“Bizim vaxtımızda sənətə məcnunluq vardı”
Ölkədə fəaliyyət göstərən iki kino ittifaqı birləşdirildi. Bundan sonra bir kino ittifaq kimi fəaliyyət göstərməli olan təşkilata kim rəhbərlik edəcək? –sualı kino aləminin gündəmində 1-ci yerdə olan məsələdir. Biz də bu və kino əhlini narahat edən digər suallarla AKİ-nın sədri, xalq artisti Rasim Balayevə müraciət etdik.
– İki kino ittifaqı birləşdi, bundan sonra necə olacaq? Bəlkə, həmsədrlik idarəçiliyinə üstünlük veriləcək?
– Dəqiq bir söz deyə bilmərəm hələ, nə olacaq, necə olacaq, amma hər halda bir sədr olmalıdır.
– Yəqin seçki gözlənilir?
– Nizamnaməyə görə, bəli. İlin axırına qədər müəyyən olunacaq. Mən 23 il Kinematoqrafçılar ittifaqının 1-ci katibi olmuşam. Sonra hadisələr elə cərəyan etdi ki, istefa verdim. Həm hadisələrin cərəyanı, həm də səhhətimdəki problemlər məni istefa verməyə sövq etdi. Rüstəm İbrahimbəyov rəhmətə gedəndən sonra sonra kollektivin xahişi ilə yenidən qayıtdım. Təbii ki, iki kino ittifaqın ayrı-ayrılıqda fəaliyyət göstərməsi normal deyil. 1 ildən artıqdır ki, sədriyəm. İki ittifaq birləşib, indi yəqin seşkilər keçirilməlidir bir sədr, bir müavin seçilməlidir, istənilən halda ilin axırına qədər bəlli olacaq.
– 1963-cü ildən fəaliyyət göstərən Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun inkişafında hansı missiyanı həyata keçirir?
– İttifaqı rəhmətlik rejissor Lətif Səfərov yaradıb. Kino işçiləri üçün, kino üçün müəyyən işlər görür. Peşəkar kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Digər yaradıcı və ictimai təşkilatlarla, respublikanın dövlət orqanları ilə milli mədəniyyətin inkişaf konsepsiyalarının işlənib hazırlanmasında da yaxından iştirak edir. Və ən əsası öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil edir, onların peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə edir. Əsas məsələ kinonun olmasıdır. Kino olmasa nə kino ittifaq lazımdır, nə kino agentliyi. Bu gün Azərbaycan kinosu o qədər də yaxşı durumda deyil. Rejissorlarımızın çoxu dünyasını dəyişib, yaxud yaşlanıb. 90-cı illərdə 6 il Azərbaycanda kino çəkilmədi, dövlət maliyyələşdirmədi. Tək-tək oldu, onlar da kommersiya filmləri idi. “Azərbaycanfilm” kinostudiyasının pavilyonları kafe kimi icarəyə verildi. Sovet vaxtı pis-yaxşı bir kino strukturu var idi. O struktur dağıldı və yenisi qurulmadı. Bu gün də kinostudiya aktiv fəaliyyətdə deyil. Kinoteatrların fəaliyyəti, kino prokat yoxdur.
– Yeni struktur qurulması üçün sizcə, nədən başlamaq lazımdır?
– Zəncir qırılıb, onun uclarını tapıb birləşdirmək lazımdır. Burada təhsildən başlamaq lazımdır. Bizim İncəsənət Universitetində kinoya aid fakültələr var, amma kadrlar yetişmir. Operatorluq fakültəsində tələbələrə videokameralarla dərs keçirilir. İndi hər şey dəyişir, inkişaf edir. Moskva kinematoqrafiya İnstitutuna tələbə göndərmək lazımdır, oxuyub gəlib yenilikləri gətirsinlər.
– Deyirsiniz yəni problem kadrlardadır?
– Problem çoxdur, amma filmi yaradan əsas rejissordur. Hər sahədə enmə, qalxma olur. Məgər təhsildə, səhiyyədə problem yoxdur, hamısı düzəlir, öz yerini tapir, amma kino qalıb ağzı göyə. Ölkədə müharibə gedirdi, ümid edirik ki, o hadisələrin hamısı kinomuzda öz əksini tapsın. Sususrduq ki, təki Qarabağ azad olunsun, ondan sonra kino da inkişaf edər. Şükür, Qarabağı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu azad etdi. Bundan sonra həqiqətlərimizi dünyaya kinonun dili ilə çatdırmalıyıq. Mən cənab Prezidentlə görüşümdə dedim bunların hamısını. Dedi kino üçün nə lazımdırsa hamısını etməyə hazıram. Deməli, maliyyə problem də olmayacaq. Bu gün yaxşı senari yazılmır. Kinostudiyanın qovluğunda ehtiyat senarilər olardı, indi heç biri də yoxdur. Bəlkə, mühit yetişdirmir, nə isə etmək lazımdır ki, yetişsin. Sənətkar dünyasını dəyişər, amma sənət yaşamalıdır.
– Sonuncu dəfə hansı filmə çəkilmisiniz?
– Son dəfə “Sübhün səfiri” filminə çəkilmişəm. Mənim kino sarıdan şikayətim olmamalıdır. 70-80-ci illərdə boş dəqiqəm olmurdu, hər gün filmə çəkilirdim, amma sonra ondan da çox boş qaldım. Aktyor kinoda və teatrda işləməlidir.
– Niyə teatrda işləmirsiniz, İncəsənət Universitetində dərs demirsiniz?
– Dərs demək istədim, amma tələbələrin dərsə münasibəti məni qane etmədi. Təklif etdilər, getdim, girdim auditoriyaya gördüm boşdur. Dedilər 20 tələbəniz var, gözləyin gələcəklər. Çıxıb getdim, çünki mən görmüşəm ki, tələbə yarım saat da əvvəl gəlib müəllimi gözləyər. Biz Mehdi Məmmədovu, Müxlis Cənizadəni elə gözləyirdik. Bizim vaxtımızda sənətə məcnunluq vardı. O ki, qaldı teatrda işləməyə, mənə görə aktyor teatrda işləməlidir, imkan olanda kinoya da çəkilər. Çünki teatr aktyoru formada saxlayır. Kinoda çox məşğul olduğumdan teatra gedə bilmədim. Sonralar Mikayıl Mirzə “Aydın” tamaşasını qoydu, mənə Dövlət bəy obrazını həvalə etdi. Tamaşa az bir müddət oynanıldı. Nə isə, mənim teatrda işləməyim alınmadı.
– Söhbətin əvvəlinə qayıtmaq istəyirəm, çünki gündəm Kinematoqrafçılar İttifaqıdır, sədirliyə iddialısınız?
– Kino əhli kimi məsləhət görər, onu da seçər. Mən istəyirəm kino olsun.
R. Qurbanlı