Ermənistanın reallıqla üst-üstə düşməyən alternativ axtarışları 2020-ci ildə Azərbaycanın əldə etdiyi tarixi Qələbə yalnız işğal altındakı torpaqların azad olunması ilə məhdudlaşmadı. Bu Qələbə həm də müasir Azərbaycan Ordusunun gücünü, yüksək döyüş qabiliyyətini və peşəkarlığını nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, XXI əsrin müharibələri yalnız say və texnika ilə deyil, həm də düzgün strateji planlama, koordinasiya və texnoloji üstünlüklə qazanılır. Müharibədən sonra Azərbaycanın dövlət və ordu rəhbərliyi bu reallıqlardan çıxış edərək hərbi islahatlara üstünlük verdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu strukturunda əhəmiyyətli modernləşmə tədbirləri həyata keçirildi. Yeni qoşun növləri və xüsusi təyinatlı hərbi birləşmələr yaradıldı. Şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması məqsədilə genişmiqyaslı təlimlər keçirildi, onların intensivliyi və praktik yönümlülüyü artırıldı. Bu dəyişikliklər Azərbaycanın təhlükəsizlik arxitekturasında ordunun çevik və texnologiyaya əsaslanan qüvvəyə çevrilməsini təmin etdi. İslatlar çərçivəsində ölkə daxilində milli müdafiə sənayesinin inkişafı prioritet istiqamətə çevrildi. Yerli istehsal imkanlarının gücləndirilməsi, silah-sursat və digər hərbi texnologiyaların istehsalı ordunun daxili resurslarla təminatını xeyli gücləndirdi.
“İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”. Prezident İlham Əliyev Milli Məclisin yeddinci çağırışının ilk iclasında verdiyi bu bəyanat Azərbaycanda ordunun inkişafının davamlı və planlı şəkildə aparıldığının təsdiqidir.
***
Azərbaycanın hərbi gücünün artırılmasında beynəlxalq əməkdaşlıq da xüsusi yer tutur. Bu xüsusda Pakistanla qurulan strateji tərəfdaşlıq çox önəmlidir. İki ölkə arasında hərbi təlimlər, müdafiə sənayesi sahəsində layihələr və texnologiya mübadiləsi intensiv şəkildə inkişaf edir. Bu əməkdaşlıq təkcə hərbi sferaya deyil, həm də regional təhlükəsizlik sisteminə mühüm töhfə verir.
Yada salaq ki, Pakistanla müdafiə sahəsində əməkdaşlığın nəticələrindən biri Azərbaycanın “JF-17C Block III” çoxməqsədli qırıcı təyyarələrinin alınmasına dair imzaladığı müqavilədir. Müasir qırıcılar Azərbaycan Hərbi Hava Qüvvələrinin keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir. “JF-17C” təyyarələrinin alınması yalnız hərbi-texniki addım deyil, həm də geosiyasi strateji mesajdır. Cənubi Qafqazın qeyri-sabit və rəqabətli təhlükəsizlik mühitində Azərbaycan bu təyyarələrlə havada üstünlüyünü təmin etməklə yanaşı, regionda balans yaradan gücə çevrilir.
Onu da qeyd edək ki, ilkin mərhələdə 16 ədəd “JF-17C” təyyarəsinin alınması planlaşdırılıb. Pakistan hökuməti 2025-ci ilin ortalarında əlavə 24 təyyarənin sifariş edildiyini rəsmən açıqlayıb. Beləliklə, Azərbaycan HHQ-nin ixtiyarına ümumilikdə 40 ədəd “JF-17C Blok III” qırıcısı veriləcək. Sifarişlərə təyyarələrin özü ilə yanaşı, pilotların və texniki heyətin təlimi, sursat və texniki dəstək, avadanlıqlara servis xidməti də daxildir. Müqavilənin dəyəri təxminən 4,6 milyard ABŞ dolları təşkil edir. Bu, Pakistan müdafiə sənayesinin indiyə qədər imzaladığı ən böyük ixrac sövdələşməsidir.
***
Azərbaycanın Pakistan və Çinin birgə istehsalı olan “JF-17C” qırıcılarını əldə etməsi ölkənin hərbi hava qüvvələrini gücləndirməyə xidmət edir və bu istiqamətdə atılan mühüm addımlardandır. Bu təyyarələr müasir dövrün tələblərinə tam cavab verir: Yüksək manevr qabiliyyəti, AESA tipli müasir radar sistemi, PL-15 raketləri, rəngli displeylə təchiz olunmuş kabinə və dəbilqəyə inteqrasiya olunmuş nişangah sistemi onların texnoloji üstünlükləridir. Radar sistemi uzaq məsafədən çoxsaylı hədəfləri aşkar edə bilir. Təyyarə həm “hava-hava”, həm də “hava-yer” tipli raketlərlə yanaşı, gəmi əleyhinə və radar əleyhinə silahlarla, eləcə də 23 millimetrlik topla silahlanıb. Bu platformanın Türkiyə hərbi sistemləri və rabitə infrastrukturu ilə tam uyğunluğu Azərbaycan–Türkiyə hərbi inteqrasiyasını da gücləndirir.
“JF-17C Block III” təyyarəsinin qiyməti 35-40 milyon dollar ətrafındadır ki, bu da onu Qərb və Rusiya analoqları ilə müqayisədə daha əlçatan edir. Məsələn, “F-16” və “Eurofighter Typhoon” kimi Qərb təyyarələrinin qiyməti 90–120 milyon dollar arasında dəyişir. Rusiya istehsalı olan təyyarələrin isə texniki xidmət və təmir prosesləri daha mürəkkəbdir. “JF-17” isə istismar baxımından sadə və çevikdir.
Azərbaycan yeni “JF-17” qırıcılarından mövcud “MiQ-29” və “Su-25” aviaparkı ilə paralel şəkildə istifadə etməyi planlaşdırır. Bu platformalar Türkiyə ilə əməkdaşlıq çərçivəsində artıq modernizasiya olunub və yüksək dəqiqlikli SOM qanadlı raketlərlə təchiz edilib. Beləliklə, Azərbaycan HHQ çoxsəviyyəli və döyüşə tam hazır hava-hücum komponenti ilə çıxış edir. Bu yanaşma Azərbaycanın həm müdafiə, həm də hücum qabiliyyətlərini artırır, şəbəkə mərkəzli müasir döyüş doktrinasına inteqrasiya olunmaq imkanını genişləndirir.
***
Azərbaycan bu sahədə güc nümayiş etdirdikcə, Ermənistan da öz tərəfdaşlarını diversifikasiya etməyə çalışır. İrəvan artıq Rusiya ilə münasibətlərini zəiflədərək Fransa, Hindistan və İranla hərbi əməkdaşlığa yönəlib. Maraqlıdır ki, 2011–2020-ci illərdə Ermənistanın silah idxalının 94 faizi Rusiya mənşəli idisə, 2024-cü ilə bu göstərici 10 faizdən aşağı düşüb. Rusiya bu dəyişikliyi Ukraynadakı müharibə ilə izah etsə də, Ermənistanın Qərb texnologiyalarına üstünlük verməsi artıq açıq reallıqdır. Məsələn, Azərbaycanın “JF-17C” təyyarələri almasına cavab olaraq Ermənistanın Fransadan çoxməqsədli “Rafale” qırıcıları alma ehtimalı müzakirə mövzusudur. Bu ehtimal Ermənistanın Qərbə daha çox inteqrasiya etməyə çalışması və Rusiyadan uzaqlaşmaq xətti fonunda aktuallaşır.
Lakin bu ideyanın gerçəkliyə çevrilməsi ciddi maliyyə və texniki əngəllərlə üzləşir. “Rafale” qırıcısının 1 ədədi təxminən 90-120 milyon ABŞ dolları arasında qiymətləndirilir. Ermənistanın 2025-ci il müdafiə xərcləri 1,7 milyard dollardır. Əgər 10 ədəd “Rafale” təyyarəsi alınarsa, digər xərclərə vəsait qalmır. Nəzərə alaq ki, “Rafale”nin istismarı, təmiri və texniki xidməti NATO standartları tələb edir. Ermənistanın isə belə bir infrastrukturu və logistika bazası yoxdur. Hazırda Ermənistan HHQ, əsasən, “MiQ-29” və “Su-25” tipli sovet mənşəli texnikaya əsaslanır. “Rafale” qırıcıları bu sistemlərlə uyğun gəlmir və inteqrasiya üçün milyardlarla dollar tələb olunur. Beləliklə, Ermənistanın Fransadan hərbi təyyarə alma imkanı real deyil. Bu, yalnız siyasi jest və ya strateji niyyət kimi qiymətləndirilə bilər. Hətta Fransa tərəfindən dəstək olsa belə, bu satış yalnız genişmiqyaslı hərbi alyans və ya beynəlxalq yardım kontekstində baş verə bilər.
“Forbes”in təhlilinə görə, Hayastan üçün daha real alternativ Hindistanın lisenziya ilə istehsal etdiyi “Su-30MKI” qırıcılarıdır. Bu təyyarələrin baza konfiqurasiyasında qiyməti təxminən 40–55 milyon ABŞ dolları, tam silahlanma və texniki paketlə isə 60-75 milyon dollar arasında dəyişir.
Yada salaq ki, haylar bu ölkə ilə rekord həcmli silah müqavilələri imzalayıb və Hindistanın Ermənistanın mövcud “Su-30SM” qırıcılarını təkmilləşdirmək imkanları var. Bundan əlavə, Hindistan Azərbaycanın Pakistandan təyyarə almasına geosiyasi cavab kimi Ermənistana dəstək verməyə maraqlı görünür.
Beləliklə, Vətən müharibəsindən sonra Azərbaycan Ordusu təkcə qələbə ruhunu yaşatmaqla kifayətlənməyib. O, bu qələbəni davamlı gücə, peşəkarlığa və texnoloji üstünlüyə çevirərək yeni mərhələyə qədəm qoyub. Struktur islahatları, hərbi texnologiya sahəsində tərəfdaşlıqlar və milli müdafiə sənayesinin inkişafı sayəsində Azərbaycan Cənubi Qafqazda sabitliyin, güc balansının və regional təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilib. Azərbaycanın “JF-17C” qırıcılarını əldə etməsi Hayastanın xaricdən silah almasına, revaşist əhval-ruhiyyənin artmasına cavabdır.
Ümumilikdə, Azərbaycanın “JF-17C Block III” kimi həm funksional, həm də əlçatan texnologiyaya üstünlük verməsi fonunda Ermənistanın “Rafale” kimi bahalı Qərb təyyarələri ilə Hərbi Hava Qüvvələrini yeniləmək planı hazırkı mərhələdə real görünmür. Bu cür silahlanma təşəbbüsləri Ermənistanın mövcud iqtisadi imkanları və müdafiə büdcəsi ilə ziddiyyət təşkil edir. Odur ki, “Rafale” kimi texnikanın əldə olunması faktiki addımdan daha çox siyasi jest və ya strateji niyyətin simvolu kimi dəyərləndirilə bilər.
Pünhan ƏFƏNDİYEV
XQ