Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır

post-img

Müsahibimiz Milli Məclisin deputatı Cavanşir Feyziyevdir

Hazırda dünyada cərəyan edən hadisələr heç də nikbin proqnozlara rəvac vermir və sabitlikdən çox xaosa doğru getdiyi qənaətini yaradır. Az qala bütün qitələri bürümüş münaqişələr qlobal siyasi və iqtisadi balansı dəyişib. “Böyük güclər” arasında geosiyasi transformasiya yenicə başlayıb və bu prosesin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil.

Azərbaycan bu təlatümlü dönəmdə milli maraqlarına uyğun, şəffaf və praqmatik xarici siyasət yürüdür. Doğrudur, Ermənistanla yekun sülh sazişi imzalanmadan bölgədə tam sabitliyin bərqərar olduğunu söyləmək tezdir. Bu gün ölkəmiz üçün digər vacib məsələ qlobal dəyişikliklərə uyğun yanaşma formalaşdırmaq, heç nəyə baxmadan strateji tərəfdaşlarla əməkdaşlığı davam və inkişaf etdirməkdir.

Sadaladığımız istiqamətlər üzrə, eləcə də digər səpkidə suallarımızı tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin deputatı, Mədəniyyət və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvü Cavanşir Feyziyev cavablandırdı.

– Cavanşir müəllim, bu gün dünya münaqişələr məngənəsindədir. Rusiya–Ukrayna, ABŞ/İsrail–İran hərbi qarşıdurmaları minlərlə can alıb və bunun sonu görünmür. Azərbaycana həm şimaldan, həm də cənubdan barıt qoxulu yellər əsir. Belə gərgin və təhlükəli hərbi-siyasi vəziyyətdə ölkəmiz gözlənilən real təhdidlərə qarşı duruş gətirməyi bacarır...

– Bəli, doğrudan da, dünya miqyasında hərbi-siyasi gərginlik və silahlı qarşıdurmalar bu əsrdə özünün pik həddinə çatıb. Ətrafımızda iki qanlı müharibə gedir. Artıq beşinci ildir davam edən Rusiya-Ukrayna müharibəsi bizdən çox da uzaqda deyil və istər-istəməz bizim bu dövlətlərlə ikitərəfli münasibətlərimizə təsirsiz ötüşmür. ABŞ və İsrailin İrana qarşı apardığı müharibə isə birbaşa bizim sərhədlərimizdə baş verir və onun fəsadları ilə artıq Naxçıvanda üzləşmişik. Belə bir gərginlik şəraitində hadisələri izləmək, onların gedişini düzgün dəyərləndirmək və proqnozlaşdırmaq, xarici və daxili siyasəti ətrafımızda baş verənlərlə uzlaşdırmaq böyük siyasi məharət və yeri gəldikdə isə böyük cəsarət tələb edir.

Bütün bunları biz dövlətimizin apardığı siyasətdə müşahidə edirik. Azərbaycan cəmiyyəti əmindir ki, Prezident İlham Əliyevin atdığı və atacağı bütün addımlar müstəsna olaraq milli maraqlarımız çərçivəsində və beynəlxalq hüquq əsasında formalaşır. Bəli, müəyyən dərəcədə, gərginlik və təhlükələr mövcuddur, amma onların önlənməsi və gərginliyin aradan qaldırılması üçün Azərbaycan dövlətinin aydın və şəffaf siyasi xətti var. Üstəlik, Azərbaycan cəmiyyətində hökm sürən dövlət-cəmiyyət həmrəyliyi və milli vətənpərvərlik qarşımıza çıxa biləcək bütün çətinliklərin dəf edilməsi üçün möhkəm zəmin yaradır.

– Rəsmi Bakı xarici siyasətində daim bölgədə və dünyada sülh və əməkdaşlığı özünün prioriteti kimi irəli sürür, bu yöndə konkret addımlar atır. Bu kontekstdən yanaşanda Cənubi Qafqazın artıq sülh və əməkdaşlıq mərhələsinə keçdiyini söyləmək olarmı?

– Ölkədə sülh, bölgədə sülh və dünyada sülh. Məhz bu prinsipə uyğun olaraq Heydər Əliyev 1993-cü ildə Ermənistanla atəşkəs əldə olunmasına üstünlük verdi. Atəşkəs dövründə əldə edilmiş iqtisadi, hərbi, siyasi üstünlüklərinə baxmayaraq, Azərbaycan dövləti 30 ilə yaxın münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışdı. Sonda Vətən müharibəsi başa çatar-çatmaz Azərbaycan yenə də məğlub tərəfə sülh təklifi ilə müraciət etdi. Dünyada hər cür inkişafın əsasında məhz sülh və təhlükəsizlik dayanır. Bu amillər təmin olunmadan heç bir ölkədə sabit və davamlı inkişafı təmin etmək mümkün olmaz.

Vətən müharibəsindən keçən illər ərzində Cənubi Qafqaz bölgəsində əsaslı dəyişikliklər baş verib. Bu dəyişikliklər təkcə torpaqlarımızın işğaldan azad olunmasından ibarət deyil. Zənnimcə, müharibənin bölgəyə gətirdiyi ən böyük dəyişiklik ictimai şüurla bağlıdır. İki əsr “Böyük Ermənistan” xülyası ilə zombiləşdirilmiş erməni cəmiyyətində şüur dəyişikliyinin baş verməsi, obyektiv gerçəkliyin dərk olunması bütövlükdə Cənubi Qafqazda sonrakı hadisələrin axarını dəyişdirir. Keçən əsrin 80-ci illərində “Miatsum” şüarı ilə zəhərlənmiş erməni cəmiyyəti Vətən müharibəsindəki tam məğlubiyyətə qədər obyektiv reallıqla bağlı heç bir mülahizəni eşitmək belə istəmirdi.

Son 5 ildə erməni ictimai şüuru kifayət qədər dəyişikliklərə məruz qalıb. Azərbaycanın bölgədə yaratdığı yeni hərbi-siyasi reallıqlar ilk baxışdan həmişə yekdil və həmrəy görünən erməni cəmiyyətini silkələdi və onu öz keçmişi və gələcəyi ilə bağlı daha dərindən düşünməyə və doğru seçim etməyə vadar etdi. Hazırda erməni cəmiyyətində sülh tərəfdarları böyük üstünlük təşkil edirlər. Bir sıra erməni siyasətçiləri və siyasi təhlilçilər Ermənistan və ermənilər haqqında şüurlara yeridilmiş mifləri dağıdan açıqlamalarla çıxış edirlər. Bütün bunlar çox önəmlidir. Çünki bir ölkədə, regionda və nəhayət, dünyada sülhün əldə olunması və qorunub saxlanması, ən azı, birtərəfli proses deyil. Bu ikitərəfli və əsasən də çoxtərəfli prosesdir.

Bölgəmizdə davamlı sülhün təmin olunması, ilk növbədə, bölgə dövlətlərinin özündən asılıdır. Məhz buna görə Azərbaycanın sülh yaratmaq məqsədilə atdığı bütün addımlarla yanaşı, Ermənistanda ictimai şüurun yenilənməsi və ictimai rəydə sülh tərəfdarlarının artması olduqca vacibdir. Bölgədəki hadisələrin bugünkü mənzərəsi onu deməyə əsas verir ki, Cənubi Qafqaz artıq bütövlükdə sülh və əməkdaşlıq rejiminə köklənib və bu prosesləri davamlı və dönməz etmək üçün bütün maraqlı tərəflər müvafiq zəruri addımları atırlar.

– Keçən ilin avqustunda Ağ Evin birbaşa vasitəçiliyi ilə imzalanan Birgə Bəyannamə və sülh sazişinin paraflanması sayəsində Ermənistanla münasibətlər normal məcraya düşüb. Amma hələ yekun sülh müqaviləsi imzalanmayıb, “nə sülh, nə müharibə” dönəminin başa çatdığını deyə bilmərik. Sizin fikrinizcə, 7 iyun parlament seçkilərində Ermənistanda radikal müxalifət hakimiyyətə yiyələnərsə, Azərbaycanla müharibənin yenidən alovlanması ehtimalı nə qədər realdır?

– Birincisi, Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərində radikal müxalifətin hakimiyyətə yiyələnməsi real görünmür. Belə bir arzuolunmaz nəticə yalnız kobud xarici müdaxilə nəticəsində əldə oluna bilər. Odur ki, həm Ermənistan siyasi hakimiyyəti, həm beynəlxalq təşkilatlar və bölgədə maraqlı olan bütün dövlətlər Ermənistanda hökm sürən seçkiqabağı vəziyyəti diqqətlə izləyirlər. Hətta Avropa İttifaqı seçkilərə mümkün kənar müdaxilə cəhdlərinin qarşısının alınması üçün Ermənistana yardım etmək haqqında qərar qəbul edib və maliyyə vəsaiti ayırıb. Azərbaycan da Ermənistanda keçiriləcək parlament seçkilərində maraqlı tərəfdir. Çünki bölgəmizdə hadisələrin sonrakı inkişafı məhz bu seçkilərin nəticələrindən asılıdır.

Lakin reallıq ondan ibarətdir ki, seçkilərdə kimin qalib gəlməsindən və ya kənar müdaxilə nəticəsində hakimiyyətin necə dəyişməsindən asılı olmayaraq Azərbaycanla Ermənistan arasında arasında yeni müharibənin başlanması üçün heç bir şərait mövcud deyil. 2020-ci ilin Vətən müharibəsində Ermənistanın hərbi potensialı, demək olar ki, tamamilə məhv edilib. Keçən illər ərzində erməni cəmiyyəti 80-ci illərin sonundan başlayaraq uzun müddət ərzində aparılmış işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib və məğlubiyyətlə barışıb.

Ermənistan dövləti yarandıldığı gündən etibarən bölgəmizdə böyük güc mərkəzləri üçün alət rolunu oynamağın acı nəticələrini də görüb və bu gün bunun etirafı eşidilməkdədir. Revanşist qüvvələrin bu və ya digər şəkildə hakimiyyətə yiyələnməsi halında belə onların Azərbaycana qarşı hər hansı təcavüzkar addım atmaq imkanları yoxdur. Vətən müharibəsindən sonrakı dövrdə bütövlükdə Cənubi Qafqazdakı hadisələrin axarını məhz Azərbaycan müəyyənləşdirir və idarə edir. Ona görə də Azərbaycanın iradəsindən kənar heç bir siyasi, iqtisadi və ya hərbi dəyişikliyin baş verməsi mümkün deyil.

– Azərbaycanın beynəlxalq arenada sərgilədiyi mövqeyinə toxunaq. İstər BMT Təhlükəsizlik Şurasına rəhbərliyi, istərsə də Qoşulmama Hərəkatına sədrliyi dönəmində Azərbaycan “Qara qitə”nin maraqlarını müdafiə edib, COVID pandemiyasında müxtəlif ölkələrə yardımlar göndərib. Xarici siyasətimizin bu coğrafiyada fəallaşmasını necə dəyərləndirərdiniz?

– Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən bu günədək böyük inkişaf yolu keçib. İqtisadiyyatı tam iflasa uğramış, torpaqları işğala məruz qalmış, dəfələrlə dövlət çevrilişi cəhdləri ilə üzləşmiş və nəzərəçarpacaq hərbi potensiala malik olmayan zəif bir dövlətdən Azərbaycan sürətlə inkişaf edən, dünya siyasi və iqtisadi sistemlərinə uğurla inteqrasiya olunmuş ictimai rifah dövlətinə çevrilib.

Artıq dünyada baş verən proseslərə Azərbaycanın mövqeyi ciddi şəkildə nəzərə alınır və beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu getdikcə artır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına rəhbərliyi, Qoşulmama Hərakatına 4 il uğurla davam edən sədrliyi və nəhayət, Qarabağ münaqişəsinin çözülməsində həlledici rolu Azərbaycan dövlətini qlobal aktora çevirib. Qlobal aktor rolunda da Azərbaycan bölgədə və dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında özünün siyasi, iqtisadi və hərbi imkanlarından məharətlə istifadə edir.

2019-2023-cü illərdə dünyanı sarsıtmış pandemiyaya qarşı beynəlxalq səviyyədə mütəşəkkil müqavimətin təşkil olunmasında Azərbaycan müstəsna rol oynadı və ilk növbədə, pandemiyadan ən çox zərər görmüş qlobal cənub ölkələrinə beynəlxalq yardımın təşkil olunmasının təşəbbüsçüsü oldu. Bütün bunlar dünya dövlətləri və xalqları tərəfindən çox yüksək qiymətləndirildi. Keçən il ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılmış Sülh Şurasında təsisçi üzv qismində dəvət olunması da Azərbaycanın son illərdə beynəlxalq səviyyədə qazandığı və möhkəmləndirdiyi nüfuzun göstəricisi hesab oluna bilər.

Bütün bunlar dövlətimizə beynəlxalq arenada daha fəal xarici siyasət yürütmək, qlobal proseslərə daha çevik və fəal surətdə reaksiya göstərmək imkanları yaradır. Prezident İlham Əliyev məhz bu müstəvidə ölkəmizi bütün dünyaya tanıtdı və onun dünya miqyasında söz sahibinə çevrilməsini təmin etdi. Bu Azərbaycanın siyasi tarixində ən böyük nailiyyətdir.

– Azərbaycanın Asiya nəhəngi Çinlə strateji tərəfdaşlıq əlaqələri Qərbin bəzi “güclərini” narahat etməyə başlayıb. Xüsusilə Çin mallarının Orta Dəhlizin bir qolu olan Zəngəzur üzərindən Avropaya daşınması layihəsi onlarda qıcıq yaradır. Bunu açıq söyləməsələr də, vurduqları eyhamlardan duyulur...

– Orta Dəhliz kimi qlobal layihələr ilk baxışdan göründüyü kimi, sadəcə iqtisadi layihə deyil. Bu kimi layihələrin alt qatında həmişə siyasi, iqtisadi, hərbi məqsədlər və gözləntilər də mövcud olur. Ona görə Azərbaycanın belə layihələrdə fəal rol almasına digər aktorlar biganə qala bilməzlər. Ümumiyyətlə, müstəqil dövlət olmaq, müstəqil siyasət yeritməyə cəhd etmək aramsız mübarizə aparmaq üçün qlobal siyasi rəqbət meydanına girmək kimi başa düşülməlidir. Siz bu meydandasınızsa həmişə təzyiqlərlə, hətta təhdidlərlə üzləşəcəksiniz. Bu əbədi mübarizədə uğurlu olmağın şərti diplomatik məharətin, siyasi səriştənin, iqtisadi gücün və hərbi üstünlüyün simbioz şəkildə milli maraqlar istiqamətində birlikdə hərəkətə gətirilməsindən ibarətdir.

Azərbaycan dövlətinin timsalında bütün zəruri şərtlərin vahid bir paradiqma üzərində təmin olunduğunu görmək mümkündür. Məhz bu halda bölgədə və dünyada baş verən pozitiv proseslərdən daha çox faydalanmaq, neqativ proseslərdən isə itkisiz və ya daha az itki ilə çıxmaq mümkündür. Bu baxımdan İlham Əliyevin yürütdüyü siyasət bütün dövlətlər üçün nadir örnək və uğurlu presedentdir. Azərbaycan dövlətinin qlobal prosesləri düzgün dəyərləndirməsi və onlara adekvat mövqe sərgiləməsi bütün layihələrdə onun uğurlu olmasını təmin edir. Son onilliklər ərzində məhz Azərbaycanın təşəbbüsü ilə bölgədə həyata keçirilən tranzit-nəqliyyat, qlobal əhəmiyyətli neft-qaz nəqli layihələri Şərqlə Qərb və Şimalla Cənub arasında min illər ərzində arzulanan, lakin reallaşdırıla bilməyən bağlantıları yaratmaqdadır.

Bütün bunlar, ilk növbədə, Azərbaycanın uğurlarıdır və bu uğurlardan bütün region ölkələri və hətta qlobal aktorlar faydalanacaqlar. Buna görə Azərbaycan bütün qlobal güc mərkəzlərinin diqqət mərkəzindədir və diqqət mərkəzində olmaq isə sadəcə siyasi və iqtisadi dividendlər gətirmir, həm də dövləti qlobal rəqabətin qaynar “savaş” meydanına çəkir. Bu gün Azərbaycan belə bir kəskin rəqabət mühitində yerləşir və bu rəqabətdən maksimum dərəcədə faydalanmaq imkanlarına malikdir.

Azərbaycanın Çinlə strateji tərəfdaşlığı onun bütün güc mərkəzləri ilə münasibətlərdə yürütdüyü balanslı siyasətin tərkib hissəsidir. Bu tərəfdaşlıq heç bir üçüncü tərəfə qarşı deyil, əksinə, müxtəlif güc mərkəzlərinin bizim bölgəmizdə olan maraqlarının ən səmərəli şəkildə uzlaşdırılmasının göstəricisidir. Çinlə strateji tərəfdaşlığımız heç də digər güc mərkəzləri ilə münasibətlərimizi zədələmir, əksinə, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılmasında ABŞ ilə müttəfiqlik edirik və ya Avropanın enerji resursları ilə təmin olunmasında müstəsna rol oynadmaqla yanaşı, Rusiya ilə dostluq və qonşuluq siyasəti də uğurla davam etdirilir. Türkiyə ilə müttəfiqliyimiz isə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Azərbaycan türk dövlətlərinin inteqrasiyası müstəvisində də aparıcı rol oynayır. Bütün bunlar Azərbaycanın uğurlarına qısqanc yanaşan qüvvələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

– Ümumiyyətlə, Avropanın, məlum səbəblərə görə, ənənəvi müttəfiqi və dəstəkçisi ABŞ-dan uzaqlaşaraq Çinlə əməkdaşlığa meyillənməsinin perspektivini necə görürsünüz?

– Hesab edirəm ki, Avropa İttifaqı hələlik yetkinləşməmiş bir qurumdur. Təxminən 70 ildir formalaşmaqda olan bu qurum özünün son konfiqurasiyasını əldə etməyib. Avropa İttifaqı çərçivəsində baş verən hadisələr belə nəticə çıxarmağa əsas verir. Sözdə vahid güc kimi çıxış edən Avropada əslində çoxsaylı daxili ziddiyyətlər mövcuddur. Siyasi, iqtisadi, hərbi və hətta humanitar xarakterli çətinliklər qarşıya çıxdıqda bu ziddiyyətlər özünü açıq-aşkar göstərir. Məsələn, pandemiya dövründə Avropa İttifaqına üzv ölkələrin münasibətlərində qarşılıqlı yardım əvəzinə, qarşılıqlı mübarizənin şahidi olduq.

Hər bir dövlət digərlərinin maraqlarını nəzərə almadan, ilk növbədə, özünün təhlükəsizliyini təmin etməyə cəhd göstərdi və bir çox hallarda bunu öz müttəfiqlərinin ziyanına təmin etməyə çalışdı. Rusiya-Ukrayna müharibəsinə münasibətdə də Avropa vahid mövqeyə nail ola bilmədi. Rusiya üzərinə qoyulan sanksiyalar və ya Ukraynaya yardım məsələlərində kifayət qədər ziddiyyətli mövqelər sərgiləndi. Avropa-ABŞ münasibətlərində də İttifaq dövlətlərinin vahid mövqedən çıxış etdiyini görmürük. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədə də Avropa İttifaqı yekdil yanaşma nümayiş etdirə bilmədi. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı konsepsiyasının özündə müəyyən çatışmazlıqlar var.

Bu amilləri araşdırmaq, təhlil edib müvafiq nəticələr çıxarmaq və İttifaq müqaviləsinə lazımi dəyişiliklər etmək Avropa siyasətçilərinin işi və qayğısı olmalıdır. Onlar isə bir çox hallarda vahid Avropa uğrunda deyil, populist təşəbbüslərlə siyasi hakimiyyətə yiyələnmək üçün mübarizə aparırlar. Avropanın ABŞ maraqlarına zidd olaraq Çinlə yaxınlaşmaq cəhdləri isə ənənəvi Avropa yanaşmasının təzahürüdür. Avropa siyasəti heç zaman sabit olmayıb və sabit dəyərlərə söykənməyib. İstənilən ani fayda imkanları onları öz siyasətinə korrektə etməyə sövq edir və bəzi hallarda sözdə fəxr etdikləri Avropa idealları keçici bir marağa qurban verilir. Bütün bunlar qlobal siyasi arenada Avropaya inamı və etimadı zəiflədir.

– Gələk Azərbaycan–Avropa İttifaqı münasibətlərinin üzərinə. Bir tərəfdən ölkəmiz Aİ üzvü olan 10-dan çox dövlətin enerji təhlükəsizliyini təmin edir, digər tərəfdən AŞPA-da təmsilçiliyimizin bərpasına ögey yanaşma görürük. Sizcə, bu ikili standartlara nə vaxtsa son qoyulacaq?

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki müstəsna rolu danılmazdır və bu fakt Avropa İttifaqı tərəfindən dönə-dönə etiraf edilib. Lakin Avropa İttifaqının əsassız hegemonluq iddiaları bir çox məsələlərdə onun zəifliyini üzə çıxarır. Azərbaycan – AŞPA münasibətlərində Avropanın zəifliyi özünü daha aydın göstərir.

İttifaqa üzv olmayan ölkə üzərində öz hegemonluq iddiasını həyata keçirə bilməyəndə onu səs hüququndan məhrum etməklə hədələmək, əslində, zəiflik əlamətidir. Azərbaycan belə əsassız iddiaları qəbul edəcək qədər zəif bir dövlət deyil. Odur Azərbaycan nümayəndə heyəti özü AŞPA çərçivəsində öz fəaliyyətini dayandırdı və AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyi aradan qalxmayana qədər bu təşkilat çərçivəsində fəaliyyət göstərməyə ehtiyac hiss etmir. İndi top onların tərəfindədir. Vəziyyətin dəyişməsi üçün növbəti konstruktiv gediş AŞPA tərəfindən edilməlidir.

– Ermənistan cəmiyyətində Azərbaycanın sülh niyyətinə inananların sayı artmaqdadır. Vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşündə bu tezis xüsusi olaraq vurğulandı. Necə düşünürsünüz, onlarda müharibə xofunun, düşmənçiliyin, revanşist xəyalların aradan qalxması, qonşu kimi normal münasibətlər quraraq yanaşı yaşamağa inamın yaranması üçün nə qədər vaxt lazımdır?

– Dünya hərb elmində müharibələrin psixoloji, sosioloji, etik, emosional və s. effektləri ilə bağlı çoxsaylı araşdırmalar aparılıb gəlinən qənaət ondan ibarətdir ki, müharibədə məğlub olan tərəf, bir qayda olaraq, bir neçə emosinal mərhələdən keçməyə məcbur olur. Şüurda məğlubiyyətin acısı ilə başlayan mərhələ daha sonra qəzəblə əvəz olunur. Qəzəb revanşizm duyğularını alovlandırır. Məğlubiyyətin gətirdiyi itkilər revanş təşəbbüsünü mümkünsüz edir və məğlub kütlə çıxılmazlıq kimi ağır bir psixoloji duruma yüklənir. Belə bir durumdan çıxış yolu yalnız reallığın dərk olunması ilə başlayır. Mövcud reallıq dərk olunmağa başlayanda peşmanlıq hissi yaranır və hadisələri yenidən və daha doğru dəyərləndirməyə cəhdlər ortaya çıxır.

Ermənistan cəmiyyəti 2020-ci il müharibəsindən sonra bütün bu mərhələləri keçib və hazırda cəmiyyətin böyük bir hissəsi sülhün zəruriliyinə inanır. Belə bir şəraitdə müharibəyə qayıdış ehtimalı kəskin şəkildə azalır. Hazırda Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üzrə aparılan proseslər də şərh etdiyimiz ssenarini təsdiq edir. Ona görə də əminəm ki, Azərbaycanın yaratdığı mövcud reallıqlar şəraitində yeni bir müharibənin başlanmasını ehtimalını tamamilə istisna etmək olar.

Müsahibəni yazdı:
İmran BƏDİRXANLI
XQ

"Bölgədə hadisələrin sonrakı inkişafı məhz Ermənistanda keçiriləcək parlament seçkilərin nəticələrindən asılıdır. Digər reallıq ondan ibarətdir ki, seçkilərdə kimin qalib gəlməsindən və ya kənar müdaxilə nəticəsində hakimiyyətin dəyişməsindən asılı olmayaraq Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanması üçün heç bir şərait yoxdur".

 

"Azərbaycan qlobal güc mərkəzlərinin diqqət mərkəzindədir və diqqət mərkəzində olmaq isə sadəcə siyasi və iqtisadi dividendlər gətirmir, həm də dövləti qlobal rəqabətin qaynar “savaş” meydanına çəkir. Çinlə strateji tərəfdaşlığımız heç də digər güc mərkəzləri ilə münasibətlərimizi zədələmir, əksinə, Zəngəzur dəhlizinin yaradılmasında ABŞ ilə müttəfiqlik edirik".



Müsahibə