Şərqi Avropanın Cənubi Qafqaz strategiyası

post-img

Baltikyanı dövlətlərlə diplomatik münasibətlər inkişaf yolunda

Azərbaycan Respublikası ilə Litva Respublikası arasında 1995-ci il noyabrın 27-də əsası qoyulmuş diplomatik münasibətlər hazırda qarşılıqlı etimad, eləcə də institusional tərəfdaşlıq mexanizmləri vasitəsilə zirvəyə yüksəlib. Ötən illər ərzində tərəflər əsaslı, həmçinin dərin strateji xətt formalaşdırmağa nail olublar. Bu uğurların davamı qismində Litva Respublikasının Baş naziri İnqa Ruqinienenin Azərbaycana rəsmi səfəri xüsusi qeyd olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqiniene ilə görüşündə iki region arasında mövcud inteqrasiya proseslərinin mərkəzində dayanan vacib məsələləri müzakirə edib. Şərqi Avropa ölkələri, xüsusən Litva rəsmi Bakının irəli sürdüyü qlobal təhlükəsizlik təşəbbüslərini tam mənada alqışlayır.

Avropa İttifaqının institutları ilə qarşılıqlı fəaliyyət gündəliyi rəsmi Bakının çoxşaxəli xarici siyasət strategiyasının mühüm sütunlarından sayılır. İnqa Ruqiniene bu məqamı vurğulayaraq Litva dövlətinin Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını təhlükəsizlik, həmçinin sabitlik məqsədilə daim dəstəklədiyini bəyan edib. Qitədə artan qeyri-sabitlik, habelə qonşu regionlarda davam edən hərbi münaqişələr fonunda dövlətlər arasında institusional əməkdaşlıq xüsusi xarakter daşıyır. Rəsmi Bakı Şərq–Qərb tranzit dəhlizlərinin idarə olunmasında aktiv qüvvə statusunu əldə etməklə Şərqi Avropanın təhlükəsizlik arxitekturasını daim qoruyur. Məsələyə Litva rəhbərliyinin yanaşması sübut edir ki, Qafqazın aparıcı güc mərkəzi olan respublikamızla inteqrasiya prosesləri yalnız xoşməramlı diplomatik addım yox, eyni zamanda, qlobal xaosun qarşısını almağa yönəlmiş mühüm strateji qərardır. Litva rəsmilərinin mütəmadi şəkildə dövlətimizə səfərlər etməsi respublikamızın beynəlxalq siyasətdəki güclü mövqeyini təsdiqləyir.

Qafqaz regionunda formalaşmış mühüm hərbi-siyasi reallıqlar tarixi sülh mexanizmlərinin yaradılması prosesinə təkan verir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə edilən Zəfər, ardınca 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatları bölgədə tam fərqli nizamı rəsmiləşdirdi. Litvanın Baş naziri respublikamızla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş mürəkkəb geosiyasi düyün artıq ədalət prinsipləri əsasında tam açılıb. Müvafiq proseslər, sadəcə, qarşılıqlı asılılıq yaratmaq məqsədi daşımır, eyni zamanda, regional qonşuluq mühitində siyasi davranışları çərçivəyə salaraq böhranlı vəziyyətin ağırlaşması risklərini zərərsizləşdirir. Münaqişə tərəfləri arasında əldə olunacaq hüquqi sənədlər beynəlxalq səviyyədə suverenliyin təntənəsidir. Əvvəlki dövrlərdə Qərb mərkəzlərində dolaşan əsassız tərəddüdlər hazırda tamamilə iflasa uğrayıb. Şərqi Avropa ölkələrinin rəsmi təmsilçiləri anlayırlar ki, Azərbaycan rəhbərliyinin diktə etdiyi nizam bölgəyə yalnız sabitlik, habelə mütləq inkişaf vəd edir. Ermənistanın keçmişdə atdığı destruktiv addımlar rəsmi Bakının dəmir iradəsi qarşısında mövcudluğunu itirib. Regional proseslər hazırda tam nəzarət altındadır.

Azad olunmuş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən Litvanın Baş naziri keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində dövlətimiz tərəfindən çoxşaxəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd edib. Prezident İlham Əliyev görüş zamanı artıq on minlərlə keçmiş məcburi köçkünün dədə-baba yurdlarına dönməsini mühüm nailiyyət qismində dəyərləndirib. Adıçəkilən demoqrafik köç mexanizmi sıradan sosial tədbir hesab edilməməlidir. Müvafiq addım ərazilər üzərində suveren hüquqların tam möhkəmləndirilməsi, habelə respublikamızın xəritəsində əbədi təhlükəsizliyin qorunması mənasını daşıyır. Eyni zamanda, dövlətimizin başçısı işğaldan azad edilmiş yurd yerlərində minalar təhlükəsi probleminə toxunaraq, həmin amilin bərpa sürətini ciddi şəkildə ləngitdiyini diqqətə çatdırdı. Mina sadəcə, humanitar təhdid sayılmır, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasını ehtiva edən qlobal siyasi problemdir.

***

Geosiyasi xəttin Mərkəzi Avropadan Şərqə doğru meyillənməsi rəsmi Bakının qitəmiqyaslı əhəmiyyətini durmadan artırır. Litvanın Baş nazirinin qələbə reallıqlarını ehtiva edən təbrikləri xüsusi məzmuna malikdir. Azərbaycan 2026-cı ilin mürəkkəb qlobal güc balansında nümayiş etdirir ki, beynəlxalq ziddiyyətlər epoxasında qətiyyətli idarəçilik mexanizmləri vasitəsilə tamamilə fərqli geosiyasi hədəflərə çatmaq mümkündür. Baltikyanı dövlətlər vaxtilə formalaşdırılmış qeyri-obyektiv yanaşmalardan qəti şəkildə imtina edərək sırf praqmatizmə əsaslanan xarici siyasət kursunu seçirlər. Qafqazda təsdiqini tapmış nizam həm tranzit xətlərinin, həm regional əlaqələrin, həm də beynəlxalq miqyaslı təhlükəsizlik sazişlərinin fasiləsiz tətbiqinə zəmin yaradır. İnqa Ruqinienenin diqqət çəkdiyi ortaq inteqrasiya detalları Şərqi Avropa məkanı ilə Xəzər hövzəsi arasındakı vahid strateji xəttin aydın mənzərəsidir. Rəsmi dövlət rəhbərlərinin əsas hədəf olaraq sabitlik konseptinə diqqət ayırmaları gələcək onilliklərin sarsılmaz sülh epoxasına keçid aldığını aydın nümayiş etdirir.

Mövcud siyasi konfiqurasiya çərçivəsində tərəfdaş ölkələrin respublikamızla münasibətlərini ən yüksək səviyyəyə qaldırması tarixi qanunauyğunluqdur. Görüşün gedişatında xüsusi vurğulanan təhsil, eləcə də idarəetmə sferaları gələcək ortaq addımların əsas istiqamətlərini təşkil edir. Tərəflər nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin daha da aktivləşdirilməsi zərurətini bəyan ediblər. Keçmişdə haqsız, reallıqdan uzaq qərarların alınmasını dəstəkləyən xarici dairələr artıq birmənalı şəkildə qəbul edirlər ki, Cənubi Qafqazda yeganə həlledici mövqe dövlətimizə məxsusdur. Ədalətli beynəlxalq prinsipləri daim rəhbər tutan Litva kimi tərəfdaşların respublikamıza ardıcıl siyasi-diplomatik dəstək verməsi bilavasitə qitənin bütöv təhlükəsizlik halqasının güclənməsinə xidmət edir. Şərq-Qərb nəqliyyat marşrutlarında yaranan sarsılmaz geostrateji platformalar nəhəng güc mərkəzlərini mövcud sabitliyi qorumağa məcbur edir. Ən vacib detal ondan ibarətdir ki, respublikamızın atdığı strateji addımlar istənilən qlobal böhranı mütləq konstruktiv məcraya yönəltməyi bacarır.

Azərbaycan Prezidenti İlham Əliyevin Litvanın Baş naziri İnqa Ruqiniene ilə görüşdə səsləndirdiyi beynəlxalq platformalar səviyyəsində tərəfdaşlığın reallaşdırılması barədə fikirləri ciddi siyasi yükə malikdir. Bu cür təmasların qitənin yeni siyasi mənzərəsini formalaşdırdığını deyən Litvanın Baş naziri tərəfindən açıq mətnlə ifadə olunan müvafiq mövqe Şərqi Avropanın Cənubi Qafqazdakı real güc nizamına rasional yanaşmasını göstərir. Dövlətimizin müəyyənləşdirdiyi strateji yol xəritəsi respublikamızı qlobal təhlükəsizlik zəmanətçisi zirvəsinə qaldırıb.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət