Antalya Forumunun tezisləri çağdaş diplomatik zərurəti ifadə edir
Bu gün “böyük güclər” arasında rəqabətin dərinləşdiyi şəraitdə regionların öz təhlükəsizlik və inkişaf gündəliklərini daha müstəqil şəkildə formalaşdırmaq cəhdləri güclənir. Azərbaycanın bu istiqamətdə irəli sürdüyü konseptual yanaşma xüsusilə diqqətəlayiqdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Antalya Diplomatiya Forumunda qeyd etdiyi kimi, “regional sahiblənmənin əsas prinsipləri regional çağırışları və problemləri özümüzün, eyni fikirdə olduğumuz tərəfdaşlarla birlikdə həll etməkdən ibarətdir. Biz regionumuzda başqalarının gəlib missiyalarını yerinə yetirmələrini gözləmək əvəzinə, öz nizamımızı özümüz qurmalıyıq”.
Digər mühüm məqam regional sahiblənmənin konkret prinsiplər və mexanizmlər üzərində qurulmasıdır. H.Hacıyevin sözləri ilə desək, bu model “regional məsələlərə ortaq məsuliyyət, regional liderlik, əməkdaşlıq və inteqrasiya” kimi komponentlərin vəhdətinə əsaslanır. Türkiyə–Azərbaycan münasibətlərinin “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəlməsi və bunun daha sonra üçtərəfli və çoxtərəfli platformalara transformasiya olunması regionda yeni əməkdaşlıq arxitekturasının formalaşdığını göstərir. Türkiyə–Azərbaycan–Gürcüstan, Türkiyə–Azərbaycan–İran formatları, eləcə də Mərkəzi Asiya ilə qurulan əlaqələr regional inteqrasiyanın genişlənən coğrafiyasını nümayiş etdirir. Hacıyevin qeyd etdiyi kimi, bu mexanizmlər “bütün tərəflərin maraqlarına xidmət edən praktik əməkdaşlıq platformaları” kimi çıxış edir.
Antalya Diplomatiya Forumundakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “dünya hansı istiqamətdə gedəcəyini müəyyənləşdirməkdə böhran yaşayır” fikri müasir siyasi reallığın siyasi-doktrinal ifadəsidir. “Soyuq müharibə”nin başa çatmasından sonra formalaşan beynəlxalq sistem uzun müddət nisbi sabitlik və proqnozlaşdırıla bilənlik ilə xarakterizə olunurdu. Bu dövrdə ABŞ-ın liderliyi altında qurulan liberal beynəlxalq nizam institusional inteqrasiya, iqtisadi qarşılıqlı asılılıq və normativ qaydalar sistemi üzərində formalaşmışdı. BMT, Dünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu kimi qurumlar qlobal idarəetmənin əsas sütunları kimi çıxış edir, dövlətlər arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayırdı. Xüsusilə 1990–2000-ci illərdə qloballaşmanın sürətlənməsi bu modeli daha da gücləndirmiş, iqtisadi qarşılıqlı asılılıq vasitəsilə münaqişə ehtimallarının azalacağına dair optimist gözləntilər yaratmışdı.
2008-ci il qlobal maliyyə böhranı liberal iqtisadi modelin zəif tərəflərini üzə çıxardı və Qərb mərkəzli iqtisadi idarəetməyə olan inamı sarsıtdı. Digər mühüm məqam qlobal institutların effektivliyinin azalmasıdır. BMT Təhlükəsizlik Şurası kimi əsas qərarverici mexanizmlər böyük güclər arasındakı ziddiyyətlər səbəbindən çox vaxt iflic vəziyyətinə düşür. Məhz bu kontekstdə R.T.Ərdoğanın “problemlərin ölçüsü düşündüyümüzdən daha böyükdür” fikri xüsusi analitik əhəmiyyət kəsb edir. Belə bir yanaşma mövcud böhranların beynəlxalq sistemin struktur səviyyəsində baş verən transformasiyanın nəticəsi olduğunu göstərir.
Struktur böhran ən aydın şəkildə regional münaqişələrin həm sayında, həm də intensivliyində artım vasitəsilə özünü göstərir. Əgər əvvəlki dövrlərdə lokal qarşıdurmalar müəyyən coğrafi çərçivədə məhdudlaşırdısa, bu gün həmin münaqişələr böyük güclərin rəqabət məkanına çevrilərək daha geniş geosiyasi məna kəsb edir. Rusiya–Ukrayna müharibəsi bu transformasiyanın ən bariz nümunəsidir. Müharibə Avropada təhlükəsizlik arxitekturasının gələcəyi uğrunda gedən strateji qarşıdurmadır. NATO-nun genişlənməsi, Avropa ölkələrinin müdafiə xərclərini artırması və enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrilməsi göstərir ki, bu müharibə bütövlükdə Avroatlantik məkanı yenidən formalaşdırır. Eyni zamanda, Rusiya ilə Qərb arasında qarşıdurmanın dərinləşməsi beynəlxalq sistemdə yeni “sərhəd xətləri” yaradır və bloklaşma meyillərini gücləndirir.
***
Yaxın Şərqdə vəziyyət daha mürəkkəb və çoxqatlı xarakter daşıyır. Suriya münaqişəsi artıq on ildən çoxdur ki, davam edir və bu müddət ərzində regionda qlobal və regional güclərin maraqlarının toqquşduğu əsas platformaya çevrilib. Burada ABŞ, Rusiya, İran və Türkiyə kimi aktorların paralel və bəzən ziddiyyətli strategiyaları münaqişənin həllini çətinləşdirir. İran ətrafında davam edən gərginlik – xüsusilə nüvə proqramı, sanksiyalar və regional təsir uğrunda mübarizə – Yaxın Şərqdə balansın daim dəyişkən qalmasına səbəb olur.
Afrika qitəsində, xüsusilə Sudanda müşahidə olunan daxili qarşıdurmalar isə beynəlxalq sistemdə başqa bir təhlükəli tendensiyanı – dövlət institutlarının zəifləməsini və “uğursuz dövlətlər” fenomeninin genişlənməsini ortaya qoyur. Türkiyənin xarici işlər naziri Hakan Fidanın vurğuladığı kimi, bu münaqişələrin artıq lokal çərçivədən çıxması onların mahiyyətcə dəyişdiyini göstərir. Müasir dövrdə hər bir regional qarşıdurma qlobal sistemlə sıx bağlıdır – istər enerji bazarları, istər təhlükəsizlik alyansları, istərsə də iqtisadi əlaqələr vasitəsilə. Məhz bu mürəkkəb və çoxqatlı böhran mühitində diplomatiyanın funksiyası keyfiyyətcə yeni mərhələyə keçir və ənənəvi çərçivələri aşır. Türkiyə liderinin diplomatiyanı “insanlığın və ortaq gələcəyin təməli” kimi təqdim etməsi bu dəyişimin konseptual ifadəsidir və diplomatiyanın təhlükəsizlikdən daha geniş – sivilizasion ölçü qazandığını göstərir.
Mürəkkəb və rəqabətli geosiyasi mühitdə orta güclərin rolu keyfiyyətcə yeni məzmun qazanır və onların funksiyası artıq passiv uyğunlaşmadan aktiv formalaşdırıcılığa doğru dəyişir. Ankaranın xarici siyasət kursu son illər “strateji muxtariyyət” və ya çoxvektorlu balanslaşdırma prinsipləri üzərində qurulub. Türkiyə bir tərəfdən NATO üzvü kimi Qərb təhlükəsizlik arxitekturasında mühüm yer tutur, digər tərəfdən isə Rusiya ilə enerji, müdafiə və regional məsələlər üzrə əməkdaşlığı davam etdirir. Eyni zamanda, Yaxın Şərq, Qafqaz və Afrika kimi müxtəlif regionlarda aktiv diplomatik iştirakını genişləndirir. Məhz bu konfiqurasiya Türkiyəyə vasitəçilik funksiyasını effektiv şəkildə icra etmək imkanı verir.
Orta güclərin vasitəçilik imkanları böyük güclərin strateji qərarlarından asılı olaraq darala və ya genişlənə bilər. Əgər böyük güclər arasında qarşıdurma kəskinləşərsə və kompromisə maraq azalarsa, vasitəçi aktorların təsir imkanları da məhdudlaşır. Digər tərəfdən, balans siyasəti müəyyən risklər də yaradır, çünki müxtəlif tərəflərlə paralel münasibətlər bəzən etimad problemlərinə səbəb ola bilər. Bununla belə, mövcud geosiyasi dinamika göstərir ki, beynəlxalq sistem hələ də klassik güc siyasətinin təsirindən çıxmayıb və yaxın perspektivdə ondan tam imtina edilməsi real görünmür. Əksinə, son illərdə hərbi xərclərin qlobal miqyasda artması, yeni silahlanma texnologiyalarına investisiyaların genişlənməsi güc amilinin yenidən prioritetləşdiyini göstərir.
Beləliklə, Antalya Diplomatik Forumunun əsas tezisi bu oldu: mövcud mərhələdə dəyişməyən əsas reallıq ondan ibarətdir ki, dünya hələ də aydın strateji istiqamətə malik deyil. Lakin bu istiqamətin hansı formada müəyyənləşəcəyi birbaşa diplomatiyanın nə dərəcədə effektiv, inklüziv və adaptiv olacağından asılıdır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


