Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Şəhər İcra Hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

3. Rayon İcra Hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Kəngərli və Sədərək rayonları istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

4. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

5. Naxçıvan Muxtar Respublikasının Rayon İcra Hakimiyyəti başçılarının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

6. Müəyyən edilsin ki, Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nizamnamə kapitalı yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

7. Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində:

7.1. aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin (bundan sonra – Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi) yaradılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

7.2. Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nizamnaməsinin bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan Nümunəvi Nizamnaməyə uyğun olaraq hazırlanmasını təmin etsinlər və müvafiq qaydada təsdiq edilməsi üçün zəruri tədbirlər görsünlər;

7.3. Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin strukturunu və ştat vahidlərini bu Qərarın 2–5-ci hissələri nəzərə alınmaqla təsdiq edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər;

7.4. aidiyyəti üzrə tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğini dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyən etsinlər;

7.5. aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə respublikanın rayon və şəhər ərazilərində müntəzəm sanitar təmizlik aparılan sahələrin və xidmət göstərilən yaşıllaşdırma sahələrinin həcmini müəyyən edərək müvafiq məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

7.6. bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

8. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 22 ” “ dekabr ” 2025-ci il

№ 408

Nazirlər kabinetinin qərarları