Deyirlər dünyanı gözəllik xilas edəcək. Bir də deyirlər ki, musiqi Tanrının bəşər övladına sevgisinin təzahürüdür. “XQ”nin növbəti qonağı sənəti, gözəlliyi və sevgini vəhdət halına gətirən Əməkdar artist, Milli Konservatoriyanın müəllimi, xanəndə Nuriyyə Hüseynovadır.
– Nuriyyə xanım, Ordubad rayonunun dağlıq Dırnız kəndindən peşəkar səhnəyə gəlib çıxmaq o qədər də asan sənət yolu deyil ...
– Böyük şəxsiyyətlərin həyat və yaradıcılığına nəzər salanda görürsən ki, əksəriyyəti ucqar kəndlərdən çıxıb. İndi mən özümü böyük hesab etmirəm... Amma harada doğulmasından asılı olmayaraq, Tanrı hər kəsə bir missiya verir. İnsanın yaranışından bu dünyanı tərk edəcəyi günədək həyatı proqramlaşdırılır, yolu müəyyən olunur. Və o yolda xeyirxahı kim olacaq, bədxahı kim... hamısı yazılır. Bəli, ucqar dağ kəndində doğuldum, bu gün dünyanın məşhur səhnələrindəyəm. Deməli, belə olmalı imiş...
Ağlım kəsəndən evdə anamdan xalq mahnılarını, təsnifləri eşitmişəm. Anam bizə layla yerinə Cahangir Cahangirovun bəstələrini oxuyardı. Orta məktəbdə nəğmə dərsində səsim olduğunu bildilər. Məktəbin tədbirlərində çıxış edirdim. Bir dəfə də dedilər ki, respublika mahnı müsabiqəsi olacaq, iştirak üçün sənin də adını yazdırmışıq. Bölgələrdə başlayıb, Bakıda yekun vurulan yarışmada mən Naxçıvandan qatıldım və bölgənin qalibi oldum. Elə həmin gün bizi Bakıya aparmalı oldular. Məktəbimizin direktoru dedi ki, sən burada qal, mən gedib evinizdən pal-paltarını gətirəcəm. Onda beşinci sinifdə oxuyurdum, çaşıb qalmışdım, bilmirdim nə baş verir. Sıxılırdım, mənimçün çox çətin idi.
Münsiflər heyətinin zəngin tərkibi vardı: Sara Qədimova, Şövkət Ələkbərova, İslam Rzayev, Vasif Adıgözəlov, Arif Babayev. Heyətə Niyazi rəhbərlik edirdi. Onların qarşısında çıxış etdik. Maestro dedi ki, biz yalnız müsabiqə üçün deyil, operanın gələcəyi üçün boy-buxunlu, gözəl, milli simalı Leyli tapmışıq. Mən o vaxt həmin fikirlərin mahiyyətini belə anlamırdım. Qaliblərin yekun konsertində ulu öndər Heydər Əliyev də iştirak edirdi. Onun qərarı idi ki, bölgələrdən istedadlı gənclər seçilib gətirilsin Bakıda təhsil almağa. Növbə mənə çatanda elan olundu ki, çıxış edir Naxçıvan MR Ordubad rayonu Dırnız kənd orta məktəbinin beşinci sinif şagirdi Nuriyyə Məmmədova. Gördüm ki, Heydər Əliyev diqqətlə üzümə baxdı və gülümsədi. Konsertdən sonra mənə böyük bir çələng verdilər ki, bunu ulu öndərə sən təqdim et. Sevncimdən uçurdum, hardan hara gəlib ölkə rəhbəri ilə görüşürdüm. Heydər Əliyev çələngi aldı və alnımdan öpdü.
Hökumətin qərarı ilə müsabiqənin qalibləri Bülbül adına orta ixtisas musiqi məktəbində oxumalı idilər. Orada bizim üçün ilk dəfə xanəndəlik sinfi açıldı. İslam müəllim, Şövkət xanım qaliblərə dərs deməyə başladılar. Valideynlərim mənim oxumağıma razılıq vermədilər. Həmkarlar İttifaqı təşkilatı ölkə rəhbərinin iradəsini valideynlərimə məktubla çatdırdı. Sonra Həsən Həsənov Naxçıvana işgüzar səfərə gələndə evimizdə oldu. Valideynlərimlə danışdı ki, onlar öz evlərindən daha etibarlı yerdə olacaq, xüsusi nəzarət altında təhsil alıb, yaşayacaq və dövlət təminatında qalacaqlar. Beləliklə, gəldim Bakıya, amma dayımgildə qaldım. Təhsil illərində Səmərqənddə keçirilən musiqi simpoziumuna qatıldım, Moskvada Azərbaycan Mədəniyyəti Günlərində iştirak etdim. Valideynlərim əksər tədbirlərə qatılmağıma etiraz edirdilər. Bakıda keçirilən dövlət tədbirlərində çıxış edirdim. Bizi o tədbirlərə Niyazi, İslam Rzayev, Şövkət xanım hazırlayırdılar. Məktəbi bitirəndən sonra Konservatoriyada bizim üçün muğam sinfi açıldı.
Birinci kursda oxuyanda ailə qurdum. Respublika Həmkarlar İttifaqının sədri Lidiya Rəsulova məni yanına çağırdı. Bir az incik və acıqlı danışdı. Dedi ki, biz səni oxutdurduq ki, ailə qurub sənəti ikinci plana atasan? Amma ailə qurmasaydım valideynlərim sənətdə qalmağıma icazə verməzdilər. Bakıda tək qalmağımdan ehtiyat edirdilər. Təbii ki, mənim üçün ağır idi, valideynlərimin sözündən çıxa bilməzdim. Beş il konservatoriyada çox əziyyət çəkdim. İki körpə uşaqla əyani təhsil alırdım. Ölkədə müharibə gedirdi, SSRİ dağıldı, yeni sistem yarandı.
– Bakı Musiqi Akademiyasını bitirəndən sonra həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Asəf Zeynallı adına Musiqi və Bakı Humanitar kolleclərində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və hazırda Milli Konservatoriyada dərs deyirsiniz. Çətin ifaçılıq sənətini gərgin pedaqoji fəaliyyətlə necə uzlaşdıra bilirsiniz?
– Məhz muğam sənətindən pedaqoji fəaliyyətə həmyaşıdlarım arasında ilk mən başlamışam. Dərs deyənlər var idi, amma muğam sənətindən yox. Öyrətdikcə özüm də öyrənirdim. Nəzəriyyə ilə təcrübə birləşəndə nəticə gözəl olur. Sənətimin incəliklərini təhsil illərimdə əxz etmişdim, dərs demək məni püxtələşdirdi. Hər tələbəyə fərd kimi yanaşıb, yalnız sənəti deyil, ona həyatı da öyrətmək müəllimin vəzifəsidir. Yaxşı tələbə yetişdirmək dünyanın gözəlləşməsinə xidmət etməkdir. Yalnız milli-mənəvi dəyərləri deyil, onlara həm də bəşəri dəyərləri aşılamalısan. Tələbələrim indi mənimlə bir səhnəni bölüşürlər. Bu yaxınlarda yaradıcılıq gecəm oldu, ərsəyə gətirdiyim, kitab şəklində çap olunan iyirmi beş əsəri tələbələrim tamaşaçılara təqdim etdilər.
– Böyük Niyazi simanızda səhnəmizə yeni Leyli gəlir demişdi, amma siz Leyli olmadınız...
– Olmadım, bilmirəm niyə, bəlkə, vaxt tapmadım, bəlkə də abır-həya mane oldu. Potensialımın çatdığı işlərə utancaqlığım imkan vermədi. Zəhmətimlə bu günə gəlmişəm. Əməkdar artistəm, böyük əmək sərf etmişəm. Cənab Prezident bu adı xidmətlərimə görə verib. Layiq olduğum mərtəbəyə çatmamağıma abır-həya mane olub. Gedib yaxınlaşmalı, deməli idim, amma heç kimə heç nə demədim...
– AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” (“İrs”) ansamblının rəhbəri olmusunuz. Məhz bu ansamblla xarici ölkələrdə konsertlər vermisiniz. Xaricdə muğamımız, milli musiqimiz necə qarşılanır?
– Çox gözəl qarşılanır. Özünü dərk edən, musiqini duyan tamaşaçı dili bilməsə də, nə oxuduğunu anlayır. Bizim muğamlara heç dil gərək deyil, musiqi özü danışır. “İrs” ansamblı isə xüsusi maraq yaradırdı, geyimlərimiz, qədim musiqi alətlərimiz həmişə tamaşaçıya maraqlı olub.
– Sizi Türkmənistanla da yaradıcılıq əlaqəsi bağlayır. Hətta Prezident Qurbanqulu Berdiməhəmmədovun xüsusi mükafatına layiq görülmüsünüz.
– Əslində, bu, TÜRKSOY-un sayəsində olub, onun tədbirlərində çox iştirak etmişəm. Türkdilli ölkələrin çoxunda çıxışlarım olub. Türkmənistan türkdilli ölkələrin paytaxtı seçilən il çıxışımdan sonra Qurbanqulu Berdiməhəmmədov mənə onların milli geyimlərini və qızıl medalyon hədiyyə etdi. Belə tədbirlərdə hər ölkənin öz hədiyyəsi olurdu. Türkiyədə Qarabağ, Xocalı soyqırımı ilə bağlı elmi konfranslarda çıxışlar etmişik. Haqlı ola-ola haqsız duruma düşdüyümüzdən musiqinin dili ilə danışmışıq. Daim dövlətimin yanındayam. Tanımadığım, bilmədiyim özəl dəvətlərə getməmişəm.
– “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin rəhbəri kimi də fəaliyyətiniz diqqətçəkəndir.
– Birliyimiz 3 ildir fəaliyyətdədir. Çox faydalı tədbirlər keçirmişik. Zatən, ona qədər də belə fəaliyyətimiz var idi. Allah rəhmət eləsin rəfiqəm Qənirə Paşayevaya. O dedi ki, yaxşısı budur, öz QHT-ni yarat və onun xətti ilə keçir bu tədbirləri. İlk tədbirimizi Qarabağın fatehlərinə həsr etmişik. Həm sənətkar, müəllim, həm də ictimai təşkilat rəhbəri kimi dövlətimizə, insanımıza dəstək olmağa çalışırıq. Nə qədər bacarırıqsa onu da edirik.
– Həmin o dağ kəndindən başlayıb bu günə gəldiyiniz yola dönüb baxanda nəyi dəyişmək, yaxud olduğu kimi saxlamaq istərdiniz?
– Ailədə təhsilli, müasir insanların əhatəsində yetişmişəm. Həmişə onlardan “dərsini oxu, təhsil al” məsləhətini eşitmişəm. O yolu necə gəlmişəmsə, elə də qalmışam, heç saç formam da dəyişməyib. Amma düşüncəm, həyata baxışım dəyişib. Ən böyük inkişaf mənəvi dəyərlərə söykənib gələcəyə baxmaqdır. Dönüb gəldiyim yola nəzərə salanda “kaş ki” heyfsilənməyim yoxdur.
Üstündən neçə illər keçəndən sonra Fransaya konsertə gedəndə hava limanında Lidiya Rəsulova ilə rastlaşdıq. Məni qucaqladı, ailəmi, uşaqlarımı soruşdu və dedi ki, o vaxt sənə acıqlanmışdım, amma indi deyirəm, sən çox düz elədın, bu gün həm ailən var, həm də sənətin.
Söhbətləşdi:
Ramilə QURBANLI
XQ