sınaqlarında bir sıra hallarda çox güclü dövlətin çox güclü ordusu daha zəif dövlətə və ordusuna məğlub olur. Təbii ki, bu, silah sayəsində olmur. Əsas təsiredici qüvvə xalqın gücüdür! Əgər xalq mənəviyyat, mədəniyyət, psixologiya baxımından dayanıqlı və güclüdürsə, onu ən güclü ordular belə yenə bilməz. Deməli, yekunda xalqın gücü dövlətin və ordunun gücünün bazasını təşkil edir. XX və XXI əsrdən bir neçə nümunə.

ABŞ dünyanın ən güclü dövləti və ən güclü ordusu kimi Koreyada, Vyetnamda, Əfqanıstanda məğlub oldu. Çox böyük hərb maşını İraqın qumsallıqlarında “batdı”! Bu proseslər ABŞ cəmiyyətində və siyasi şüurunda böyük təlatümlər yaratdı – “Amerika möhtəşəmliyini itirir”!?

II Dünya Müharibəsində SSRİ hərbi cəhətdən dəfələrlə zəif olduğu Almaniyanı xalqın gücünə məğlub etdi. Lakin yenə əfqan xalqının gücü daha imkanlı sovet ordusunu məğlubiyyətə uğratdı! İndi də çox güclü və hərbi imkanı geniş olan Rusiya ordusu Ukrayna xalqının müqavimətini qıra bilmir! 

Çox güclü İsrail ordusu fəlsətinlilərin zəif hərbi qruplaşmalarını tam məğlub edə bilmir. Bu proses indi də süründürməçi xarakterdə davam edir. 

Bu faktlar real güclü dövlətlə əsl güclü ordu arasında bağlantıların mürəkkəb və asan dərk edilməyən olduğunu göstərir. Buna görə də “güclü ordu necə olur?” sualı cavab tələb edir.

Güclü xalqın güclü dövləti

Burada Heydər Əliyevin iki kəlamını xatırlatmaq istərdik: “Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz” və “Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır”. Bizcə, Ulu öndər bu fikirləri həm də hər bir azərbaycanlıya səsləniş kimi ifadə etmişdir. Onun dərin fəlsəfi anlamı belədir: xalq onun övladlarının kimliyinə, mədəniyyətinə, yaşadığı Vətənə məhəbbəti olanda güclü olur! Bunun başlanğıcı azərbaycançı olmaqdır. Həmin əsasda da dövlətçilik fərdlərin qəlbində yaşayırsa, güclü xalq güclü dövlətini yarada bilər! 

Güclü ordu meyarı

Ordu, obrazlı desək, “xalqın bağrından çıxmalıdır”! Ordu xalqın qürur və fəxarət yeri olmalıdır. Çünki mövcud olmaq üçün müdafiə qüdrətin olmalıdır. Müdafiə qüdrəti başqalarını zəbt etməkdə deyil, özünümüdafiə ənənəsi və mədəniyyətində, onun ümumi ruhundadır. Özünümüdafiə həmişə təbii haqdır! Ancaq bu anlayışı manipulyasiya edib başqalarına təcavüz edəndə vəziyyət tamam dəyişir – təbii haqq zəruri günaha çevrilir. Bu incə məqamı gözləyə bilməyən ordu güclü deyildir! 

Nümunələr. Dünyada hərbi-texniki və texnoloji cəhətdən doğrudan böyük gücü olan orduları bir sıra hallarda təntənəli olaraq filan dövlətin “özünümüdafiə ordusu” adandırırlar. Çox təntənəli adları xüsusi xidmət orqanlarına qoyurlar. Onların adlarından möhtəşəmlik və qətiyyət “şüalanır”. Ancaq həmin adlara əməllərindən baxanda bütün güc və möhtəşəmlik “fəzilətin təkərləri” altında əzilir, yox olur. 

Ordu özünümüdafiə adı altında milyonlarla insanı, qadını, qocanı, uşaqları məhv edir, başlarına bombalar yağdırır. Onun adını nə qoyursan qoy, bu, ədalət deyil, haq deyil, dinc insanların haqqını əlindən almaqdır. Özü də bəyan edirsən ki, “mənim 5 uşağımın qətli yolverilməzdir” və bunun fonunda başqasının minlərlə uşağına bomba atırsan! Doğrudanmı bu davranış güclü dövlətə və güclü orduya aiddir? Çox ciddi şübhələrimiz vardır! 

 Azərbaycanın zəfər ordusu

Azərbacyan Prezidenti İlham Əliyev: “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”. Bu, məna çalarları zəngin olan fundamental tezisdir! Dünyanın ən güclü orduları sırasında olmaq həm şərəfdir, həm də tarixi nailiyyətdir. Çünki cəmi 30 il bundan öncə dünyanın güclü dövlətləri hələ tam formalaşmamış müstəqil Azərbaycan dövlətçiliyinə ciddi zərbələr vururdular. Onlar həm də ordunun yaranmasına əngəllər törədirdilər. Hansı təxribatları bu ordu yaşamadı? Biri Çinə “bayraq sancdı”, başqası “rus ordusu varsa, bizə başqa ordu lazım deyil” deyərək, tarixi səhvə yol verdi, müxtəlif qruplar isə “burda mən, Bağdadda kor xəlifə” düşüncəsi ilə “ordu özüməm” ismarıclarını verdilər və s. 

Yəni faktiki olaraq tamamilə dağıdılmış “ordu düşüncəsi” “hərbi müqavimət fəlsəfəsi”nin yoxluğu şəraitində nizami ordu yaratmaq lazım gəlirdi. Bu vəziyyətdən xilas olmaq işin yarısı idi, sonrası, yəni ordu quruculuğu mərhələsi daha önəmli idi. Belə bir tarixi məsuliyyəti olan bir vəzifənin öhdəsindən Azərbaycanda yalnız Heydər Əliyev dühası gələ bilərdi. Bunları düşündükcə Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın nə dediyini anlamaq olur! Azərbaycan Ordusunun gücü onun əsgərlərinin, zabit heyətinin və Ali Baş Komandanın Ulu öndərin öyrətdiyi anlamda azərbaycançılıqda, Vətən sevgisindədir! 

Bu gücün bir aspekti yüksək hərbi hazırlıq, iradə, qətiyyət və hərbi-texniki təchizata bağlıdır. Digər tərəfi isə həqiqi mənada özünümüdafiə ordusu olmaqla əlaqəlidir. Müstəqil Azərbaycanın ordusu başqasının torpaqlarına heç zaman göz tikməmişdir. Onun başlıca funksiyası Azərbaycan Respublikası dövlətini və xalqını təcavüzlərdən qorumaqdır. Vətən Müharibəsi bunun zirvəsi oldu! Azərbaycan ordusu güclü xalqın və dövlətin güclü ordusu olduğunu sübut etdi! 

Bu prosesin əsası 1993-cü ildən qoyulmuşdur. Ayrı-ayrı silahlı dəstələrdən ibarət olan qruplardan imtina edərək intizamlı ordu quruculuğuna ulu öndər Heydər Əliyev başladı. Yeni qurulan bu ordunun əsas fəaliyyət istiqaməti də dəqiq müəyyən edildi - ərazi bütövlüyünü bərpa etmək! Qarşıya qoyulan bu məqsədin həyata keçməsi milli ideya səviyyəsində müəyyənləşdi. 

Bu o deməkdir ki, müstəqil Azərbaycanın ordusu sırf özünümüdafiə mahiyyətlidir. Onun vəzifəsi ölkənin pozulmuş ərazi bütövlüyünü bərpa etməkdir. Güclü Azərbaycan konsepti və reallaşma kursunun çərçivəsində güclü Azərbaycan ordusu bu amalla quruldu. Ordunun ruhunda, hazırlığında, hərbi-texniki təchizat fəlsəfəsində əsas müəyyənedici və istiqamətverici faktor ərazi bütövlüyünün təmini oldu. 

Bu, Avrasiyada vurğulanan məqsədlə gücləndirilən yeganə ordudur. Onun sayəsində güclü xalqın güclü dövləti fəlsəfəsi avtomatik olaraq güclü ordu konseptinin ruhuna “hopdu”. İndi Azərbaycan ordusu həqiqi anlamda güclü xalqın güclü dövlətinin qüdrətli ordusudur. Buna görə də Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyev tam haqlıdır – Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır! Ordumuz fəxarətimiz və şərəfimizdir! 

26 iyun – Azərbaycanın kişilər günü!

Azərbaycanlıların Vətən tarixinin hər anına böyük sayğısı vardır! Biz tariximizdən heç nəyi ikincidərəcəli saymırıq, bir kənara qoymuruq! Bütün əsas dönəmləri böyük hörmətlə öyrənirik, yaddaşımızın bir guşəsində canlandırırıq. II Dünya Müharibəsində Vətən üçün canından keçən qəhrəman Azərbaycan oğulları da daim hörmət və izzət ünvanlarımızdan biri olacaqdır. 

Lakin zaman dəyişir, dəyərlər yeniləşir, baxışlar fərqli olur. Hər hadisənin tarixi zaman prizmasında dönəmə uyğun qiymətləndirilməsi lazım gəlir. Müasir və müstəqil Azərbaycan Respublikası üçün bu anlamda 26 iyun tarixdir. Ordu günü bizim üçün müqəddəsdir. Həm də bu müzəffər orduda xidmət edənlərə hörmət və şərəflə yanaşmanı zəruri edən tarixdir. Çünki onlar Azərbaycanda böyük mənası olan kişilik etdilər, kişi sözü verib ona mərd kimi əməl etdilər. Şəhid verdi xalq, ordu, dövlət! Şəhidlərin qeyrətindən, anaların dualarından yarandı bu müzəffər ordu! Ona görə də 26 iyun bizim üçün məcazi mənada kişilər günüdür! 

Qarabağ fatehi 

Qəhrəmanmaraşda Azərbaycan Prezidenti üçün deyilən bu ifadə, əlbəttə, qürur verir! Qarabağı fəth edən dövlət başçısı, lider və Ali Baş Komandan bütün şərəflərə layiqdir! Qarabağ fatehinin arxasında güclü xalqı, dövləti və ordusu vardır! Qarabağ fatehinin dost və qardaş türk dövlətləri vardır! Qarabağ fatehinin dünyada əsl dostları, strateji tərəfdaşları vardır! 

Bu nəticələrin alınmasında ordunun xidməti danılmazdır. Ordu fatehliyin bütün cəhətlərini birləşdirən güc oldu. Ordu Ali Baş Komandanın əmrlərini tam yerinə yetirdi və indi də hazırdır. 

İndi Azərbaycan ordusunu Türkiyə ordusundan ayırmırlar. Bu yanaşmanın da çox mənaları vardır. O anlamda 26 iyun həm də Türkiyə ordusu üçün xüsusi məna kəsb edir. Bu qardaşlaşma və qoşa dayanışmanın əbədi olmasını istəyirik! Qarabağdan başlayan fatehlik dünyaya sülh, barış, əmin-amanlıq, sabit təhlükəsizlik gətirsin. Qarabağ fatehinin xalqı, dövləti və ordusu ilə bunu da bacaracağına əminik! 

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Ordu