№ 172 Bakı şəhəri, 19 mart 2024-cü il
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464 (Cild I) ilə təsdiq edilmiş “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. II hissə üzrə:
1.1.1. 2.3-1-ci bəndin ikinci cümləsində “risk qiymətləndirilməsi” sözləri “risklərin idarə olunması” sözləri ilə əvəz edilsin;
1.1.2. 2.6-cı bəndin ikinci cümləsinə “xüsusi icazə sahibinə dair məlumatlar” sözlərindən sonra “(sahibkarlara münasibətdə yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri əlavə edilsin;
1.1.3. 2.7-ci bəndə (birinci halda) “xüsusi icazənin sahibinə” sözlərindən əvvəl “sahibkar olmayan” sözləri əlavə edilsin və həmin bənddən “sahibkarlıq subyekti olan xüsusi icazənin sahibinə, həmçinin yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri çıxarılsın;
1.1.4. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
“2.7-1. Səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) xüsusi icazənin sahibi olan sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə öz xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməlidir.”;
1.1.5. 2.8-ci bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.2-ci maddəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.”;
1.1.6. aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:
“2.9-1. Xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”;
1.2. III hissənin mətnində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri “qanunla” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2490 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 86 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.4-cü bəndin üçüncü cümləsində “sifarişli poçt vasitəsi ilə mal sahibinin ünvanına” sözləri “sifarişli poçt göndərişi vasitəsilə mal sahibinin qeydiyyat ünvanına, mal sahibi tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana” sözləri ilə əvəz edilsin;
2.2. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.1. Malların tədqiqi (sınağı) barədə qərara əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.”;
2.3. 6.7-ci bəndə “mal sahibinə” sözlərindən sonra “və ya onun səlahiyyətli nümayəndəsinə” sözləri, “sifarişli poçt vasitəsilə” sözlərindən sonra isə “mal sahibinin qeydiyyat ünvanına, mal sahibi tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri