Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası mayın 24-də xidməti istifadəyə verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, qüdrətli dövlətimiz tərəfindən işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə paralel şəkildə sərhəd mühafizə infrastrukturlarının qurulması və yaxşılaşdırılması, müasir maddi-texniki vasitələrlə təchizatı ölkəmizin hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayan Müzəffər Ali Baş Komandanın şəxsi heyətə olan ali diqqəti və qayğısıdır.
Tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Xidmət rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.
Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.