Rəqabət mühitinin qorunması və istehlak bazarında şəffaflığın təmin edilməsi müasir iqtisadi idarəetmənin əsas dayaqlarından biri kimi çıxış edir. Xüsusilə təbii inhisar subyektlərinin fəaliyyətinin səmərəli tənzimlənməsi, dövlət nəzarətinin rəqəmsal alətlər üzərindən gücləndirilməsi bu sahədə yeni yanaşmaların formalaşmasını zəruri edir. Məhz bu kontekstdə “Elektron Rəqabət İnformasiya Sistemi”nin yaradılması rəqabət siyasətinin institusional və texnoloji əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Yeni sistem rəqabət münasibətlərinin monitorinqini daha çevik, məlumatların toplanması və təhlilini isə daha dəqiq mexanizmlər üzərindən həyata keçirməyə imkan yaradır. Eyni zamanda, dövlət–biznes–istehlakçı münasibətlərində açıq informasiya mühitinin formalaşdırılması, qərarların qəbulunda obyektivliyin artırılması və preventiv nəzarət mexanizmlərinin gücləndirilməsi bu təşəbbüsün əsas hədəfləri sırasında yer alır.
Bu və digər aktual məsələlərə aydınlıq gətirmək, “Elektron Rəqabət İnformasiya Sistemi”nin yaradılmasının əsas məqsədləri, üstünlükləri və gələcək perspektivləri barədə dolğun məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı ilə həmsöhbət olduq.
– “Elektron Rəqabət İnformasiya Sistemi”nin yaradılmasının əsas məqsədi nədir və bu sistem ənənəvi rəqabət nəzarəti mexanizmlərindən hansı əsas cəhətlərinə görə fərqlənir?
– Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılmasının hüquqi əsasları Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2024-cü il tarixli 133 nömrəli Fərmanı ilə müəyyən edilib. Fərmanda rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində idarəetmənin təkmilləşdirilməsi, görülən işlərin səmərəliliyinin artırılması, habelə vahid informasiya sistemi üzərindən xidmətlərin göstərilməsini təmin etmək məqsədilə ERİS-in yaradılması nəzərdə tutulub.
Rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulu, emalı, onlara əlavə edilməli olan sənəd və məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunması, həmin müraciətlərə dair qərar və məlumatların elektron qaydada təqdim edilməsinin ERİS vasitəsilə həyata keçirilməsi də müvafiq Fərmanda öz əksini tapıb. Bu, qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin etməyə yönəlib.
Ölkə başçısının 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” ilə isə ERİS-in fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilib. Əsasnamədə ERİS-in yaradılmasının məqsədləri, onun texniki-texnoloji infrastrukturu, altsistemləri və digər mühüm məsələlərə dair tələblər əks olunub.
Əsasnaməyə görə, ERİS müvafiq sahədə tənzimləmə və nəzarətin həyata keçirilməsi, analitik təhlil və hesabatların hazırlanması ilə bağlı proseslərin rəqəmsallaşdırılması, səmərəliliyinin artırılması, habelə xidmətlərin göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılır. ERİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.
ERİS rəqabət sahəsində effektiv tənzimlənmə və dövlət nəzarətinin səmərəli həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Bu informasiya sistemi tənzimləyici ilə bazar subyektləri arasında sənədləşmənin optimal qaydada, kağızsız sənəd dövriyyəsi əsasında həyata keçirilməsini təmin edəcək. Müvafiq sahədə məlumatların toplanması, emalı və mübadiləsinin vahid elektron platforma üzərindən icrası subyektlər arasında operativ məlumat axınına şərait yaradacaq. Bu isə qərar qəbuletmə proseslərinin və ümumi koordinasiyanın gücləndirilməsinə imkan verəcək. Elektron mexanizmlərin tətbiqi ilə rəqabət pozuntularının aşkarlanması və təhlilində risk əsaslı yanaşmanın formalaşdırılması sürətlənəcək.
Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamədə məlumatların təhlükəsizliyi, məxfiliyi və istifadəsi ilə bağlı tələblərin müəyyən edilməsi sözügedən informasiya sisteminin etibarlılığını təmin edən əsas amillərdəndir. Bu sənəd rəqabət sahəsində dövlət nəzarətinin rəqəmsallaşdırılması və inzibati proseslərin sadələşdirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. ERİS-in analitik imkanları isə bazarların monitorinqinin daha sistemli və davamlı aparılmasına şərait yaradacaq. ERİS-in tam fəaliyyətə başlaması nəticəsində rəqabət tənzimləmələri ilə bağlı əhəmiyyətli statistik məlumatlar bazası formalaşacaq ki, bu da öz növbəsində rəqabət orqanının məlumat (data) əsaslı qərarlar qəbul etməsinə imkan yaradacaq.
– “Elektron Rəqabət İnformasiya Sistemi” vasitəsilə hansı xidmətlər göstəriləcək və bu xidmətlərdən kimlər faydalana biləcəklər?
– ERİS “Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti”, “Təsərrüfat subyektlərinin təmərküzləşməsinə dair müraciət”, “Antidempinq”, “İstehlakçı” və “Digər müraciətlər” altsistemlərindən ibarət olacaq. Bu altsistemlər vasitəsilə üfüqi və şaquli sazişlərin, uyğunlaşdırılmış hərəkətlərin, o cümlədən kartel tipli münasibətlərin təsbit edilməsində böyük məlumat bazasının formalaşdırılması və iqtisadi təhlillərin daha sürətli həyata keçirilməsi mümkün olacaq. Eyni zamanda, istehlakçı hüquqlarının daha funksional müdafiəsi üçün analitik imkanlar genişlənəcək.
ERİS üzərindən ölkə ərazisində yaşayan bütün vətəndaşlar, hüquqi və fiziki şəxslər, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu həyata keçiriləcək. ERİS istifadəçilərdən daxil olan ərizələrin çevik qiymətləndirilməsinə, əlavə sənəd və məlumatların qısa müddət ərzində əldə edilməsinə şərait yaradacaq.
İnformasiya sistemindən istifadə nəticəsində razılıq alınmalı hərəkətlər, əsas vəsaitlərin istifadəsi, müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu, yeni fəaliyyət sahələrinə başlanması və investisiyaların ayrılması kimi əməliyyatlar, o cümlədən rüblük maliyyə hesabatlarının elektron qaydada izlənilməsi təmin olunacaq.
ERİS-in “İstehlakçı” altsistemi vasitəsilə istehlakçıların hüquqlarının pozulması ilə bağlı müraciətlərin və onlara əlavə edilməli olan sənədlərin qəbul edilməsi, emalı və həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsi də nəzərdə tutulur. Bu altsistem vasitəsilə istehlakçılar hüquqlarının pozulması ilə bağlı müraciətlərini onlayn formada təqdim edə, müraciətlərinə zəruri sənədləri elektron şəkildə əlavə edə, müraciətin icra vəziyyətini real vaxt rejimində izləyə, qəbul edilmiş qərar və məlumatları elektron formada əldə edə biləcəklər. Sistem daxil olan müraciətlərin təhlilinə, risk əsaslı nəzarət tədbirlərinin planlaşdırılmasına, hüquq pozuntularının baş verməzdən əvvəl qarşısının alınmasına, istehlakçı hüquqlarının müdafiəsinin effektiv, sistemli və proaktiv şəkildə təşkil edilməsinə imkan yaradacaq. Nəticə etibarilə, Elektron Rəqabət İnformasiya Sistemində yaradılan həllər istehlakçı-dövlət münasibətlərində operativliyi artıracaq və vətəndaşların hüquqlarının daha effektiv qorunmasına şərait yaradacaq.
– Beynəlxalq təcrübə fonunda qiymətləndirsək, “Elektron Rəqabət İnformasiya Sistemi” Azərbaycanda rəqabət siyasətini hansı qlobal standartlara yaxınlaşdırır?
– Son dövlərdə rəqabət siyasəti sahəsində ən əhəmiyyətli tendensiyalardan biri rəqabət orqanları ilə bazar subyektləri arasında fiziki təmasın minimumlaşdırılması, sənəd dövriyyəsinin optimallaşdırılması və data əsaslı qərarların qəbul edilməsidir. Rəqabət siyasətinin həyata keçirilməsində ən mühüm amillərdən biri də iqtisadi sübutların əldə edilməsi, emalı və həmin sübutları rəqabət qanunvericiliyi ilə sintezinə nail olmaqdır.Bu baxımdan ERİS rəqabət orqanının əldə etdiyi məlumatlarla biznes mühitini düzgün qiymətləndirmə potensialını gücləndirəcək və rəqabət tənzimləmələri ilə bağlı qərarların çevik qəbuluna öz töhfəsini verəcək.
Beynəlxalq təcrübədə rəqabət orqanlarının fəaliyyəti artıq təkcə pozuntu baş verdikdən sonra reaksiya vermək üzərində formalaşmır. Bazarda konsentrasiya səviyyələri, hökmran mövqedən sui-istifadə riskləri və qiymət davranışlarının qabaqlayıcı şəkildə təhlili beynəlxalq praktikada prioritetdir. ERİS müvafiq bazarlarda qərəzsiz və ədalətli qərarların verilməsi qabaqlayıcı (ex-ante) tənzimləmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə və dinamik iqtisadi təhlil şəraitinin yaradılmasına xidmət edəcək.
ERİS bizneslə dövlət arasında münasibətlərin keyfiyyətinə də təsir göstərəcək. Sahibkarların müraciətlərinin elektron qaydada, izlənilə bilən mexanizm vasitəsilə həyata keçirilməsi inzibati maneələrin azalmasına, prosedurların sadələşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.
Müsahibəni qələmə aldı:
A.NURLAN
XQ

