Rəsmi Bakı ədalətli dünya uğrunda siyasətinə sadiqdir
Cənub qonşumuz İran müharibə girdabındadır. Elan olunmuş atəşkəsin ömrünün iki həftədən az, yaxud çox çəkəcəyi böyük sual işarəsi altındadır. ABŞ/İsrail–İran münaqişəsi nə zaman sona çatacaq? Təkcə İranda 3 mindən çox insanın həyatına son qoymuş qanlı münaqişəyə bölgə ölkələrinin, Qərbin və dünyanın münasibəti necədir? Azərbaycanın bu ziddiyətli dönəmdə tutduğu mövqeyi münaqişə tərəflərində hansı reaksiyanı doğurur? Bu və digər suallarımızı Qərbi Kaspi Universitetinin professoru, Yaxın Şərq məsələləri üzrə tanınmış ekspert Fikrət Sadıxov cavablandırır.
– Fikrət müəllim, ABŞ/İsrail – İran hərbi qarşıdurması özünün fərqli cəhətləri ilə diqqəti cəlb edir. Müasir müharibə taktikasından istifadə olunan hərbi əməliyyatların xarakteri və miqyası qlobal böhranı şərtləndirir. Hərbi qarşıdurma davam edəcəyi təqdirdə, bu, bölgə və dünya üçün daha ciddi kataklizmlərə gətirib çıxara bilərmi?
– Yaxın Şərq münaqişəsi artıq bir çox dövlətlərin iqtisadiyyatında mənfi təsir göstərib. Xüsusilə Avropa ölkələrində, elə ABŞ-ın özündə də müəyyən problemlər yaranıb, neft bahalaşıb. Digər tərəfdən, dünyanın neft-qaz idxalının 20 faizinin daşındığı Hörmüz boğazının iflic vəziyyətə düşməsi uzaq regionlarda da sıxıntlara səbəb olub. Vəziyyətin hansı səviyyəyə qədər mürəkkəbləşəcəyi isə heç kəsə məlum deyil. Əlbəttə ki, bu, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi ilə birbaşa bağlıdır. Yəni atəşkəsə riayət olunub-olunmayacağı məsələsi də çox önəmlidir. Hazırda görünən mənzərə ondan ibarətdir ki, Tehran sərt mövqeyindən geri çəkilmir və Hörmüz boğazından neft tankerlərinin keçidi İranın iradəsi və nəzarəti altında reallaşacaq. Bu isə dünyanın yanacaq bazarının konkret istiqamətlərində böhran vəziyyəti yaratmağa qadirdir.
– Sizcə, tərəflər arasında tam atəşkəsin alınmamasına mane olan nədir? ABŞ-ın hücumdan əvvəl açıqladığı məqsədlərinə çatmaması, yoxsa Hörmüz boğazından keçid problemi ilə bağlı dünyada yaranan enerji böhranı?
– Atəşkəs rejiminin baş tutmasına bir sıra səbəblər mane olur. Birinci səbəb İranın nüvə proqramının tamamilə sıradan çıxarılmamasıdır. Bu, İsraildə qorxu yaradan, onun yuxusunu ərşə çəkən məsələdir. Onun müttəfiqi və himayədarı kimi ABŞ da, təbii ki, Təl-Əvivin bu əndişəsini paylaşır. Digər tərəfdən, İranın ballistik raketlərinin sayının azalmadığı üzə çıxıb. Yəni Tehranın İsraili də, Fars körfəzindəki ABŞ bazalarını da vurmaq üçün cəbbəxanasında kifayət qədər ehtiyatı mövcuddur. Son əməliyyatlarda onun hədəfləri sırasında mülki obyektlərin də yer aldığının şahidi olduq. Dediyimiz bu amillər atəşkəsin əldə olunmasına böyük maneələr yaradır. Onu da qeyd etməliyik ki, ABŞ və İsrail hərbi əməliyyatlara başlayanda bəlkə də Hörmüz boğazı barədə heç düşünməyiblər. Çünki onların əsas hədəfləri tamamilə başqa istiqamətdə idi. Eyni zamanda, İranın Yaxın Şərqdəki müttəfiqlərin proksi qüvvələrinə köməklik göstərməsi ABŞ və İsraildə ciddi narahtlıq yaradan məsələlərdir. İndiki vəziyyətdə danışıqların baş tutması heç də o demək deyil ki, tərəflər elə ilk raundlarda hansısa məsələyə dair razılığa gələcəklər. Düşünürəm ki, danışıqlar, müzakirələr hələ uzun sürəcək, qarşılıqlı şərtlər, iddialar irəli sürüləcək. Məhz sadaladığımız səbəblər ucbatından atəşkəsin pozulması istisna edilmir.
– Müşahidələr onu deməyə əsas verir ki, Vaşinqtonun münaqişəni tez bitirməyə, Tehranla dialoqa meyillənməsi Təl-Əvivi qane etmir. Onlar arasında birgə hərbi əməliyyatlara son qoymaqla bağlı fikir ayrılıqlarının səbəbini necə izah edərdiniz?
– Vaşinqtonla Təl-Əvivin arasında müəyyən razılıq olsa da, mövqeləri üst-üstə düşsə də, bir sıra məsələlərə yanaşmada İsrail sərt mövqe sərgiləyir. Çünki Yaxın Şərq regionunda yerləşən İsrailin İranla münaqişənin mərhələləri hələ başa çatmayıb. Bu ölkələr bir-bini ittham edir, ərazilərinə havadan zərbələr endirirlər. ABŞ isə buradan uzaqda, okeanın o tayındadır. Yəni Birləşmiş Ştatların ərazisini nə hədəfə almaq, nə də hansısa obyekti vurmaq mümkündür. Amma indi Vaşinqtonda belə düşünürlər ki, onlar bu münaqişədə əsas məqsədlərinə çatdılar. Doğrudur, İrandakı məlum hədəflərin sıradan çıxarılması üçün keçirilən hava hücumlarını sonadək uğurlu hesab etmək olmaz. Əsas yanlışlıq ondan ibarətdir ki, ABŞ rəhbərliyi İranın ali rəhbərliyini fiziki cəhətdən aradan götürməklə daxildə rejim dəyişikliyinə nail olacağına əmin idi. Fəqət hakimiyyətin üst qatına gətirilən ikinci, üçüncü eşalon əvvəlki siyasəti davam etdirdi və mövqeyi də dəyişmədi, əksinə, daha radikal mövqe sərgilədi. Həm də bu səbəbdən münaqişənin heç də səngimədiyini müşahidə edirik. İran ordusunun İsrailə zərbələri daha da intensivləşdirməsi, Livanda Hizbullahı, Yəməndə Hüsiləri dəstəkləməsi yüksək səviyyədə davam etdirilir. Bu isə ABŞ–İsrail münasibətlərinə təsir göstərən amillərdən sayılmalıdır.
– Beynəlxalq media Trampın Çinə planlaşdırılan səfərinin təxirə salınmasını Pekinə qalib kimi getmək istəyi kimi qələmə verdi. O cümlədən bu hərbi eskalasiyada “görünməyən tərəflərin” iştirakından bəhs edilir. Burada vurğu daha çox Çin amilinin üzəri yönəlir. Hətta Ağ Evin əsas hədəfinin İran deyil, Çin olduğu irəli sürülür. Bu versiyanı necə dəyərləndirərdiniz?
– Bu münaqişədə Çin amilinin aparıcı rola malik olduğunu düşünmürəm. Digər reallığı da unutmaq olmaz ki, Pekin İrandan münasib qiymətə həm neft, həm də qaz alır. Hörmüz boğazında keçidin bağlanması, təbii olaraq, neftin Çinə daşınmasında müəyyən problemlər yaradır. Rəsmi Pekin son bir ay ərzində məhz bu səbəbdən bir neçə dəfə tərəflərə müraciət edib, onları əməliyyatları dayandırmağa çağırıb, danışıqlar masasına dəvət edib. O da məlumdur ki, Çin özünün anti-Qərb siyasətini açıq müstəvidə aparmasa da, Rusiya və İranla münasibətlərini daim ön planda tutub. Əlbəttə, Birləşmiş Ştatlar və İsrailin birgə İranı vurması Pekinin maraqları ilə heç də üst-üstə düşmür. Bunun real sübutu kimi onu deyə bilərik ki, BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda İrana qarşı qətnaməsi məhz Çinin və Rusiyanın vetosu sayəsində qəbul olunmadı.
– Yaxın Şərqdə başlayan və ətraf coğrafiyanı da cənginə almış hərbi münaqişədə Azərbaycan bitərəf, ölçülü, dialoqa və sülhə yönəlik siyasət yürüdür. Maraqlıdır ki, ölkəmizin qonşu İrana humanitar yardım koridorunu açması, iki ölkənin rəsmiləri arasında davamlı telefon danışıqları anti-İran koalisiya tərəfindən sükutla qarşılanır...
– Azərbaycanın bu münaqişədə tutduğu mövqeyi onun xarici siyasət prioritetlərinə uyğun şəkildə həyata keçirilir. Rəsmi Bakının bu münaqişəyə yanaşması özünün balanslı və çoxvektorlu xarici siyasətinin göstəricisidir. Təbii ki, cənub qonşumuza qarşı belə bir total müharibənin alovlanması Azərbaycanı narahat edir və biz bunu açıq şəkildə bildirmişik. Bəli, bu hərbi qarşıdurma Azərbaycanın maraqlarına cavab vermir. ABŞ ilə normal ikitərəfli, hətta strateji müttəfiqlik münasibətləri qurmağımıza, eyni zamanda, İranın Azərbaycan üçün yaratdığı bəzi problemlərə baxmayaraq, rəsmi Bakı xalqın bu savaşdan əziyyət çəkdiyini çox yaxşı başa düşür. İlk növbədə bu amili nəzərə alaraq, Azərbaycan İranla sərhədində humanitar dəhlizi açıq saxlayır və buradan həm özünün, həm də qonşu ölkələrin humanitar yüklərinin cənub qonşumuzun ərazisinə yola salınmasını təşkil edir. Bu, dövlətimizin başçısının, xalqımızın dara düşən qonşuya yardım missiyasına sadiqliyinin ifadəsidir. İran Prezidenti Məsud Pezeşkianın bununla bağlı İlham Əliyevə bir neçə dəfə telefon açması, göndərilən yardımlara görə minnətdarlığını bildirməsi Azərbaycanın bəşəri dəyərlərə həssas yanaşmasının, ən çətin situasiyalarda belə dürüst və halal davranmasının əyani nümayişi sayılmalıdır.
P.S. ABŞ/İsrail–İran münaqişəsinin əsas sualı dəyişməyib: Tehran Vaşinqtonun “uranı sıfır zənginləşdirmə” tələbindən imtinaya və nüvə proqramını bərpa etmək cəhdlərinə davam etsə, nə baş verəcək? Tramp buna necə cavab verəcək? Bu sualların cavabı hələlik göydən asılı vəziyyətqə qalıb. Deməli, müharibənin yenidən alovlanması ehtimalı da realdır.
P.P.S. İranın Pakistandakı səfiri Reza Amiri Moghadam ABŞ-la danışıqlar üçün İran nümayəndə heyətinin İslamabada gəlməsini planlaşdırdığını bildirdiyi “tvit”ini silib. Diplomat daha əvvəl yazmışdı ki, İsrailin diplomatik təşəbbüslərə mane olmaq cəhdlərinə baxmayaraq, “Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə bu gün axşam saatlarında İran nümayəndə heyəti İslamabada gəlir”. Sonradan mesajın hansı səbəbdən silinməsinə aydınlıq gətirilməyib...
Söhbəti yazdı:
İmran BƏDİRXANLI
XQ


