Bu günlərdə Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə İnsan Resursları Zirvəsi keçirildi. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli insan resursları mövzusu və bu mövzuda son illərin ən önəmli tədbirinin nəticələri barədə suallarımızı cavablandırdı.
– Mustafa müəllim, İnsan Resusrları Zirvəsinin keçirilməsində məqsəd nə idi?
– Biz Dövlət Məşğulluq Agentliyi olaraq özümüzü dövlətin insan resursları departamenti olaraq gördüyümüz üçün buna bir az fərqli formatda baxmağa çalışdıq. Biz il ərzində karyera inkişaf forumu keçiririk, digər korporativ məsuliyyət tədbirləri təşkil edirik. Amma bunların arasında ən zəruri olan insan kapitalının önəmini çatdırmağı hədəfləyən bu zirvənin gerçəkləşməsi oldu. Düşünürük ki, bu ənənə xarakteri alacaq. Bu mühüm tədbirdə bizim cəmiyyətə, dövlətə və fərdlərə verəcəyimiz mesaj məhz istənilən strukturun inkilafında, hər bir təkilatın, qurumun fəaliyyətində insan kapitalının önəmini çatdırmaqdır. İnanıram ki, biz bu mesajı verə bildik.
Bir məsələni qeyd edim ki, hər tədbirdə hər hansı problemin həllini tapmaq mümkün olmaya bilər. Əsas odur ki, cəmiyyətin diqqətini bu problemin həllinə cəlb edə bilək, ən azından bu istiqmətdə insanlarımızı düşündürə bilək.
– Zirvə həm də kifayət qədər fərqli formatda baş tutdu...
– Doğrudur. İnsan Resursları Zirvəsi gözlədiyimizdən də artıq maraqla qarşılandı. Tədbirin təşkili kifayət qədər məsuliyyətli, ağır bir proses idi. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakı həyata keçirildi. Xüsusilə birinci, ikinci və üçüncü panellərdə aktiv iştirak qeydə alındı.
Bizim dövlət orqanlarının nümayəndələrinin iştirakı və proseslərə yanaşması çox fərqli oldu, ona görə də zirvə adi tədbirlərdən seçildi. Biz də təşkilatçılar olaraq çalışırdıq ki, yeni yanaşma ortaya qoyaq. Adətən, dövlət orqanlarında müzakirələrin formatları bir qədər fərqli olur. Biz çalışdıq ki, burada daha çox interaktivliyi təmin edək, daha çox sual-cavab, polemika formatına üstünlük verək. Düşünürəm ki, dövlət tədbirlərinin təşkili məsələsində yeni bir formatın başlanğıcını qoya bildik.
– Qeyd etdiyiniz fərqli formatın perspektivini necə görürsünüz?
– Birinci növbədə onu deməliyəm ki, tədbirdən hər kəs fərqli düşüncələrlə ayrıldı. Təşkilati məsələlərə, eləcə də insanlarla ünsiyyət məsələsinə fərqli yanaşmalar formalaşdı. İnanıram ki, növbəti dövrdə bu yanaşmalar nəyisə dəyişə dəyişəcək. O ki, qaldı dövlət qurumları rəhbərlərinin performansına, görüşlərdən sonra bir sıra ictimai ekspertin bu barədə fikirləri mənim üçün maraqlı oldu. Belə ki, onlar bir məsələnin üzərində xüsusi dayanaraq bildirdilər ki, bu gün ölkəmizdə məmurluq keyfiyyətcə dəyişir, yeni məzmun daşımağa başlayır. Bu fikirlərlə razıyam. Son bir neçə ildə məmurların siması səmimiyyətə doğru, interaktivliyə istiqamət alaraq dəyişir, daha çox ictimai ünsiyyət forması alır. Bu, indiki dövrdə çox vacib, çox önəmlidir. Məlum olduğu kimi, bizim ölkə rəhbəri, Prezident İlham Əliyev bu istiqamətdə xüsusi yanaşma sərgiləyir. Ölkə rəhbərinin tövsiyə və tapşırıqlarına uyğun olaraq, bizim bütün dövlət orqanlarının əməkdaşları vətəndaşlara daha açıq, əlçatan, polemika müstəvisində qurulan münasibətlərə malik olmalıdırlar. Bu format dəyişikliyi son nəticədə dövlətimizə, idarəçiliyə də çox mühüm töhfə verəcək.
– Ümumiyyətlə, insan resurslarının (HR) işinin düzgün qurulması üçün vacib olan nələrdir?
– Hesab edirəm ki, insan resursları mütəxəssisinin, qurumunun, departamentinin birinci vəzifəsi bu işin önəmini hər kəsə çatdırmaqdır. Xüsusilə, fəaliyyət göstərdiyi qurumların rəhbər heyətinə. Bu, çox önəmlidir. Əgər insan resursları əməkdaşları buna nail olsalar, qurum rəhbərləri insan kapitalının rolunu doğru-düzgün anlasalar, bizim qurumlarımızın, təşkilatlarımızın işi daha uğurlu olacaq. İnsan resurslarının ənənəvi fəaliyyəti çox önəmlidir. Qurumda fəaliyyət göstərən əməkdaşların vahid dəyər ətrafında toplaşmaları, vahid korporativ mədəniyyətə söykənmələri, onların qurum daxilində məmnun, xoşbəxt olmaları əsasən insan resursları departamentinin işini düzgün, səmərəli qurmasından çox asılıdır. Əməkdaşların məhz vahid bir ideya ətrafında birləşmələri son nəticədə həmin qurumun, təşkilatın uğuru deməkdir.
Anar TURAN,
“Xalq qəzeti”