Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 106 Bakı şəhəri, 13 aprel 2023-cü il

“Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi akt­larının reyestrinin aparılması qaydala­rı”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidenti­nin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiya­ya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliy­yət Planı” üzrə Tədbirlər Planı”nın 2.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Ka­bineti qərara alır:

1. “Yerli icra hakimiyyəti orqanları baş­çılarının qeyri-normativ hüquqi aktlarının reyestrinin aparılması qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

2.1. yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktları­nın reyestrinin altı ay müddətində forma­laşdırılmasını təmin etsin;

2.2. Azərbaycan Respublikası Prezi­dentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Döv­lət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasi­yası və arxivləşdirilməsi Qaydaları”na uy­ğun olaraq yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktla­rının reyestrinin aidiyyəti dövlət informa­siya ehtiyatları və sistemləri ilə əlaqələn­dirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

3. Yerli icra hakimiyyəti orqanları yer­li icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri fəaliyyətə başladıqdan sonra qəbul etdik­ləri qeyri-normativ hüquqi aktların mütə­madi olaraq həmin reyestrə daxil edilmə­sini təmin etsinlər.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 aprel 

tarixli 106 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestrinin aparılması

 

Q A Y D A L A R I

 

1.             Ümumi müddəalar

 

1.1.            “Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestrinin aparılması qaydaları” (bundan sonra – Qaydalar) yerli icra hakimiyyəti orqanları başçılarının qəbul etdikləri qeyri-normativ hüquqi aktların reyestrinin aparılmasının təşkilati və hüquqi əsaslarını tənzimləyir.

1.2.            Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri (bundan sonra – Reyestr) yerli icra hakimiyyəti orqanları başçılarının qəbul etdikləri qeyri-normativ hüquqi aktlara dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət dövlət informasiya ehtiyatıdır.

1.3.            Reyestrin formalaşdırılmasının məqsədi yerli icra haki-miyyəti orqanları başçılarının qəbul etdikləri qeyri-normativ hüquqi aktlar barədə məlumatların toplanılması, saxlanılması, istifadəsi və istifadəçilər tərəfindən özlərinə aid və ya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq hesab edilən məlumatların əldə edilməsidir.

1.4.            Reyestrdə formalaşdırılan, yaradılan, əldə edilən, daxil edilən (ötürülən), toplanılan, mühafizə edilən və saxlanılan məlumatlar və sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5.            Reyestrin formalaşdırılması, aparılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və qanunla müəyyən olunan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6.            Reyestrin formalaşdırılmasına və aparılmasına dair bu Qaydalarla tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il            12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun tənzimlənir.

1.7.            Fərdi məlumatların Reyestrdə toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

2.             Əsas anlayışlar

 

2.1.            Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.        istifadəçi - normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə etmək və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər;

2.1.2.        iştirakçı - Reyestrin informasiya proseslərində iştirak edən yerli icra hakimiyyəti orqanları;

2.1.3.        sahib - Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, qanunvericiliyə uyğun qaydada Reyestrin aparıl-masını təmin edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;

2.1.4.        operator - bu Qaydalarla müəyyən edilmiş həcmdə və şərtlərlə Reyestrin fəaliyyətini, idarə olunmasını və inkişafını təmin edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs.

2.2.            Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                            12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

 

3.             Reyestrin fəaliyyət prinsipləri

 

3.1. Reyestr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır.

4.             Reyestrin infrastrukturu

 

4.1.            Reyestrin infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

4.1.1.        proqram-texniki vasitələr;

4.1.2.        telekommunikasiya qurğuları və kanalları;

4.1.3.        informasiya ehtiyatı və onu idarəetmə paneli;

4.1.4.        ehtiyat nüsxələr;

4.1.5.        test mühiti;

4.1.6.        axtarış modulu;

4.1.7.        statistika modulu.

4.2.            Proqram-texniki vasitələr Reyestrin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, Reyestrdən istifadəni və məlumat mübadiləsini təmin edir.

4.3.            Reyestr fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlərin göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir. Reyestrin qurulma topologiyasına uyğun olaraq telekommunikasiya qurğuları və kanalları aşağıdakı səviyyələrdə təşkil edilir:

4.3.1.        Reyestrin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları həmin dövlət qurumunun struktur bölmələri tərəfindən;

4.3.2.        Reyestrdə toplanılan məlumatların, onların ehtiyat nüsxələrinin saxlanılması məqsədilə “Hökumət buludu”na ötürülmə-sinin, eləcə də məlumat mübadiləsinin təşkili üçün mərkəzləşdirilmiş mühafizə olunan telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

4.4.            Reyestrdə formalaşdırılan, daxil edilən və mübadilə edilən məlumatlar Reyestrin informasiya ehtiyatında saxlanılır.

4.5.            İdarəetmə paneli Reyestrin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

4.6.            Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Reyestr, o cümlədən həmin Reyestrdə toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

4.7.            Reyestrdə aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.

4.8.            Axtarış modulu Reyestrdə çoxfunksiyalı axtarış imkanlarını təmin edir.

4.9.            Statistika modulu statistik məlumatların toplanılmasını və istifadəçilər tərəfindən əldə olunmasını təmin edir.

 

5.             Reyestrə daxil edilən və ötürülən məlumatlar

 

5.1. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

5.1.1. qeyri-normativ hüquqi aktı qəbul edən yerli icra hakimiyyəti orqanının adı;

5.1.2. qeyri-normativ hüquqi aktın növü (əmr və ya sərəncam);

5.1.3. qeyri-normativ hüquqi aktın adı (sərlövhəsi);

5.1.4. qeyri-normativ hüquqi aktın qəbul edildiyi yer, tarix və qeydiyyat nömrəsi;

5.1.5. qeyri-normativ hüquqi aktı imzalayan şəxsin adı, soyadı və vəzifəsi;

5.1.6. qeyri-normativ hüquqi aktın mətni;

5.1.7. barəsində qeyri-normativ hüquqi akt qəbul edilən istifadəçinin adı (dövlət orqanının (qurumunun), yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı və atasının adı);

5.1.8. barəsində qeyri-normativ hüquqi akt qəbul edilən istifadəçinin VÖEN-i (dövlət orqanı (qurumu), yerli özünüidarəetmə orqanı, hüquqi şəxs) və FİN-i (fiziki şəxs);

5.1.9. qeyri-normativ hüquqi aktın Reyestrə daxil edildiyi tarix və Reyestr nömrəsi;

5.1.10. qeyri-normativ hüquqi aktda dəyişiklik edilməsi və ya onun ləğv edilməsi barədə hüquqi aktın növü, adı, qəbul edildiyi yer, tarix və qeydiyyat nömrəsi və Reyestrə daxil edildiyi tarix;

5.1.11. qeyri-normativ hüquqi aktda edilmiş dəyişikliyin və ya onun ləğv edilməsinin səbəbi.

5.2. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən elektron kabinetləri vasitəsilə daxil edilərək gücləndirilmiş elektron imzaları ilə təsdiq olunur.

5.3. Reyestrdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

 

6.             Reyestrin aparılması qaydaları

 

6.1.            Reyestr elektron formada və Azərbaycan Respublikasının dövlət dilində aparılır.

6.2.            Yerli icra hakimiyyəti orqanının başçısının qəbul etdiyi qeyri-normativ hüquqi akt barədə bu Qaydaların 5.1-ci bəndində qeyd edilmiş məlumatlar 3 (üç) iş günü müddətində Reyestrə daxil edilməlidir. Məlumatlar yerli icra hakimiyyəti orqanının başçısı və ya onun təyin etdiyi məsul şəxs tərəfindən Reyestrə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.

6.3.            Reyestrə daxil edilmiş qeyri-normativ hüquqi akta Reyestr tərəfindən vahid və təkrarlanmayan reyestr nömrəsi verilir.

6.4.            Reyestrə məlumatların daxil edilməsi zamanı texniki-texnoloji problemlər yarandıqda, iştirakçı tərəfindən bu barədə operatora məlumat verilməlidir. Operator daxil olmuş müraciətlə bağlı 1 (bir) iş günü müddətində araşdırma aparmalı və araşdırmanın nəticəsi barədə müraciət edən şəxsi məlumatlandırmalıdır. 

6.5.            Reyestrə qeyri-normativ hüquqi aktlarla bağlı məlumatlar daxil edildikdən sonra həmin məlumatlarda dəyişiklik edilməsi müvafiq iştirakçı tərəfindən həyata keçirilir. 

 

7. Sahibin hüquq və vəzifələri

 

7.1. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

7.1.1.     Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

7.1.2.      Reyestrin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;

7.1.3.      normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Reyestrə daxil etmək;

7.1.4.      Reyestrin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.1.5.     Reyestrdən sərbəst və maneəsiz istifadə, eləcə də onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

7.1.6.     Reyestrdə dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

7.1.7.      Reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq.

7.2. Reyestrin fəaliyyətini təmin etmək üçün sahib aşağıdakı vəzifələri həyata keçirir:

7.2.1.      Reyestrin idarə olunmasını təşkil etmək, təkmilləş-dirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

7.2.2.     Reyestr formalaşdırıldıqdan sonra “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə, o cümlədən fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatının həyata keçirilməsi üçün tədbirlər görmək; 

7.2.3. fərdi məlumatların Reyestrdə işlənilməsinin və mühafizə-sinin fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək; 

7.2.4. Reyestrin fərdi məlumatlar sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunu təmin etmək;

7.2.5. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin məlumat-ların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;

7.2.6. Reyestrin informasiya təhlükəsizliyini fəaliyyət istiqamət-lərinə uyğun olaraq XRİTDX və operator ilə birlikdə təmin etmək, dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.2.7. Reyestrə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının, konfidensiallığının təmin edilməsi, habelə həmin məlumat-ların, informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

7.2.8. Reyestrin mühafizəsinin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün aidiyyəti dövlət orqanları və operator ilə birlikdə tədbirlər görmək;

7.2.9. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq etmək və ya imtina etmək;

7.2.10. Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək.

 

8. Operatorun hüquq və vəzifələri

 

8.1.         Operatorun aşağıdakı hüquqları vardır:

8.1.1.      Reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək;

8.1.2.      normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Reyestrə daxil etmək;

8.1.3.      Reyestrin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

8.1.4.      Reyestr ilə məlumat mübadiləsində iştirak edən digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə sahibə təkliflər vermək;

8.1.5.      Reyestrin parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

8.1.6. sahiblə razılaşdırmaqla iştirakçıların və istifadəçilərin Reyestrə giriş imkanını ləğv etmək və ya məhdudlaşdırmaq.

8.2. Operator aşağıdakı vəzifələri həyata keçirir:

8.2.1.      Reyestrin informasiya təhlükəsizliyini sahiblə birlikdə təmin etmək;

8.2.2.      Reyestrə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlı-ğının, konfidensiallığının təmin edilməsi, habelə həmin məlumatların, informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

8.2.3.      Reyestrin mühafizəsinin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün sahiblə birlikdə tədbirlər görmək;

8.2.4.      Reyestrin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasaz-lıq yarandıqda və ya əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq və sahibi məlumatlandırmaq, qəza və nasazlığın dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda isə Reyestrin “Hökumət buludu”nda fəaliyyətini davam etdirməsi üçün sahiblə birlikdə zəruri tədbirlər həyata keçirmək;

8.2.5.      Reyestrin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində texniki tədbirlər görmək;

8.2.6.      Reyestrdən sərbəst və maneəsiz istifadəni, Reyestrin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Reyestrin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

8.2.7.      Reyestri EHİS-yə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

8.2.8.     Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.2.9.      Reyestrin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;

8.2.10.    sahibin verdiyi təkliflər əsasında Reyestrdə dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;

8.2.11.    sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqların keçirilməsini təmin etmək;

8.2.12.    Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;

8.2.13.    Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini hüquqi aktlara, beynəlxalq standartlara və bu Qaydalarla müəyyən edilən tələblərə uyğun formada aparmaq.

 

9. İştirakçıların hüquq və vəzifələri

 

9.1. İştirakçıların aşağıdakı hüquqları vardır:

9.1.1. Reyestrin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə sorğular vermək;

9.1.2.      dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi istiqamətində həmin informasiya ehtiyatlarının və sistemlərinin sahibinə təkliflər vermək.

9.2. İştirakçılar aşağıdakı vəzifələri həyata keçirir:

9.2.1.      Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.2.2.      Reyestrə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını təmin etmək;

9.2.3.     aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Reyestrə daxil etmək (ötürmək) üçün sahibə və ya operatora təqdim etmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.2.4.      məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

9.2.5.      Reyestrdən və Reyestrdə olan məlumatlardan (sənəd-lərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.2.6.      Reyestrdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar-lanmış səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və operatora məlumat vermək;

9.2.7. sahibin və operatorun Reyestrə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

9.2.8.      Reyestrin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

9.2.9.      məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və operatora məlumat vermək.

            

10.          Reyestrdən istifadə qaydası

 

10.1.         Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların və digər hüquqi şəxslərin Reyestrdən istifadəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinin və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq EHİS-yə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

10.2.         Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin Reyestrdən istifadəsi onların rəhbər şəxsi tərəfindən Reyestrdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslərin Vahid Giriş Sistemi vasitəsilə identikləşdirilməsi yolu ilə təmin edilir.

10.3.         Bu Qaydaların 10.1-ci və 10.2-ci bəndlərində nəzərdə tutulmayan hüquqi və fiziki şəxslərin Reyestrdən özlərinə aid məlumatları əldə etməsi onların Vahid Giriş Sistemi vasitəsilə identikləşdirilməsi yolu ilə təmin edilir.

10.4.         Bu Qaydaların 10.3-cü bəndində nəzərdə tutulan istifadəçilərin özlərinə aid və ya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq hesab edilən məlumatları əldə etməsini təmin etmək məqsədilə operator tərəfindən Reyestrdə müxtəlif parametrlər üzrə axtarış aparılmasına imkan verən modul yaradılır.

10.5.         Operator sahiblə razılaşdırmaqla Reyestrdən istifadə və Reyestrə giriş hüquqlarını qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə məhdudlaşdırır.

Nazirlər kabinetinin qərarları