Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

post-img

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Babək Ramaldanov və İsmayıl Mehdiyevin, eləcə də Azərbaycanın Milli qəhrəmanları Ruslan Muradov və Rəşad Mirabovun xatirələrinə həsr olunan anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə dualar oxunub.

Həzi  Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıblar.
Sonra şəhidlərimizin ömür və döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

















Ordu