Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə hökm sürən xaos, siyasi böhran Ermənistanın qəsbkarlıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi respublikada sosial-iqtisadi böhranı daha da dərinləşdirmişdi. Belə bir şəraitdə iqtisadiyyat da idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, müəssisələr arasında mövcud əlaqələrin pozulması, ölkənin siyasi-iqtisadi və informasiya blokadasına alınması nəticəsində ötən əsrin 90-cı illərinin əvvəllərində ümumi daxili məhsulun, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması ilə işsizlik səviyyəsi artmış, əhalinin sosial şəraiti ağırlaşmışdı.
Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi belə bir ağır zamanda bütün həyatını xalqına həsr edən Heydər Əliyev hakimiyyətə qayıdışı ilə böyük xilaskar missiyasını yerinə yetirdi. Bununla da xalqımızın itirilmiş inamı özünə qaytarıldı, respublikanın yeni inkişaf dövrünün əsası qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəsə nail olundu.
Ümummilli liderimizin yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, iqtisadi həyatda da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini hərc-mərclikdən xilas edən dahi şəxsiyyət respublikanın iqtisadi yüksəlişi üçün kompleks tədbirlər həyata keçirməyə başladı. Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə bazar iqtisadiyyatının formalaşması üçün qanunvericilik bazası yaradıldı, mühüm dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklərə başlanılması üçün önəmli addımlar atıldı
O dövrdə ulu öndər tərəfindən müəyyənləşdirilən strategiyanın əsasını iqtisadiyyatın tərəqqisinə, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Ona görə də dahi rəhbər tərəfindən başlanan irimiqyaslı iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə vəziyyəti getdikcə sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb olundu, xalqın həyat səviyyəsi yaxşılaşdı.
Onu da qeyd edək ki, həmin vaxt respublikada islahatların reallaşdırılması üçün, ilk növbədə, qanunvericilik bazasının formalaşdırılmasına zəruri ehtiyac duyulurdu. Bu məqsədlə dahi şəxsiyyətin rəhbərliyi ilə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul olundu, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi. Ümumilikdə 1993-2003-cü illərdə 1715 qanun və qərardan 975-i ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olundu.
Ulu öndərin iqtisadiyyatın hərtərəfli inkişafı məqsədilə neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması dahi şəxsiyyətin yüksək siyasi iradəsinin və qətiyyətinin təntənəsinə çevrildi. Bu tarixi müqavilə ilə ölkəyə investisiya qoyuluşu təşviq edildi.
Azərbaycan həmin dövrdə neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalandı, ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Eyni zamanda, Azərbaycan qazının Qərb bazarına ixracının reallaşması məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin inşasına başlanıldı.
Heydər Əliyev 1999-cu ildə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarəsini gerçəkləşdirmək üçün Dövlət Neft Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Dövlət Neft Fondundan ilk vəsait isə qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi.
O zaman sosial-iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi oldu. TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizinin, İNOGEYT proqramının həyata keçirilməsi də vurğulanan məqsədlə bağlı idi. Bütün bu layihələr isə respublikamızın Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrilməsi ilə nəticələndi.
Dahi şəxsiyyətin müstəqil Azərbaycana rəhbərliyi dövründə ən böyük xidmətlərindən biri də 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi idi. Elə buna görə də mükəmməl torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi, 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanıldı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı.
Yeri gəlmişkən, Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla, sahibkarlıqla bağlı olduğunu daim diqqətə çatdırır, bu istiqamətdə önəmli addımlar atırdı. Dahi şəxsiyyətin rəhbərliyi ilə uğurla həyata keçirilən özəl bölmənin inkişafı strategiyası sahibkarlığın tərəqqisinə yönələn tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə nəzərə çarpırdı. Sözügedən yöndə imzalanan dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturların formalaşdırılmasına zəmin yaratdı. Sahibkarların vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınmasına, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi tətbiq edilməsinə müsbət təsir göstərdi.
Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də regionların tarazlı və davamlı inkişafının təmin edilməsi oldu. Bu baxımdan, 1995-2003-cü illərdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması ilə regionların hazırkı inkişafına əlverişli zəmin yaradıldı.
Heydər Əliyev strategiyasının həyata keçirilməsi sayəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanıb. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artıb. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində investisiya qoyulub.
V.BAYRAMOV, “Xalq qəzeti”