AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№ 439                     Bakı şəhəri, 6 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 124; 2020, № 5, maddə 635; 2021, № 6 (IV kitab), maddə 676; 2022, № 2, maddə 185, № 4, maddə 416) ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.13-cü yarımbənd 2.1.14-cü yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:

“2.1.13. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğun olaraq 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi;”.

2. 3.6-cı və 3.7-ci bəndlər müvafiq olaraq 3.8-ci və 3.9-cu bəndlər hesab edilsin və aşağıdakı məzmunda 3.6-cı və 3.7-ci bəndlər əlavə edilsin:

“3.6. Bu Qaydaların 2.1.13-cü yarımbəndində qeyd edilən əsaslara uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı obyektlər barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, Fərman qüvvəyə minənədək və ya Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. 

3.7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 3.6-cı bəndinə uyğun olaraq, vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin edir.”.

3. 4.1.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.8-ci yarımbənd əlavə edilsin: 

“4.1.8. bu Qaydaların 2.1.13-cü yarımbəndində qeyd edilən əsaslara uyğun olaraq, vəsatətdə Qaydaların 3.7-ci bəndində qeyd olunmuş müvafiq yerquruluşu planı təqdim edilmədikdə.”.

 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları