“Xalq qəzeti”nin “Heydər Əliyev xatirələr işığında” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevdir. Bu müsahibədə Sovet İttifaqı məkanında ötən əsrin 60-70-ci illərinin gənclərinin Heydər Əliyev fenomeninə baxışı və epoxanın liderinin ictimai-siyasi fəaliyyətinin yetişməkdə olan yeni nəslə, xüsusilə dövlətçilikdə mühüm rol oynayan hüquqşünas kadrlara təsirindən söhbət açmışıq.
– Kamran müəllim, Heydər Əliyev şəxsiyyəti və fenomeni ilə ilk dəfə nə vaxt qarşılaşmısınız? Ümumiyyətlə, xalqımızın ümummilli lideri haqqında diqqətinizi ilk çəkən nə olub?
– Əvvəla, qəzetinizin istər sovet dövrü Azərbaycanının, istər müstəqil Azərbaycanın həyatında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev irsinin tədqiqinə xidmət edən belə bir layihə ilə çıxış etməsini, artıq xalqımızın çox qiymətli milli-mənəvi dəyərinə çevrilmiş ulu öndərin irsinə böyük töhfə kimi dəyərləndirirəm. Çünki bu elə bir dəyərli irsdir ki, o uzun illər müstəqil dövlətçiliyimizin keşiyində duracaq, onun inkişafına xidmət edəcək nəsillərin formalaşmasında çox böyük rol oynayacaq.
Qaldı Heydər Əliyev fenomeni ilə ilk tanışlığıma, bu tanışlıq özümü dərk edəndən bugünə qədər davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin miqyası o qədər geniş və zəngindir ki, onu hələ uzun illər öyrənəcək və heyrət edəcəyik.
Hələ Gəncədə orta məktəbdə oxuduğum dönəmdə, ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində daim valideynlərimin, yaxın çevrəmizi təşkil edən insanların respublika rəhbəri kimi Heydər Əliyevin cəmiyyətdə, gündəlik həyatda yaratdığı canlanma, inkişaf və tərəqqi naminə atılan addımları barədə söhbətləri, onun haqqında yaranan əfsanələr diqqətimi cəlb etməyə bilməzdi. Tək mən yox, dövrün bütün gənc nəsli Heydər Əliyevin xüsusilə ölkədə qanunçuluğun və ədalətin bərpası, milli irsimizin dirçəldilməsi və qorunması, ədəbiyyatımızın, incəsənətimizin inkişafı, tariximizin öyrənilməsi, ali təhsil məktəblərində ədalətli imtahan qəbulu kampaniyalarını daim diqqətdə saxlaması bir çox sahələrdə həyata keçirdiyi işlər haqqında dolaşan heyrətamiz söhbətlərdən qürur hissi keçirirdi.
Məhz ulu öndərin rəhbərliyi illərində respublikamızın qabaqcıllar sırasında hər il SSRİ-nin Keçici Qırmızı Bayrağına layiq görülməsi ilə bağlı təntənəli yığıncaqlarda, rayonlarda təşkil edilən məhsul bayramlarındakı iştirakı, bölgələrə səfərləri, respublikamiqyaslı tədbirlərdə doğma Azərbaycan dilində sərrast və məntiqli çıxışları, istər qarşısında çıxış etdiyi auditoriya, istərsə də bizim kimi televiziya izləyiciləri tərəfindən xüsusi maraqla dinlənilirdi. Onun bölgələrə, o cümlədən mənim böyüyüb boya-başa çatdığım Gəncəyə səfərləri, respublikamızın ikinci böyük şəhərinə olan diqqəti və qayğısı, xüsusilə tarixi və mənəvi abidələrimizin – Nizami Gəncəvinin məqbərəsinin, onlarla məscid və mədrəsənin bərpa olunması şəhər sakinləri tərəfindən böyük rəğbət və sevinclə qarşılanırdı. Dövlət rəhbərinin Gəncədə iştirak etdiyi tədbirlərdən birində tarixi şəxsiyyəti görmək mənə də nəsib olmuş, qeyri-adi zəkaya malik liderimizin cəsarətli və qətiyyətli çıxışı, tədbir iştirakçılarını heyran qoyan Azərbaycan dilində qeyri-adi natiqlik bacarığı diqqətimi ilk çəkən xüsusiyyətlərindən olmuş, həmin anlar yeniyetmə kimi məndə dərin və unudulmaz təəssüratlar yaratmışdı.
– Siz ali hüquq təhsilinizi də, hüquqşünaslıq sahəsində aspirantura təhsilinizi də Rusiya Federasiyasında almısınız. Həmin illərdə Heydər Əliyevin SSRİ rəhbərlərindən biri kimi 1982-1987-ci illərdə bu ölkədə fəaliyyəti ilə bağlı yaşadığınız mühitdə hansısa bir söhbətin, xoş bir xatirənin şahidi olmuşdunuzmu? Onun haqqında eşitdiyiniz fikirlər sizdə hansı hisslər doğururdu?
– Heydər Əliyevin Moskva dövrü fəaliyyətinin təkcə məndə yox, həmin illərdə Rusiyada yaşayan bütün azərbaycanlılarda yaratdığı hissləri Azərbaycanda olan insanlar yaşaya bilməzdi. Ulu öndərin SSRİ rəhbərliyinin yüksək postda təmsil olunması, xüsusilə Rusiyada yaşayan millətimizin nümayəndələrində çox fərqli bir assosiasiya yaradırdı. Təsəvvür edin, o nəhəng Sovet İttifaqında hara gedirdiksə, Azərbaycandan olduğumuzu biləndə dərhal “Heydər Əliyevin yerlisisiniz” deyə xüsusi bir hörmətlə diqqət göstərirdilər. Təbii ki, bu bizi qürurlandırmaya bilməzdi.
Həmin vaxtadək artıq İttifaq səviyyəsində böyük nüfuza və xüsusi siyasi çəkiyə malik Heydər Əliyevin 22 noyabr 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra Sovetlər Birliyinin 12 nazirlik və 20 komitəsinin onun bilavasitə nəzarətində olması, Nazirlər Sovetinin Operativ Məsələlər Komissiyasına rəhbərlik, əlbəttə onun şəxsiyyətinin miqyasını göstərən bir fakt idi. Əminliklə deyə bilərik ki, Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə öz fəaliyyəti və nüfuzu ilə respublikanın çərçivəsindən çıxmışdı.
Konkret bir fakta diqqət çəkmək istərdim. Ümummilli liderin hələ respublika rəhbəri olduğu vaxtlarda “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli sayında onun “Qoy ədalət zəfər çalsın” adlı müsahibəsi dərc edildi. Bu müsahibə nəinki qəzetin oxucuları, həmçinin SSRİ-də həmin dövr üçün hüquqşünas alimlər və tələbələr tərəfindən də maraqla qarşılanmış, görkəmli siyasətçiyə xüsusi rəğbət qazandırmışdır. Çünki Heydər Əliyev bu müsahibəsində ədalət mühakiməsinin həmçinin hüquq-mühafizə orqanları işçilərinin vəzifələrinin nədən ibarət olduğunu elə dərindən və mükəmməl təhlil edir ki, adam heyran qalır. Müsahibədə deyirdi ki, hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verilib, amma onlar unutmamalıdırlar ki, insan taleyini həll edirlər. Ona görə də hüquqşünas kadrların hazırlığı universitet dövründən bu kriteriyalar əsasında aparılmalıdır.
Tale elə gətirmişdi ki, həmin illərdə mən Rusiyada universitetdə hüquq fakültəsində təhsil alırdım və bizim müəllim-professor heyəti bu müsahibəyə çox tez-tez müraciət edir, müzakirələr açırdılar. Sevinirdim ki, məhz azərbaycanlı olduğumu bilib tez-tez Heydər Əliyevlə bağlı mənə suallar verir, onun şəxsiyyəti, fəaliyyəti haqqında daha çox məlumat almaq istəyirdilər.
Ulu öndər artıq Moskvada çalışanda, əlbəttə, əslən azərbaycanlı müsəlman bir dövlət xadiminin nəhəng imperiyada belə yüksək mənsəbə yüksəlməsi onun həmvətənləri, xüsusən ölkə xaricində olanlar üçün son dərəcə qürurverici hadisə idi. Bundan sonra ittifaqın elə bir guşəsi yox idi ki, Heydər Əliyev şəxsiyyəti, onun fenomenal keyfiyyətləri ilə maraqlanmasınlar. Ulu öndərə iki aspektdən böyük maraq var idi. Birinci, SSRİ-nin dövlət rəhbərlərindən biri kimi, ikinci xarizmatik bir şəxsiyyət kimi. Çünki Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmağa başlayandan az bir müddət sonra onun nüfuzu sürətlə artırdı. Siyasi Büroda, SSRİ rəhbərliyində onun kimi xalq arasında sevilən ikinci bir rəhbər şəxs yox idi. Bu gerçəyi biz daha aydın görürdük.
Bu böyük insanın, böyük dövlət rəhbərinin Vətəni Azərbaycana sevgisinə bələd olan bir tələbə kimi mən də həmin dövrdə artıq SSRİ xalqlarının sevimlisinə çevrilmiş Heydər Əliyevin siyasi karyerasını çox böyük maraq və sevgi ilə izləyir, bir azərbaycanlı kimi onun sovet cəmiyyətinin ən vacib sahələrində yorulmaz fəaliyyətini, əldə etdiyi nailiyyətləri böyük fəxrlə qarşılayırdım.
İrkutsk Dövlət Universitetində təhsil aldığım 1982-1987-ci illəri xatırlayarkən professor-müəllim heyətinin, digər tələbə yoldaşlarımın da zəngin dövlətçilik təcrübəsinə malik böyük siyasət ustasının gördüyü işlərin, keçirdiyi görüşlərin və Sovet İttifaqı adından nümayəndə heyətlərinin rəhbəri kimi xarici ölkələrə səfərlərinin böyük maraqla qarşılandığını, müzakirələrə səbəb olduğunu sevinclə müşahidə edirdim.
Şərqi Sibirdə təhsil aldığım dövrə təsadüf etdiyi üçün yaxşı xatirimdədir ki, Heydər Əliyev Sovet İttifaqı üçün həm iqtisadi, həm də hərbi-strateji əhəmiyyət daşıyan və miqyasına görə dünyada analoqu olmayan Baykal-Amur Magistralının (BAM) tikintisi üzrə yüksək səviyyəli komissiyaya rəhbərlik edirdi. 1984-cü ildə ulu öndər tikinti aparılan bölgələrə səfərlər edirdi. Maraqlıdır ki, bütün səfərlərində BAM-da çalışan azərbaycanlılarla ayrıca görüşür, onların sosial-məişət problemləri ilə yaxından maraqlanırdı. Onun bu görüşləri ətraf bölgələrdə yaşayan həmvətənlərimizdə böyük ruh yüksəkliyinə səbəb olurdu.
Bu yerdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Heydər Əliyevin 100 illiyi ilə bağlı Şuşada səsləndirdiyi bir fikri yada salmaq istəyirəm. Cənab Prezident qeyd etdi ki, ümummilli liderin adı, şəxsiyyəti SSRİ-nin müxtəlif regionlarında yaşayan bütün azərbaycanlılar üçün bir çətir idi. Bunu Vətəndən kənarda təhsil alan bir azərbaycanlı kimi mən də həmişə hiss etmişəm. Hətta Heydər Əliyev Qorbaçovun təzyiqlərindən sonra öz vəzifəsindən istefa verəndən sonra belə onun nüfuzu, onun şəxsiyyətinə olan ehtiram daim bizə himayədarlıq edib.
Mən 1987-90-cı illərdə Rusiyada prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışmışam. 1990-93-cü illərdə də Moskvada aspirantura təhsili almışam. Bütün bu illər ərzində ulu öndərin adı, şəxsiyyəti və nüfuzu mənə dəstək olub və mən bundan daim qürur duymuşam.
– Azərbaycan prokurorluq orqanlarında fəaliyyətə, yəqin ki, Heydər Əliyevin artıq müstəqil respublikaya rəhbərlik etdiyi illərdə başlamısınız. Ulu öndərin müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu strategiyasında prokurorluq orqanları qarşısında qoyduğu vəzifələrin icrası gənc hüquqşünas Kamran Əliyev üçün nə qədər əhəmiyyətli görünürdü ki, Vətənə dönüb bu işlərdə iştirakını vacib saydı?
– 1990-93-cü illər Azərbaycanın çox ağır, taleyinin həll olunduğu günlər idi. Həmin illərdə, demək olar ki, dövlət institutları anarxiyaya təslim olmuşdu, ölkə xaosa sürüklənirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Təbii ki, mən kənarda yaşasam da, Vətənimdə baş verən bütün prosesləri ürək ağrısı ilə izləyirdim. Açıq etiraf edim ki, “nədən Heydər Əliyevi hakimiyyətə dəvət etmirlər” fikri düşüncəmi məşğul edən ən aktual suala çevrilmişdi. Axı o insanın bütün ömrü bu ölkənin inkişafına, qurulmasına, rifahının yüksəlişinə xidmətdə və Azərbaycanı ən yaxşı şəkildə idarə etməkdə keçmişdi. Mənim kimi düşünən yüz minlərlə, milyonlarla azərbaycanlı var idi. Biz Moskvada bunu öz dostlarımız və diaspor nümayəndələri arasında çox müzakirə edirdik.
Məhz həmin gün, 15 iyun 1993-cü ildə sanki Allah ona üz tutan insanların səsini eşitdi. Nə yaxşı ki, Heydər Əliyev öz xalqının xahişini qəbul edib doğma Azərbaycanını xilas etməyə razılıq verdi. Bunu ona görə deyirəm ki, Heydər Əliyev hakimiyyətdən gedəndən sonra ona qarşı çox böyük ədalətsizliklər olmuşdu. Azərbaycanın o zamankı rəhbərliyi hətta ona məxsus olan mənzili belə əlindən almış və əşyalarını boşaltmışdı. Azərbaycanı qurub-yaradan insana qarşı bundan böyük ədalətsizlik ola bilərdimi? Amma Heydər Əliyev bu ədalətsizliyi unutdu və Azərbaycanı xilas etmək üçün hakimiyyətə qayıtdı.
Ona görə də Heydər Əliyev Bakıya gələndə xalq artıq gördü ki, Azərbaycana dövlət qayıtdı, Azərbaycana dövlətçilik, dövlət atributları qayıtdı və Azərbaycana lider, dövləti yetərincə idarə edəcək şəxsiyyət qayıtdı. Xalqın gələcəyə inamı, ümidi də özünə qayıtdı. Əlbəttə heç kim bilmirdi ki, dövləti və dövlətçiliyi necə, hansı yolla xilas etmək olacaq? Azərbaycanın müstəqilliyini hansı vasitələrlə qorumaq mümkün olacaq? Amma xalq bir şeyi bilirdi ki, bütün bu sualların cavabını Heydər Əliyev tapacaq. Zaman da bu etimadı, inamı təsdiqlədi.
Təbii ki, mən də bir azərbaycanlı gənc hüquqşünas kimi istəyirdim gəlib, qürur duyduğum insanın rəhbərliyi altında öz ölkəmin dövlətçiliyinin möhkəmlənməsində yaxından iştirak edim. Ona görə də 1993-cü ildə mən Rusiya Federasiyası Prokurorluğundan köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olundum və xidməti fəaliyyətimi burada davam etdirməyə başladım. 1990-93-cü illərdə ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, müstəqilliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiyanın tüğyan etməsi fonunda prokurorluqda da rəhbərliyin tez-tez dəyişməsi qurumun fəaliyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi.
90-cı illərin ortalarından Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər üzrə istintaq idarəsində müstəntiq kimi fəaliyyət göstərdiyim zaman ölkədəki hərc-mərcliyin, itaətsizliyin, daxili çəkişmələrin alətinə çevrilmiş, ayrı-ayrı qrupların nəzarətində olan cinayətkar dəstələrin qanunsuz əməlləri ilə bağlı apardığım cinayət işlərinin istintaqı zamanı bir daha müdrik dövlət xadiminin prokurorluğa olan diqqət və qayğısının, aktual cinayət işlərinin istintaqı ilə yaxından maraqlanmasının və dəstəyinin şahidi oldum.
– 2007-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin olunmusunuz. Elə bilirəm ki, bu təyinatdan sonra ola bilməzdi ki, siz Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı gündən bir ay sonra avqust plenumunda qəbul etdiyi respublikada korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri haqqında qərarı ilə maraqlanmayasınız. Zaman fərqi olsa da, dövlətçilik üçün təhlükəli olan bu bəla ilə Heydər Əliyevin o vaxt qarşıya qoyduğu vəzifələr müstəqillik illərində qarşıda duran vəzifələrdən çox fərqlənirmi?
– Bütün dövrlərdə və istənilən quruluşda korrupsiyanın mahiyyəti eynidir: dövlət institutlarının səmərəsiz fəaliyyəti, rüşvətxorluq, vətəndaşların hüquqlarının pozulması. Maraqlıdır ki, 60-cı illərin sonu, – 70-ci illərin əvvəllərində Sovet İttifaqı miqyasında korrupsiyaya qarşı mübarizə terminini gündəmə gətirən ilk dövlət adamı Heydər Əliyev olub. Ona qədər SSRİ-də kimsə bunu nəinki açıq bəyan etmirdi, heç dilə belə gətirmirdi. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən cəmi iki ay sonra – 1969-cu il avqustun 5-də keçirilmiş plenumda Azərbaycanda və Sovet İttifaqında korrupsiya var və iqtisadiyyatda, idarəetmədə belə neqativ halların aradan qaldırılması yollarına dair proqramını bəyan etmişdir. Həmin dövrdən də Azərbaycanda korrupsiyaya qarşı mübarizə başlamışdı.
Respublikamızda korrupsiyaya qarşı mübarizə gücləndikcə, korrupsiya üçün meydan daraldıqca, bu cinayətlərin qarşısı sürətlə alındıqca Azərbaycanda iqtisadi inkişaf başladı. Respublikaya sosial-iqtisadi tərəqqi gəldi, insanlar daha ədalətli cəmiyyətdə yaşamağa başladılar, qanunçuluq möhkəmləndi.
Burada bir incə məqamı qeyd edim ki, ulu öndər dünyada hələ sonralar sosial bəla hesab ediləcək korrupsiyanın onilliklər öncə fəsadlarını görmüşdür. Baxın, Heydər Əliyev korrupsiya ilə mübarizəyə 1969-cu ildə başlayır, amma BMT yalnız 2003-cü il oktyabrın 31-də Korrupsiyaya qarşı Konvensiya (UNCAC) qəbul edir. Buradan görürük ki, XXI əsrdə korrupsiya bəşəriyyətin qarşısında duran ən ağır problemlərdən biridir. Korrupsiya XIX əsrin müstəmləkə siyasəti, XX əsrin “soyuq müharibə” problemi ilə bərabər tutulur. Aydın görünür ki, Heydər Əliyev nə qədər uzaqgörən bir dövlət xadimi, fenomen şəxsiyyət olub.
Əslində korrupsiyaya qarşı mübarizənin mahiyyəti eyni olsa da, müxtəlif cəmiyyətlərdə, müxtəlif formasiyalarda onun metod və vasitələri dəyişir. Amma sovet dövründən, Heydər Əliyevin proqram xarakterli o zamankı qərarından sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə təcrübəsi formalaşmışdı və bu da müstəqillik dönəmində bizim hüquq-mühafizə orqanlarına korrupsiyaya qarşı mübarizə siyasətini kifayət qədər uğurlu aparmağa imkan yaratdı.
Qeyd etdiyiniz 1969-cu ilin avqust plenumunun sənədləri ilə tanış olan bir hüquqşünas kimi qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyevin çıxışında sovet təbliğat maşını tərəfindən formalaşdırılan yanlış təsəvvürün tamam əksi vurğulanmışdı və mövcud problemlər konkret şəkildə önə çəkilərək dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməzliyi diqqətə çatdırılmışdı.
1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da sovetlər dönəmində başlatdığı korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni eyni əzm və qətiyyətlə davam etdirilməsini fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Ulu öndər bunu Azərbaycan Respublikası Prokurorluq orqanlarının 80 illiyinə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi nitqində belə qeyd edir: “Bu gün bizim qarşımızda duran vəzifələrdən biri ölkəmizdə korrupsiya ilə, rüşvətxorluqla mübarizəni gücləndirmək və korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Bu mübarizə yeni bir mübarizə deyildir. Bu, keçmiş dövrlərdə də aparılmışdır”.
– Kamran müəllim, bu gün Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının milliləşdirilməsindən çox danışılır, amma araşdırmalar göstərir ki, respublikamıza rəhbərlik etdiyi 14 illik sovet dönəmində ulu öndər Azərbaycanın prokurorluq, ümumiyyətlə, hüquq-mühafizə orqanlarında işləyəcək milli kadrların hazırlanması və dövlətçilik üçün vacib olan bu orqanın milliləşdirilməsində də müstəsna rol oynayıb. Necə bilirsiniz, bu fikrimdə mən nə qədər haqlıyam?
– Əlbəttə, ulu öndərin milli təhlükəsizlik orqanlarının milliləşdirilməsi faktı ona görə tez-tez xatırlanır ki, o məhz həmin qurumda fəaliyyətə başlamış, uzun müddət bu qurumda səmərəli fəaliyyət göstərmiş və bu quruma rəhbərlik etmişdir. Ona görə bu, haqlı olaraq xüsusi vurğulanır. Amma sizin o fikrinizlə də razıyam ki, Heydər Əliyev yalnız milli təhlükəsizlik orqanları üçün deyil, Azərbaycanın bütün dövlət qurumları, iqtisadi-texniki, ictimai-siyasi sahələri, eləcə də hüquq-mühafizə orqanları və onun tərkib hissəsi olan prokurorluq orqanları üçün milli mütəxəssislərin hazırlanmasında və peşəkarların yetişməsində müstəsna rol oynamışdır. Məsələn, onun hakimiyyətə gəldiyi dövrə qədər olan 1950-60-cı illərə və hakimiyyətdə olduğu 1969-80-ci illərə nəzər salanda aydın görürük ki, prokurorluq orqanlarında milliləşmə necə böyük sürətlə getmişdir.
Ümumiyyətlə, bu böyük siyasət ustadının spesifik idarəçilik metodunun üstün cəhətlərindən biri məhz kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək biliyi ilə fərqlənən milli gənclərə üstünlük verilməsi olmuşdur. 1970-ci illərin əvvəllərindən etibarən Heydər Əliyevin peşəkar hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürməsi bunu bir daha təsdiqləyir. Məsələn, həmin illərdə azərbaycanlı gənclərin İttifaqın tanınmış və nüfuzlu ali məktəblərinin hüqüq fakültələrinə təhsil almağa göndərilməsi bunun bariz nümunəsidir.
Həmin illərdə xalqın alqışına layiq olan digər bir məsələ isə ulu öndərin təşəbbüsü ilə respublikadakı ali məktəblərin hüquq fakültəsinə qəbulla bağlı aparılan islahat nəticəsində sadə ailələrdən olan bilikli və istedadlı gənclərin hüquqşünas ixtisasına yiyələnməsinin önə çəkilməsidir. Məsələ bununla da bitməmiş və daha savadlı, hazırlıqlı hüquqşünas məzunlar hüquq-mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işə qəbul edilmiş və yüksək vəzifələrə irəli çəkilmişlər.
Sovet dönəmində milli prokurorluq orqanlarında işləməsəm də, Vətənə qayıtdıqdan sonra həmin dövrdə çalışmış həmkarlarımla söhbətlərdə böyük şəxsiyyətin tapşırığı ilə milli kadrların öncül təhsil müəssisələrinə göndərilməsindən, onların ixtisaslarının və peşəkarlıqlarının artırılmasından, Azərbaycanda hüquq elminin inkişafı naminə çoxsaylı elmi-praktik konfransların, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsinə böyük diqqət yetirdiyini çox eşitmişəm.
Sonralar ümummilli lider həmin hüquqşünasların müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına münasibətini bildirərək deyirdi: “1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”. Heydər Əliyev bu sözləri ilə əslində hələ o zamanlar hüquq sistemində prokurorluğun dövlətçilik üçün nə qədər böyük əhəmiyyətə malik olmasını və onun bu sahəyə xüsusi diqqət göstərdiyini nümayiş etdirir.
(ardı https://xalqqazeti.az/musahibe/130689-heyder-eliyev-qudretli-azerbaycanin-banisidir )
Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”