Türkiyə müdafiə sənayesi şirkəti Azərbaycanda mərkəz yaradacaq

post-img

“Azərbaycanda uzun müddətdir ki, “Otokar” zirehli maşınları var və onlardan uğurla istifadə edirlər. Biz də lazım olanda həmin texnikalara hər cür logistik dəstəyi veririk və onların döyüşə hazır olması üçün əlimizdən gələni edirik”. Bu fikirləri Azərbaycan mediasına açıqlamasında Türkiyənin Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc deyib.

Sərdar Görgüc Otokar” şirkətinin Türkiyə və Azərbaycanla birgə fəaliyyətindən danışarkən bildirib ki, birinci məqsədimiz Azərbaycanda yaxşı texniki xidmət, keyfiyyətli servis və logistika dəstəyi göstərə biləcək infrastruktur yaratmaqdır: “Ümid edirik ki, yaxın günlərdə onları yaratmaq mərhələsinə çatacağıq”.

Qeyd edək ki, Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan “Otokar” zirehli hərbi texnikaların istehsalı və ixracı sahəsində liderdir. Şirkətin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir.

Rizvan Fikrətoğlu,
“Xalq qəzeti”

Ordu