Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutka boyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.
Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma və mənəvi-psixoloji vəziyyətin daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Azad edilmiş ərazilərdə xidmət aparan hərbi qulluqçularımız ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar.
* * *
İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
“Bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.