Əflatun Amaşov: Milli Məclisə seçkilər dünyadakı dəyişikliklərə adekvatlıq baxımından müstəsna önəm daşıyır

post-img

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb. Əflatun Amaşovun müsahibəsini təqdim edirik.

–Milli Məclisə növbədənkənar seçkilərin əhəmiyyəti nədən ibarətdir?

- Yaşadığımız coğrafiya mürəkkəb siyasi təbəddülatlarla zəngindir. Belə bir durumda dövlətlərin, ayrı-ayrı strukturların hadisə və proseslərə çevik reaksiyası mütləqdir. Bu baxımdan Milli Məclisin də monolitliyi şərtdir. Həm də ona görə ki, Azərbaycan parlamentarizm ənənələrinə sadiq ölkədir. Bu sadiqlik də onun monolit strukturunun təsdiqi baxımından vacibdir. Hesab edirəm ki, seçkinin bir siyasi əhəmiyyəti budur. Digər tərəfdən, dünya sürətlə dəyişir və bu dəyişiklik Azərbaycandan da yan ötmür. Fikrimcə, seçki bu dəyişikliyə adekvat mühit formalaşdırmaq baxımından da müstəsna önəm daşımaqdadır.

–   Azərbaycan ilk dəfədir ki, parlament seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Bu məqamı Siz necə şərh edərdiniz? Bununla bağlı da mövqeyinizi bilmək istərdik...

- Dediyiniz kimi, Milli Məclisə seçkilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra keçirilən ilk parlament seçkiləridir. Bu, son dərəcə qürurlu məqamdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ilk Prezident seçkiləri bu ilin fevralın 7-də uğurla keçirildi. Hesab edirəm ki, parlament seçkiləri ilə davam edəcək proses müvəffəqiyyətli olacaq. Ümumən, qürur dolu anlar yaşayırıq. Hesab edirəm ki, bu yaşantı Milli Məclisə seçkilərin uğuru fonunda daha da zənginləşəcək.   

- Xüsusilə Azərbaycanın gələcəyi, siyasi mənzərəsi və iqtisadi inkişafı üçün bu seçkilərin vacibliyi  barədə nə deyə bilərsiniz ?

 - İnkişaf əzmi struktur islahatlarının aparılmasını labüdləşdirir. Azərbaycan günü-gündən inkişafdadır. Yəni, əzmimiz var. Bu əzm yeniləşməni, yeni siyasi təfəkkürün cəmiyyətə hakim kəsilməsi reallığını doğurmaqdadır. Yeni Milli Məclisin də bu yeniliyə adekvat fəaliyyət göstərəcəyi şübhəsizdir. Gələcəyə nikbin baxıram.

Müsahibə