“İnanıram ki, Azərbaycan elmi yeni mərhələdə daha böyük uğurlara nail olacaq”

post-img

Akif Əlizadə - 90

Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim və ictimai xadim, böyük elm təşkilatçısı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli akademik Akif Əlizadənin fevralın 25-də 90 yaşı tamam olur.

Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş, ünsiyyətcil, dərin intuisiyaya, yüksək mənəviyyata malik akademik Akif Əlizadə Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respublikanın elmi-texniki inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak edir. O, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük təcrübəyə malikdir. Akif Əlizadə bütün varlığı ilə milli elmimizə bağlı alim, öz sələfləri ilə fəxr edən, onların yolunu sədaqət və məharətlə davam etdirən elm ­xadimidir. 

Alimin yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında böyük nailiyyətlər əldə olunmuş, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istqamətində səmərəli yollar müəyyənləşdirilmiş, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulmuşdur.

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti kimi fəaliyyət göstərmiş akademik Akif Əlizadə hazırda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna rəhbərlik edir. 

Yubileyi ərəfəsində görkəmli alimlə görüşüb Azərbaycan elminin bu günü və sabahı barədə düşüncələrini öyrəndik.

–Hörmətli, Akif müəllim, əvvəlcə Sizi yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolundakı fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq. Söhbətimizin əvvəlində istərdik ki, Azərbaycan geologiya elminin təşkili və inkişafı sahəsində göstərdiyiniz xidmətlərdən, apardığınız tədqiqatların əsas istiqamətlərindən bəhs edəsiniz.

–Diqqətinizə görə çox sağ olun, minnətdaram! 

Mən əmək fəaliyyətimə “Suraxanıneft“ mədənində quyuların tədqiqi üzrə texnik vəzifəsindən başlamışam. 1957-ci ildə AEA-nın Geologiya (indiki Geologiya və Geofizika) İnstitutuna böyük laborant vəzifəsinə işə qəbul olunmuşam. O vaxtdan etibarən, həyatımı bu institutla bağlamışam.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra ötən 30 ildən artıq müddətdə Azərbaycan geologiya elminin keçdiyi yol kifayət qədər çətin və mürəkkəb olmuşdur. Geologiya və Geofizika İnstitutunun kollektivi tərəfindən 30 il ərzində böyük əhəmiyyətə malik elmi-tədqiqat işləri aparılmışdır. 

İnstitut özünün gələcək fəaliyyət istiqamətini – dünya elminə sürətli inteqrasiyanı, qabaqcıl texnologiya və metodlara yiyələnməyi, kadr hazırlığı və təkmilləşdirılməsini əsas tutaraq, düzgün müəyyən etdi ki, bu yol  həqiqətən,  yeganə strateji yol kimi qəbul edilə bilər. XX əsrin 90-cı illərinin əvvəllərində məhz belə yanaşmanın həyata keçirilməsinə nail olaraq, biz düzgün inkişaf yolu tutduq.

Fəxrlə qeyd edə bilərik ki, Azərbaycanın qeoloq-alimləri müasir geoloji-geofiziki elmi tədqiqatlar nəticəsində yeni alınmış  materialları yüksək səviyyədə interpretasiya edərək, Qafqaz geologiyasının dərk olunmasına yeni töhfələr vermişlər. Eyni zamanda, təvazökarlıqdan bir qədər uzaq olsa da, qeyd edilməlidir ki, Geologiya və Geofizika İnstitutunun elm aləmində nüfuzu bu gün təkcə milli deyil, regional uğurlarla da təsdiqlənmişdir. Bir sıra istiqamətlərdə isə, institut hətta regional sərhədləri də aşa bilmişdir.

Hazırda institutun simasını – dünya palçıq vulkanlarının püskürmə mexanizminin və məkan-zaman baxımından paylanma qanunauyğunluqlarının analizi, uzunmüddətli vizual, aero-kosmik, geofiziki sahələrin instrumental və telemetrik monitorinqinə, vulkanların püskürmə məhsullarının dərin izotop-geokimyəvi öyrənilməsinə söykənən əsaslı tədqiqatlar əks etdirir.

Mənim elmi maraq dairəm isə əsas etibarilə təbaşir çöküntülərinin regional stratiqrafiyasını və paleontolo­giyasını əhatə edir. Rəhbərliyim və iştirakımla Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dövründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmışdır.

Mən həm də regional geologiya, tektonika, filiz ge­o­logiyası, hidro­geologiya, geoekologiya və digər elm sahələrinə aid məsələlərlə hər zaman yaxından maraqlanmışam. Müəyyən vaxtlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində mühazirələr oxumuşam. Respublika və xarici elmi nəşrlərdə çap olunmuş 250-dən çox elmi əsərin, 17 monoqrafiya və kitabın, 6 müəlliflik şəhadətnaməsinin müəllifiyəm. Baş redaktoru və həmmüəllifi olduğum unikal fundamental əsərlər – 8 cildli “Azərbaycanın geologiyası” (rus dilində) və 3 cildli “Azərbaycanın geologiyası” (Azərbaycan dilində) hazırlanmış və nəşr edilmişdir. İlk innovasiya layihəsi – “Azərbaycan ərazisinin və Xəzər dənizinin Azərbaycan sektorunun litoloji-paleocoğrafi xəritələri Atlası”nın müəlliflərindən biriyəm. 

Bütün fəaliyyətim dövründə elm və təhsilin inteqrasiyası çərçivəsində yüksəkixtisaslı elmi kadr potensialının hazırlanması, elmin populyarlaşdırılması, təbliği və təşviqi məsələlərini diqqətdə saxlamışam.

1986-cı ildə respublikamızda ilk dəfə Akademik İnstitutu (Geologiya İnstitutu) və ali təhsil müəssisəsini (AZNEFTKİMYA İnstitutu – hazırda ADNSU) özündə birləşdirən Tədris-Elmi Mərkəzin yaradılmasına təşəbbüs göstərərək buna nail olmuşam.

Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının, Azərbaycan Elmində İslahataparma üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının və SOCAR-ın Elm Fondunun üzvü kimi də çoxşaxəli fəaliyyət göstərmişəm.

–Son illər elmi fəaliyyətinizdə yeni prioritet elmi istiqamət olan geoekologiyaya böyük önəm verir, bu istiqamətin dərindən tədqiq olunması istiqamətində səylə çalışırsınız. Geoekologiya istiqamətinin əsas özəllikləri haqqında məlumat verə bilərsinizmi?

–Bəli, vurğuladığınız kimi, bu gün Azərbaycan geologiya və geofizika elminin müəyyən istiqamətlərində müsbət tendensiyalar müşaiyət edilir. Bunlardan biri də yeni geoinformasiya əsasında enerji, xammal və geoekoloji təhlükəsizliyi təmin edən  geoekoloji təd­qiqatlardır. Artıq bu istiqamət üzrə bir sıra mü­hüm elmi nəticələr alınmış, nüfuzlu jurnallarda elmi məqalələr dərc edilmişdir.

Geoekologiya elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında olan əlaqəni canlı aləmin yaşaması üçün əlverişli mühitin yaradılması nöqteyi-nəzərindən öyrənir. Geoekologiya geologiya və ekologiya fənnlərinin sərhədində formalaşmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir.

Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Bu sahə təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. 

Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsində respublika ərazisində təbii və antropogen amillərin təsiri ilə Yer qabığında baş verən dəyişikliklərin zaman-məkan daxilində sistemli tədqiqi və modelləşdirilməsi, filiz və qeyri-filiz faydalı qazıntıların kəşfiyyatı və istismarı ilə əlaqəli geoekoloji proseslərin tədqiqi və proqnozlaşdırılması, palçıq vulkanizminin geosferlərə təsirinin qiymətləndirilməsi, geoekoloji problemlərin azaldılması və aradan qaldırılması üzrə tədbirlərin işlənilməsi və digər istiqamətlərdə tədqiqatlar aparılır, mühüm elmi nəticələr əldə olunur. Biz bu aktual elmi istiqaməti daha da inkişaf etdirmək niyyətindəyik. Düşünürəm ki, geoekologiyaya dair Dövlət Proqramının hazırlanmasına çox böyük ehtiyac var.

–Azərbaycan elmini dəfələrlə ABŞ, Fransa, İngiltərə, Türkiyə, Koreya və digər xarici ölkələrdə təmsil etmiş alim kimi, Azərbaycan elminin gələcəyini, AMEA-da aparılan tədqiqatların aktuallığını necə qiymətləndirirsiniz?

–Kompleks yanaşsaq, elmin inkişafı son onililliklərdə formalaş­mış müəyyən tenden­siyalarla səciyyələnir. Bu gün qloballaşmanın mühüm hissəsi – dünyəvi elmi-texniki məkanın formalaşdırılması, infor­masiya-kommunikasiya texnologiyalarının yaradılması, enerjiyə qənaət, alternativ enerji mənbələrinin yaradılması, intellektual mülkiy­yət hüquqlarının qorunma mexanizminin işlənilməsidir. Hazırda alim­lərin və elmi təşkilatların fəaliyyəti daha yüksək dərəcədə ümumdün­yəvi təcrübəyə söykənir. Alimlər və mütəxəssislər arasında beynəlxalq mübadilələr sürətlə genişlənməkdədir. Bu baxımdan, hər bir elm sahəsinin inkişafı üçün kompüter və informasiya texnologiyala­rının geniş tətbiqi, sinergetik yanaşma və qlobal təbii hadisələrin dərk edilməsi son dərəcə vacibdir.

Düşünürəm ki, strateji elmi istiqamətlər – məsələn, fizika, kimya, riyaziyyat, yer elmləri və s. üzrə baza insti­tutlarını saxlamaq şərtilə yeni tex­no­logiya və informasiyalar əsasında, müasir elmin təşkili və inno­va­siya siyasətinin nailiyyətlərini özündə əks etdirən, müasir prioritet­lərə cavab verən, yeni elm-təhsil mərkəzlərin yaradılması olduqca vacibdir.

Bununla yanaşı, son illər internetdəki informasiya resurslarının təhlili göstərir ki, ümumiyyətlə, Azərbaycan elmində hələ də mürək­kəb vəziyyətin mövcud olmasına baxmayaraq, alimlərimiz fəaliyyətlərini davam etdirir və yeni elmi nəticələrə nail olurlar. 

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramları qəbul edilmiş, daha sonra bu proqramların reallaşdırılması konteksində Elmin İnkişafı Fondu yaradılmışdır. Bu mühüm sənədlər respublikada elmin yenidən təşkilatlanması və onun beynəlxalq elm aləminə inteqrasiyası məsələlərinin həlli üçün real imkanlar yaradır. 

–Akif müəllim, bildiyimiz kimi, ölkə Prezidentinin Fərmanı ilə AMEA-nın bəzi institut və təşkilatları AR Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Sizin fikrinizcə, bu qərar Azərbaycan elmində hansı müsbət dəyişikliklərə gətirib çıxaracaq?

–Düşünürəm ki, bu, çox düzgün qərardır. Məlumdur ki, elm və təhsil hər zaman bir-biri ilə sıx vəhdət təşkil edir. Cəmiyyətin inkişafı baxımından da hər iki istiqamət daim təmasda olmalıdır. Bunu nəzərə alaraq, hələ Elm və Təhsil Nazirliyi yaradılmamışdan əvvəl biz AMEA-da bəzi universitetlərin kafedralarının filiallarını açmağa, o filialların fəaliyyətini genişləndirməyə və bununla da yüksəkixtisaslı kadr hazırlığını həyata keçirməyə cəhd etmişdik. Bu, bizə bəzi fundamental elm sahələrinə gənc kadrları cəlb etməyə, birgə tədqiqatlar aparmağa imkan verdi. Bu gün elm və təhsilin inteqrasiyası şəraitində yetişmiş həmin gənc kadrların bir çoxu Azərbaycan elmini layiqincə təmsil edirlər, onun inkişafına mühüm töhfələr verirlər. Bütün bunlar elm və təhsilin birgə fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsini zəruri edirdi. 

Qeyd edim ki, bu gün elmlə təhsilin inteqrasiyası ilə bağlı bir sıra problemlər mövcuddur. Çünki bu sahədə hüquqi baza hələ tam formalaşmayıb. Azərbaycan elminin yüksələn xətlə azad inkişafı, beynəlxalq aləmə daha sürətli inteqrasiyası üçün hüquqi tənzimlənmə olduqca vacibdir. Yalnız bu halda elm və təhsilin inteqrasiyasının müsbət nəticələrini görə bilərik. Hər bir elm-tədris mərkəzinin hüquqi əsasları olarsa, onun fəaliyyəti qanunla tənzimlənərsə, bu, yeni prioritet istiqamətlərin yaranmasına, elmin tərəqqisinə gətirib çıxarar. Eyni zamanda, elmin inkişafı üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi artırılmalı, müasir avadanlıqlar, yeni cihazlar alınmalıdır.

Məlumat üçün bildirim ki, bu gün Azərbaycanda geologiya sahəsində 2 fakültə vardır. Bunlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Geoloji-kəşfiyyat fakültəsi - red), digəri isə Bakı Dövlət Universitetinin (Geologiya fakültəsi - red) nəzdindədir. Həmin fakültələr Elm və Təhsil Nazirliyinin 2 müəssisəsi - Geologiya və Gofizika İnstitutu və Neft və Qaz İnstitutu ilə birləşərək yeni vahid bir quruma, elm-təhsil mərkəzinə çevrilə bilər. Bu da elm və təhsilin inteqrasiya əsasında geologiya elminin inkişafı istiqamətində müsbət nəticələrin əldə edilməsinə gətirib çıxara bilər. Bu kimi elm-təhsil mərkəzləri gələcəkdə yeni institutların, elmi müəssisələrin yaranmasına, fundamental elmi istiqamətlərin formalaşmasına, dünya elminə inteqrasiyanın güclənməsinə səbəb olacaq.

Artıq dünyanın bir çox ölkəsində oxşar təcrübəyə rast gəlmək mümkündür. Məsələn, Rusiya Elmlər Akademiyasının nəzdində universitetlər yaradılıb. Akademiyanın universitetlərlə birgə fəaliyyəti nəticəsində dünya elminə mühüm töhfələr verilir, onların əldə etdiyi elmi nailiyyətlər beynəlxalq aləmdə yüksək qiymətə layiq görülür. Güman edirəm ki, Azərbaycan elmi də bu xətti əsas götürərək inkişaf edəcək, yeni mərhələdə daha böyük uğurlara nail olacaq. 

–Uzun illərdir ki, Geologiya və Geofizika İnstitutuna rəhbərlik edirsiniz. Son illər Geologiya və Geofizika İnstitutu elmimizin dünyaya inteqrasiya prosesində əhəmiyyətli rol oynayır.  Bir qədər də institutda beynəlxalq qrant layihələri və proqramlar çərçivəsində aparılmış tədqiqatlardan bəhs etməyinizi istərdik. 

–Həqiqətən də, son illərdə Geologiya və Geofizika İnstitutunda dünya elminin tələblərinə cavab verən, müasir çağırışları özündə ehtiva edən tədqiqatlar aparılır, dünya elminə inteqrasiya gücləndirilir. Bu gün Geologiya və Geofizika İnstitutunun alimləri respublikada elmimizin əksər sahələri üzrə tanınmış ekspertlərdir. 

Bu elmi müəssisə əldə edilmiş qrant­ların sayına görə Azərbaycanda elmi qurumlar sırasında müt­ləq liderliyə nail olmuşdur (71 beynəlxalq qrant layihəsi). İnstitut “Soros”, “İNTAS”, “NATO”, “CRDF”, ”KOPERNİCUS”, Ukray­na Elmi Fondu, Amerikanın Milli Elmi Fondu və bu kimi başqa tanınmış fondlarla aktiv qarşılıqlı fəaliy­yətdə olmuşdur. Bu gün də institutun bir çox beynəlxalq fondlarla sıx əməkdaşlıq əlaqələri davam etdirilir. 

Geologiya və Geofizika İnstitutunun tərəfdaşlarının coğrafiyası gündən-günə genişlə­nir. Buna misal olaraq Böyük Britaniyanın Kembric, Aberdin universitet­lərinin, Amerika Birləşmiş Ştatlarının Cənubi Karo­lina, Yuta, Vayo­minq, Merilend, Kaliforniya universitetlərinin, Massaçu­sets Texnoloji İnstitutunun və s., Pyer və Mariya Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsruye və Qannover Universitetləri (Alma­niya), Moskva Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) və bir çox başqa elm ocaqlarının alimlərini qeyd etmək olar. Həmçinin MDB ölkələri və Sakit okean regi­onunun alimləri ilə elmi əməkdaşlıq əlaqələri bərpa olunur və aktivləşir. Yaponiyanın Milli Şirkəti, Cənubi Koreya İns­titutları (KİQAM), Çanq-Konq Universiteti (Tayvan), İndo­neziyanın Milli Neft Şirkəti və başqaları ilə müştərək işlər insti­tutun elmi və elmi-təşkilatı fəaliyyətinin yeni mərhələsini əks etdirir.

İnstitut 25 ildən artıq bir müddətdə, yüksək elmi texno­lo­giyalar sahəsində dünyada lider olan Massaçusets Texnoloji İns­titutu ilə birgə kosmik geodeziya vasitələri ilə Qafqaz, Yaxın və Orta Şərqi, Orta Asiyanı özündə ehtiva edən nəhəng regionun iri bloklarının hərə­kət sürətləri və istiqamətlərinin öyrənilməsi sahə­sin­də tədqiqatlar aparır. Bu tədqiqatların nəticələri dünyanın nü­fuzlu jurnallarında dərc olunub, beynəlxalq konqres və kon­franslarda məruzə edilib. Bu gün həmin elmi nəticələr geologiya üzrə ən çox istinad edilən, tələb olunan elmi işlər sırasına daxil edilib. 

2009-cu ildən Geologiya və Geofizika İnstitutu Azəbaycan Elm Fondu ilə əməkdaşlığa başlamış və bu çərçivədə 9 layihə hazır­lanaraq, fonda təqdim edilmişdir. Onun altısı, həmçinin müasir ska­ner­ləşdirən elektron mik­roskopun alınması və onun tətbiqilə Cə­nubi Xəzər hövzəsinin neftli-qazlı çöküntülərinin biostra­tiqrafi­yasının, sub­mikron və nano səviy­yələr­də fiziki və fiziki-me­xa­niki xüsusiyyətləri­nin öyrənilməsini nəzərdə tutan layihə Fondun qrantları sırasın­da dəstəklənmişdir.

Bundan başqa, institut Beynəlxalq Geoloji Elmlər İttifaqı xətti üzrə bey­nəl­xalq layihələrin reallaşmasında iştirak etmişdir. “Neft-qaz kompleksinin in­kişafı ilə əlaqədar olaraq, Xəzər dənizi regio­nun­­da geodinamik və ekoloji vəziyyətin proqnoz sistemi və nə­za­rəti” beynəlxalq proqramı Xəzər dənizi dövlətləri – Ru­si­ya, Qazaxıstan, Turkmənistan və İranın iştirakı ilə yerinə ye­tiril­­mişdir. Digər tərəfdən “Paratetis çərçivəsində Xə­zər dənizinin geodinamik və paleoiqlim təkamü­lü” adlı bey­nəlxalq proqramın xarici şirkətlərin (BP, Shell, Total və b.) maliyyə dəstəyi ilə yerinə yetirilməsində institut fəal iştirak edir (DARİUS fondu).

1998-ci ildən başlayaraq institutda “Şərqi Aralıq dənizi – Qaf­qazın GPS” layihəsi çərçivəsində Massaçusets Texnoloji İns­titutu ilə əmək­daş­lıq şəraitində GPS ölçülmələrindən istifadə etmək­lə, Azərbaycan ərazi­sində yer qabığının kinematikası və dinami­ka­sının öyrənilməsi üzrə işlər aparılmışdır. Qafqazın kolli­zi­on zona­sın­da müasir geodinamiki vəziyyət tədqiq edilmiş, deformasiya enerjisinin toplandığı məntəqələr aşkar olunmuşdur.

Məlum olduğu kimi, Azərbay­can neft strategiyasının həyata keçirilməsində nəzərəçarpan uğurlar əldə etmişdir. Buna dünya əhəmiy­yətli irimiqyaslı layihələr – Azəri-Çıraq-Günəşli neft ya­taq­larının, Şahdəniz qazkondensat yatağının mənimsə­nil­məsi, ma­gistral Bakı-Tiflis-Ceyhan boru kəmərinin istismara verilməsi əyani sübut­dur. 

–2013-cü ildə Azərbaycan aliminə verilən ən yüksək və ən layiqli qiymət olan AMEA prezidenti vəzifəsinə seçilmiş və uzun illər Akademiyaya rəhbərlik etmisiniz. AMEA prezidenti seçildikdən sonra elmimizin bütün sahələrində yeniliklər tətbiq olunmuş, özündə çoxsaylı islahatları ehtiva edən canlanma müşahidə olunmuşdur. Bu yeniliklər hansı istiqamətləri əhatə edirdi?

–Bəli, qeyd etdiyiniz dövr həyatımın ən çətin, şərəfli və məsuliyyətli dövrlərindən olub. AMEA-nın prezidenti vəzifəsini icra etdiyim dövrdə respublikada ilk dəfə həyata keçirilən tədbirlər sırasında elmin təbliğinin effektiv forması olan Bakı Elm Festivalı, eyni zamanda Azərbaycan alimlərinin və Azərbaycanın gənc alimlərinin I Qurultayı xüsusi yer tutur.

Daha sonra Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının, milli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoru” elmi adının təsis edilməsi, AMEA Yüksək Texnologiyalar Parkının yaradılması və s. həmin illərdə həyata keçirilmış mühüm və günün tələblərinə cavab verən tədbirlərdəndir.

Eyni zamanda, biz elmlə təhsilin inteqrasiyası, elmi kadr potensialının inkişafı, gənclərin elmə marağının artırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsini yaratdıq. 

Həmin illərdə AMEA-da çox ciddi islahatlar aparılmış, bir sıra fundamental  təşəbbüslər icra edilmişdir. Dünya elminə sürətlə inteqrasiya, qabaqcıl metodlara və texnologiyalara yiyələnmək və zamanın tələblərinə uyğun gənc elmi kadrların hazırlanması məsələləri hər zaman diqqət mərkəzimizdə olmuşdur.

Bundan başqa, AMEA-da intellektual potensialın inkişafı, alimlərimizin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirmişik. Akademiya əməkdaşlarının maddi rifahının, iş və məişət şəraitinin yaxşılaşdırılması, mənzil təminatı, elmi tədqiqat işinə marağının artırılması məqsədilə görülən mühüm işlər də bu qəbildəndir.

–Elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq üçün ölkəmizdə hansı işlər görülməlidir?

–Qeyd etdiyim kimi, ilk növbədə, Azərbaycanda dövlət tərəfindən elmə ayrılan vəsait ümumi daxili məhsulun 0,2 faizindən az olmamalıdır. İkincisi, elm sahəsində fəaliyyət göstərənlərin aylıq məvacibləri artırılmalı, alimin əməyi və zəhməti dövlət tərəfindən yüksək qiymətləndirilməlidir. 

Onu da əlavə edim ki, bu gün Azərbaycanda elmin təbliği istiqamətində müəyyən problemlər var. Elmin ictimaiyyət arasında, sosial-ictimai sferada nüfuzunun artırılması və populyarlaşdırılması ilə bağlı ciddi tədbirlər həyata keçirilməlidir. Həm müvafiq dövlət qurumları, həm də elmi müəssisələr, alim və ziyalılar elmi nailiyyətlərin təbliğinə, elmi təfəkkürün inkişaf etdirilməsinə, eləcə də gənclərin elmə cəlb olunmasına diqqət ayırmalıdırlar.  

Elmin davamlı inkişafının təmini, elmi fəaliyyətin maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, ictimai həyatın bütün sferalarında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, o cümlədən elmin maddi-texniki bazasının modernləşdirilməsi hazırda elm sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu gün Azərbaycanda elm siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi üçün kompleks islahatlar aparılır, müvafiq qanun layihələri qəbul olunur. İnanıram ki, həyata keçirilən bütün bu tədbirlər yaxın zamanda öz bəhrəsini verəcəkdir.

–Akif müəllim, sizin ədəbiyyata, şeirə, sənətə olan marağınız da hər kəsə məlumdur. Bu həvəs haradan qaynaqlanır?

–Gənc yaşlarımdan etibarən yazdığım şeirlərin yer aldığı kitabçam var. Burada çoxsaylı şeirlər yer alıb. Mən onların əksəriyyətini əzbər bilirəm və yeri gələndə şeir səsləndirməyi sevirəm. 

Ümumiyyətlə, şeir, poeziya böyük bir elmdir, dərin fəlsəfədir. İnsanın fərdi olaraq inkişafında, şəxsiyyətinin formalaşmasında poeziya, kitablar, şeir, poema və hekayələr böyük rol oynayır. Çünki onların hər biri tərbiyəvi xarakter daşıyır, cəmiyyətin inkişaf yollarını müəyyənləşdirir, oxucunun dünyagörüşünü, mənəviyyatını, mədəniyyətini formalaşdırır.  

Rus dilində təhsil almağıma baxmayaraq, doğma ana dilimdə şeirlər oxuyuram. Azərbaycan dilini gənclik illərimdə Azərbaycan ədəbiyyatını, poeziya nümunələrini oxuyarkən öyrənmişəm. Xalq şairi Səməd Vurğunun “Vaqif” dramı, eləcə də Hüseyn Cavidin məşhur pyesləri əsasında nümayiş olunan tamaşaları səhnələrdən izləmişəm. Bunların hər biri mənim şəxsi inkişafımda mühüm rol oynayıb. Bəlkə də gənclik dövründə ədəbiyyatın, poeziyanın təsirini daxilən o qədər də hiss etmirsən, lakin beyin bütün məlumatları qəbul edir və yadda saxlayır. 

Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxumuşam. Vaqiflə Qacarın deyişməsini əzbər bilirəm. Rus məktəbində təhsil alsam da, gənclik illərində Akademik Milli Dram Teatrına gedib “Vaqif” tamaşasını böyük həvəslə izləyirdim. Eyni zamanda, Səməd Vurğunun  rus dilində olan pyesləri, türk dünyasının dahi şairi Tofiq Fikrətin yaradıcılığı ilə yaxından tanışam. 

Müsahibənin sonunda akademik Akif Əlizadə Xalq şairi Səməd Vurğunun “Mən tələsmirəm...” şeirindən bir bənd səsləndirdi:

Hər gülə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm,

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən-dən…

 

Nərgiz QƏHRƏMANOVA, 
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr,
 mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

 



Müsahibə